Məhkəmə qərarları › İş №e-2(064)-433/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-433/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-433/2025 01.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə ilk iddia üzrə İddiaçı MMC-nin ilk iddia üzrə Cavabdeh qarşı malların geri qaytarılması tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Embakitchen brendinə məxsus mətbəx mebeli sifarişinə dair podrat müqaviləsi üzrə məhsulun geri qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Embakitchen brendinə məxsus mətbəx mebeli sifariş verilmişdir. Belə ki, tərəflərindən xx.xx.2024-cü il tarixdə sifarişin icrası məqsədilə məhsul istehsalata verilmiş, xx.xx.2024-cü il tarixdə müştərinin müqavilədə qeyd etdiyi ünvana çatdırılmışdır. Quraşdırılma bitdikdən sonra məhsulun aksessuar və boya çatışmazlığı olmuş və cavabdeh məhsuldan narazı qalaraq ödədiyi məbləği geri tələb etmiş, ödənilmiş 2950 geri ödənilmişdir. Belə ki, Cavabdeh ödədiyi məbləği geri almasına baxmayaraq hələ də məhsulu geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mülki münasibətlərin faktiki xarakterindən də göründüyü kimi Cavabdeh Müqavilə üzrə təqdim olunan məhsulları bəyənməmiş, elə bu səbəbdən də İddiaçı ödənişi geri qaytararaq mebeli geri tələb etmişdir. Cavabdehin ödənişini geri almasına baxmayaraq qanunsuz və əsassız olaraq mebeli öz faktiki sahibliyində saxlamış, beləliklə də İddiaçını öz hüquqlarından məhrum etmişdir. Cavabdeh mebeli öz faktiki sahibliyində saxlayaraq heç bir hüquqi əsas olmadan varlanmışdır. Həmçinin qeyd edir ki, cavabdehə məxsus sosial şəbəkələrdə malların onun sərəncamında olmasını təsdiq edən videoyazılar mövcuddur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi verərək bildirirmişdir ki, cavabdehlə aralarında olan xx.xx.2024-cü il tarixli Podrat Müqaviləsinə əsasən Embakitchen brendinə məxsus mətbəx mebeli sifariş vermişdir. Aralarındada olan müqavilənin şərtlərinə əsasən xx.xx.2024-cü il tarixdə məhsul tam hazır şəkildə ona məxsus olan mənzilə quraşdırılmalı idi. Hətta cavabdeh sifarişi gecikdirdiyi üçün o, sifarişdən imtina etmək istədiyini, vaxtında quraşdıra bilmədikləri üçün ödədiyi pulu qaytarmalarını dəfələrlə tələb etmişdir. Lakin cavabehin əməkdaşları hər dəfə tezliklə sifarişi icra edəcəklərini bildirərək onu gözlədirdilər. Beləliklə cavabdeh müqavilənin şərtlərini pozaraq məhsulu xx.xx.2024-cü il tarixdə çoxsaylı mübahisələrdən sonra ona məxsus olan mənzildə gecə yarısı quraşdırmağa başlamışlar. O, məcbur olaraq körpə uşaqla birlikdə gecə yarısı soyuq evdə mebelin quraşdırılmasını gözləmişdir. Növbəti gün quraşdırma işləri yarımçıq şəkildə başa çatdırılmışdır. Dəfələrlə məhsulun quraşdırılması üçün cavabdehə müraciət etmək üçün getmiş, bir dəfə də 60 manat inzibati cərimə edilmişdir. Həmçinin cavabdehin sifarişi gecikdirməsi səbəbindən dəfələrlə gedib-gəlməyi əsəblərinə pis təsir etmişdir. Belə ki, başında xoşxassəli şiş var və həkim məsləhətinə əsasən ona əsəbləşmək olmaz. Quraşdırılma bitdikdən sonra məhsulun aksessuar və boya çatışmazlığı olmuşdur. Hətta quraşdırılma zamanı mənə məxsus mənzilin divar kağızının iki yerindən zədə yetirilmişdir. Bu səbəbdən də o, məhsulu geri qaytarmaq istəyərək pulunu geri tələb etmişdir. Sifarişin icrası zamanı olduğu kimi, ödəmiş olduğu məbləğin də geri qaytarılması zamanı cavabdeh süründürməçilik edərək ona 2950 manat məbləğində pulu xx.xx.2024-cü il tarixdə qaytarmışdır. Pulun qaytarılması günü cavabdehin hərəkətlərindən halı pisləşdiyi üçün təcili tibbi yardım maşını çağırmaq məcburiyyətində qalmışdır. O, cavabdehdən dəfələrlə tələb etsə də, onlar yarımçıq şəkildə quraşdırılmış mebeli söküb aparmamışlar. Lakin bu gün cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin faydadan məhrum olmuşdur. Bundan başqa cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək sifarişi vaxtında icra etmədiyi üçün öz evinə köçə bilməmiş və əlavə olaraq 2 ay kirayədə qalaraq, hər ay 700 (yeddi yüz) manat olmaqla cəmi 1400 (bir min dörd yüz) manat məbləğində kirayə haqqı ödəmək məcburiyyətində qalmışdır. Bununla yanaşı cavabdehə məxsus mebellər qaytarılan ərəfədə ona kifayət qədər vaxt lazımdır ki, evini yeni mebellərlə təhciz etsin, bununla da o, və azyaşlı uşağı şəraitsiz evdə yaşamaq məcburiyyətində qalacaqdır. Bu da ona maddi ziyanla yanaşı, mənəvi zərər də vurmuş olur. Həmçinin həmin ərəfədə nənəsi vəfat etmiş, Nənəsi onun üçün ana əvəzi olmuşdur. Nənəsinin yası üçün cümə axşamlarını öz evində təşkil edə bilməmişdir. Belə ki, cavabdeh sifarişi vaxtında icra etməmiş və o, evinə vaxtında köçə bilməmişdir. Bununla da ona, həm də mənəvi ziyan dəymişdir. Odur ki, qarşılıqlı iddianın icraata qəbul edilərək ilk iddia ilə birlikdə baxılmasını, ilk İddiaçı MMC-nin ona qarşı malların geri qaytarılınası iddiasının qismən, yəni mebelin qaytarılması hissəsinin təmin, dövlət rüsumu ödənilməsi hissəsində rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 4410 manat məbləğində maddi ziyanın və ödənilmiş 64 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCnin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasına ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ilk və qarşılıqlı iddia ərizələrini nəzərdən keçirərək, İddiaçı MMC-nin nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli podrat müqaviləsinin surətindən görünür ki, Embakitchen brendinə məxsus mətbəx mebeli sifariş verilmiş, məhsulun çatdırılması və quraşdırılması 1 ay ərzində həyata keçirilir, mebel məhsulu Bakı şəhəri, Binəqədi residens, Respublika qayısının yanı ünvanına çatdırılıb orada quraşdırılır. Məhkəmə hazırki iddia tələbləri ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 424.2-ci maddəsi görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-ci maddəsi görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 752.1-ci maddəsi görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsi görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. 759.2-ci maddəsi görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsi görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsi görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsi görə podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1-ci maddəsi görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Məhkəmə mülki iş üzrə bütün diqqətəlayiq halları araşdıraraq müəyyən edir ki, xx.xx.2024-cü il tarixli podrat müqaviləsinə əsasən Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Embakitchen brendinə məxsus mətbəx mebeli sifariş verilmiş, xx.xx.2024-cü il tarixdə sifarişin icrası məqsədilə məhsul istehsalata verilmiş, həmin mebel xx.xx.2024-cü il tarixdə müştərinin müqavilədə qeyd etdiyi ünvana çatdırılmış və quraşdırılmışdır. Məhsulda aksessuar və boya qüsurlarının olması səbəbindən ilkin iddia üzrə cavabdeh məhsula görə ödədiyi 2950 manat məbləği geri tələb etmiş, xx.xx.2024-cü il tarixli podrat müqaviləsi üzrə ödənilmiş 2950 manat məbləğində pul xx.xx.2024-cü il tarixli ödənilmiş məbləğin müştəriyə geri qaytarılmasına dair sənədə əsasən İddiaçı MMC tərəfindən geri qaytarılmışdır. Lakin Cavabdeh ödənilmiş məbləğin geri almasına baxmayaraq qanunsuz və əsassız olaraq mebeli öz faktiki sahibliyində saxlamışdır. Göstərilən halları ilkin iddia üzrə cavabdeh də öz etiraz ərizəsində etiraf etmişdir. Mülki Prosessul Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, Embakitchen brendinə məxsus mətbəx mebeli üzrə ödənişin geri qaytarılması iddiaçı ilə cavabdeh arasında olan müqavilənin ləğv edilməsi kimi qəbul edilməli, sözügedən məhsul üzrə cavabdehin heç bir subyektiv hüququ olmadığından ondan istifadə, sərəncam, sahiblik hüquqlarından istifadə etməsi qanunsuzdur. Bu səbəbdən İddiaçı MMC haqlı olaraq malların geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən ilk iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə Cavabdeh tərəfindən verilmiş “maddi ziyan” tələbinə dair qarşılıqlı iddiaya hüquqi qiymət verərək bildirir ki, qarşılıqlı iddia ərizəsində göstərilən hallar üzrə onun tərəfindən həmin halları təsdiq edən sənədlər, ona dəymiş maddi zərərlə bağlı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilk iddia üzrə Cavabdeh tərəfindən Məhkəməyə iddia etdiklərini təsdiq edən heç bir sübut təqdim edilmədiyində qarşılıqlı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, Məhkəmə ilk iddia üzrə İddiaçı MMC tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin də Cavabdeh tutulmasını əsaslı hesab edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 65 manat dövlət rüsumu qarşılıqlı iddia təmin edilmədiyindən Cavabdeh aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İlk iddia təmin edilsin. xx.xx.2024-cü il tarixdə Embakitchen brendinə məxsus mətbəx mebeli sifarişinə dair podrat müqaviləsi üzrə məhsul Cavabdeh alınaraq İddiaçı MMC-nə geri qaytarılsın və Cavabdeh İddiaçı MMC-nin xeyrinə 100 manat dövlət rüsumunun əvəzi tutulsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 65 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar