Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-752/2024 30.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə 670 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 700 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 29 aprel 2022-ci il tarixdə cavabdehin idarə etdiyi “Saipa Saina” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Moon” markalı moped nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, araşdırma zamanı həmin hadisənin cavabdehin təqsirindən baş verdiyi, sonuncunun hadisə yerindən yayındığı, həmin moped və onun sürücüsü olmuş X1 məxsus qol saatının zədələnməsi nəticəsində sonuncuya 750 manat məbləğində maddi zərər vurulduğu müəyyən edilmiş, cavabdeh tərəfindən həmin ziyanın 80 manat hissəsi ödənilsə də, 670 manat hissəsi ödənilməmişdir. Cavabdeh inzibati tənbeh vermə haqqında 31 may 2022-ci il tarixli, TP ******* nömrəli qərarla Azərbaycan Respublikası CM-in 327.6cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Bu səbəbdən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki,: - sığortalı cavabdehin idarə etdiyi “Saipa Saina” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı iddiaçı tərəfindən 15 fevral 2022-ci il tarixdən 15 fevral 2023-cü il tarixədək icbari sığorta növündə sığortalanmışdır (107044 nömrəli sığorta aktına əsasən). - Cavabdeh 29 aprel 2022-ci il tarixdə saat 13:00-da Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi ərazisində idarə etdiyi “Saipa Saina” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun hərəkət hissəsinin sağ tərəfindən sol istiqamətə doğru manevr etmə nəticəsində həmin avtomobilin “Moon” markalı moped nəqliyyat vasitəsilə toqquşması və hadisə yerindən yayınmasına görə Azərbaycan Respublikası İXM-in 327.6cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir (31 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən). - Göstərilən inzibati xəta nəticəsində “Moon” markalı moped nəqliyyat vasitəsinin təmir edilməsinə görə çəkilən xərc cəmi 500 manat təşkil etmişdir (Dəymiş zərərin qiymətləndirilməsi barədə 05 avqust 2022-ci il tarixli hesabata əsasən). - sığortaçı iddiaçı göstərilən inzibati xəta nəticəsində vurulmuş maddi zərərin aradan qaldırılması üçün Moon” markalı moped nəqliyyat vasitəsinin sahibi X1 23 iyun 2022-ci il tarixdə 500 manat və 01 avqust 2022-ci il tarixdə 250 manat olmaqla, cəmi 750 manat məbləğində pul ödəmişdir (23 iyun 2022-ci il tarixli, PRP**********406 və 01 avqust 2022-ci il tarixli PRP**********792 nömrəli ödəniş tapşırıqlarına əsasən). Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh tərtib edilmiş 31 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati məsuliyyətə cəlb olunduğu inzibati xəta hadisəsini törətdikdən sonra yol nəqliyyat hadisəsi yerindən yayındığına və bu halı həmin inzibati xəta hadisəsi ilə bağlı aparılmış araşdırma zamanı verdiyi izahatında etiraf etdiyinə görə iddiaçının həmin hadisəyə görə zərər dəymiş X2 ödədiyi 670 manat məbləğində pulu cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 77.1, 216-220, 222, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 670 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 700 manat məbləğində pul tutulub İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(064)-752/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-752/2024
30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver