Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1592/2023 24.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə 03 sentyabr 2019-cu il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində bağlanmış 423 nömrəli nikah qeydinin pozulmasını, cavabdehlə birgə nikahdan doğulmuş 22 iyul 2020-ci il təvəllüdlü X2 onun yanında saxlanılmasını və yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində xidmət haqqının, ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumunun və hüquqi yardım haqqında müqaviləyə əsasən ödədiyi 500(beş yüz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 03 sentyabr 2019-cu il tarixində birgə nikahlarını qeyd edərək ailə qurmuşlar. Birgə nikahdan 22 iyul 2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Ailə qurduqları ilk vaxtlardan Cavabdeh ilə münasibətləri yaxşı olmamış, zaman keçdikcə daha da pisləşmişdir. Belə ki, Cavabdeh və ailə üzvləri, yəni qaynı, qayınanası, qayınatası, hətta qaynının yoldaşı hər xırda problemi böyüdərək ona şiddət göstərirlər. Cavabdeh onu və uşağı ailəsi kimi görmür, onlarla maraqlanmır, ehtiyaclarını qarşılamır. Cavabdeh ara verməyən şiddəti və məsuliyyətsizliyi səbəbi ilə dəfələrlə ayrılmaq istəsə də, uşağına görə bütün bu olanlara dözmüşdür. Lakin artıq Cavabdeh və ailə üzvlərinin etdikləri dözülməz hal aldığından aralarındakı nikahın pozulması qərarına gəlmişdir. Bundan sonra Cavabdeh ilə birlikdə yaşaya bilməz, buna görə də Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması qərarına gəlmişdir. Fikri qətidir. İlkin olaraq məhkəmədən kənar qaydada məsələnin həll olunması üçün mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlsə də, onunla razılığa gəlmədiyi üçün ona 30 mart 2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, üzrlü səbəbdən məhkəmə baxışı iclasında iştirak edə bilmədiyindən, məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. O, boşanmaq istəmir. Uşağının da onunla yaşamasını istəyir. İş üzrə Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında Arayışın surətindən müəyyən olunur ki, tərəflər arasında nikah xx.xx.2019-cu ildə bağlanmışdır. Nikahdan sonra qadın Tağıyeva soyadını qəbul etmişdir. İş materiallarından müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 22 iyul 2020-ci il tarixdə X4 anadan olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2019-cu il ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2020-ci il tarixdə X5 anadan olmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, tərəflər arasında barışıq əldə olunmadığından iddia nikahın pozulmasına dair hissədə təmin olunmalı, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2.-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2.-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4.-cü maddəsinə uyğun olaraq, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər halları nəzərə almalıdır. Məhkəmə uşağın azyaşlı olmasını, Qəyyumluq və Himayəçilik orqanı Komissiyasının rəyini, uşağın inkişaf və tərbiyəsi üçün şərait yaradılmasını və diqqətəlayiq olan digər halları nəzərə alıb hesab edir ki, uşaq yetkinlik yaşına çatana qədər iddiaçının himayəsində (yanında) qalmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 2-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 3-cü bəndinə əsasən İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından cavab versinlər. BMT-nin «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktının 10cu maddəsinin 3-cü bəndinə əsasən bütün uşaqlara və yeniyetmələrə münasibətdə, ailə mənşəyinə və digər əlamətlərə görə heç bir ayrı-seçkilik salmadan xüsusi himayə və kömək tədbirləri görülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə aliment tələbi ilə bağlı hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Ona görə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 180 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşaqları saxlamaq hər iki valideyinin borcu olduğundan, yaşayış minimumu ilə müəyyən edilmiş 220 manat məbləğinin 180 manat hissəsi ata tərəfindən ödənildiyindən, qalan hissə də, yəni 40 manat da ana tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah pozulmalı, uşaq yetkinlik yaşına çatana qədər iddiaçının himayəsində (yanında) qalmalı və xx.xx.2023-cü il tarixdən etibarən uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh ilə Tağıyeva (Qurbanova) Nazpəri Həmdulla qızı arasında xx.xx.2019-cu ildə bağlanmış nikah qeydi pozulsun. 22 iyul 2020-ci il təvəllüdlü X4 - anası Tağıyeva (Qurbanova) Nazpəri Həmdulla qızının yanında (himayəsində) qalsın. 22 iyul 2020-ci il təvəllüdlü X2- yetkinlik yaşına çatana kimi saxlanılması üçün 26 aprel 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq Tağıyeva (Qurbanova) Nazpəri Həmdulla qızına verilsin. İlkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində xidmət haqqının yarısı, yəni 25 manat və ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumunun yarısı-25 manat Cavabdeh alınaraq Tağıyeva (Qurbanova) Nazpəri Həmdulla qızına verilsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-1592/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1592/2023
24.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver