Məhkəmə qərarları › İş №e-2(066)-1610/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1610/2025

22.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1610/2025 22.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-2383/2020 nömrəli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ondan sabit pul məbləğində 160 (yüz altmış) manat alimentin tutulması qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(066)- 59/2025 nömrəli qərardadı ilə xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2383/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan X2 xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.64 (sıfır tam yüzdə altmış dörd) misli həddində indeksasiya edilməsi barədə qərar qəbul etmişdir. Hazırki halda iddiaçı təyin olunan məbləğinin onun maddi vəziyyətinə uyğun olmadığını iddia edir.

Məhkəmədə icraat: 2.İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2383/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 xeyrinə ondan tutulan 160 (yüz altmış) manat alimentin məbləğinin azaldılaraq 100 (yüz) manata endirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı “Alimentin azaldılması barədə” iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət etməmişdən əvvəl mediasiya sessiyasında iştirak etmiş və 60 (altmış) manat mediasiya xərcini ödəmişdir. İddia tələbi ilə əlaqədar olaraq onu qeyd etmək istəyir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-2383/2020 nömrəli qətnaməsinə əsasən uşağı xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ondan sabit pul məbləğində 160 (yüz altmış) manat alimentin tutulması qət edilmişdir. Cavabdeh ondan tutulan alimentin indeksasiya olunması barədə Göygöl rayon Məhkəməsinə müraciət etmiş, Göygöl Rayon Məhkəməsinin (sədrlik edən Rəşad Mustafayev) 28 aprel 2025-ci il tarixli, 8(066)-59/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2383/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan X2 xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.64 (sıfır tam yüzdə altmış dörd) misli həddində indeksasiya edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir ki, cavadehdən ayrıldıqdan sonra yəni, 30 aprel 2021-ci il tarixdə X4 ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Bu nikahlarından xx.xx.2021-ci il tarixdə (əkiz) Yaqub və Yaşar, 08:08.2023-cü il tarixdə isə Azər adlı uşaqları anadan olmuşdur. Uşaqları arasında heç bir ayrı seçkilik qoymur və hər biri də onun üçün əzizdir. Lakin, minimum əmək haqqının 0.64 (sıfır tam yüzdə altmış dörd misli həddində (400x0.64=256 manat)) alimentin ondan tutulub Cavabdeh verilməsi digər uşaqları xx.xx.2021-ci il təvəllüdlü (əkiz) Yaqub və Yaşar, xx.xx.2023-cü il təvəllüdlü Azər adlı uşaqlarının hüquqlarını pozur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir və Cavabdeh X1 üçün hər ay sabit məbləğdə 100 (yüz) manat aliment təklif edir. 4.İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək bildirmişdir ki, Göygöl Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(066)-59/2025 nömrəli qərardadı ilə ondan X2 xeyrinə tutulan minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində alimentin azaldılaraq minimum əmək haqqının 0.25 mislinə endirilməklə müəyyən edilməsi barədə qətnamə qəbul edəsiniz. 5.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərir ki, tələbləri alimentin azaldılmasıdır. Cavabdeh Zöhrə xanımdan ayrılandan sonra ailə həyatı qurmuşdur. Hazırda onun 4 övladı var. Biri birinci evliliyindən, üçü isə ikinci evliliyindən. Əmək haqqının 0,64 faiz mislinin alınıb cavabdehə ödənilməsi digər uşaqların mənafeylərinə ziddir. Hüquqları pozulur. Hər bir uşağa bərabər yanaşılmalıdı. Cavabdeh yaxın zamanlara qədər işsiz olub. İndi "xxxx"da sürücü işləyir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirmişdir ki, onun uşağının haqqına girilir. İddiaçının yoldaşı da işləyir, özü də. Böyük uşaqdır, 3-cü sinifdə oxuyur. İndi hal-hazırda 160 manat ödəyir. Aliment indeksasiya olunub, indi 256 manatdır, amma 160 manat ödəyir. Axrıncı apellyasiya məhkəməsində də qərar qüvvədə qalıb. Onun uşağında müharibə dönəmində raket atılanda nitq qüsuru əmələ gəlib. Loqopedə aparanda hər dəfə 50 manat, 100 manat pul ödəyir. Özü də heç bir yerdə işləmir. Uşaqlar arasında ayrı seçkilik deyirlər. O 3 övladının yanındadır. Amma o uşağını tək böyüdür. Ondakı uşağı haqqında heç bir məlumatı yoxdur. Sosial mediadan da görür ki, 3 övladını gəzməyə də aparır. Amma onun övladını axrıncı dəfə nə vaxt görüb heç özü də bilmir. Öz övladlarına sünnət elətdirib. Amma o, uşağına sadə şəkildə dövlət hesabına sünnət elətdirib. Cavabdeh ona hədə-qorxu gəlir ki, aliment istəməsin. Ödənilən pulla övladını saxlaya bilmir. İddianı heç bir halda qəbul etmir. Uşağının 8 yaşı var. Səhhəti ilə bağlı işləyə bilmir. Alimentin 160 manatını ödəyir. Artımdan heçnə ödəmir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

7. Azərbaycan Respublikası Konstitutusiyasının: 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

8.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

9. «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu: Yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

10.“Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

11.“Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının: 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə:

12. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

13. İşin faktiki halıdır ki, İddiaçı və Cavabdeh birgə nikahında xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuş, tərəflər birgə nikahı davam etdirməmişlər, azyaşlı anasının himayəsindədir. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-2383/2020 nömrəli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ondan sabit pul məbləğində 160 (yüz altmış) manat alimentin tutulması qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(066)-59/2025 nömrəli qərardadı ilə xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2383/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan X2 xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.64 (sıfır tam yüzdə altmış dörd) misli həddində indeksasiya edilməsi barədə qərar qəbul etmişdir.

14. Hazırki halda aliment ödəyən tərəf İddiaçı aliment məbləğinin onun maddi və ailə vəziyyətinə uyğun olmadığını iddia etmişdir.

15. İş materiallarına əlavə edilmiş AZ İV № 383589 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında olan nikah xx.xx.2021-ci il tarixdə Göygöl rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir.

16. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur.

17. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur.

18. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur.

19. Mygov platformadan iş yeri haqqında arayışın məzmunundan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində avtobus sürücüsü işləyir və 400 manat məbləğində əmək haqqı alır.

20. Məhkəmə qeyd edir ki, indeksasiya edilmiş aliment məbləği-minimum əmək haqqı məbləğinin 0.64 misli həddi olmaqla hazırki halda istər cavabdehin əmlak-gəlir məlumatlarına, istərsə ailə tərkibinə münasibətdə adekvat hesab edilmir.

21. Belə ki, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

22. Ailə Məcəlləsinin 75,78-ci maddələrinin tələblərinə əsasən uşaqları saxlamaq valideynlərin borcu kimi təsbit edilmişdir. Hazırki halda uşaq üçün minimum yaşayış standartları nəzərə alınaraq onun təmini valideynlərin birgə məsuliyyəti altındadır.

23. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

25. Məhkəmə qeyd edilən halları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının əmək haqqı və gəlir məbləği, onun öhdəliyində aliment ödənilən uşaqlardan başqa üç azyaşlı uşaqlarının olması, indeksasiya edilmiş aliment məbləğinin miqdarını və diqqətə layiq digər hallar nəzərə alınaraq tutulan alimentin məbləğinin azaldılmasını məqsədə müvafiqdir.

26. Odur ki, xx.xx.2017-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,45 misli həddində sabit pul məbləğində aliment alınaraq Cavabdeh ödənilməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 8(066)-59/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş ölkə üzrə minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində təyin edilmiş alimentin məbləği azaldılsın. xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 (sıfır tam yüzdə qırx beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar