Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1821/2025 13.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X3 ağır dərəcəli bədən xəsarətinə görə ödənilmiş 1500 AZN (min beş yüz manat) və iddianın qaldırılması üçün ödənilmiş 35 AZN (otuz beş manat) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21061” markalı, ** KS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolnəqliyyat hadisəsi törətmiş və nəticədə piyada X5 ağır dərəcəli bədən xəsarəti almışdır. İş materiallarına əlavə edilmiş İcbari sığorta bürosundan çıxarışdan və 100972 nömrəli sığorta aktından göründüyü kimi hadisə zamanı “VAZ 21061” markalı, ** KS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər müddətə İddiaçı SŞ-da “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Xaçmaz Rayon Məhkəməsinin 1(067)-71/2021 saylı hökmünün surətindən aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsini törədərkən sərxoş vəziyyətdə olmuş və zərərçəkənin ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Bu məhkəmənin hökmü ilə təsdiq olunur. Beləliklə, Cavabdeh Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı "xxxx" ASC baş vermiş yol-nəqliyyat hadisəsini sığorta hadisəsi kimi tanımış və icbari sığorta qanunlarına habelə icbari sığorta müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmişdir. Belə ki, İcbari Sığorta Haqqında AR qanununun 14-cü maddəsinin tələblərinə əsasən, zərərçəkən X3 ağır dərəcəli bədən xəsarətinə görə 1500 AZN (min beş yüz manat) sığorta ödənişi 4609 saylı ödəniş tapşırığı ilə zərərçəkənə məxsus bank hesabına köçürülmüşdür. Sığorta hadisəsi zamanı Cavabdeh sərxoş olaraq nəqliyyat vasitəsini idarə etmişdir və buna görə də ona qarşı subroqasiya hüquqları yaranmışdır. Ümumilikdə 1500 AZN (beş beş yüz manat) pul Cavabdeh İddiaçıSığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İş üzrə iddiaçı tərəf məhkəməyə ərizə gödərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, iddianı qəbul etmir. İddiaçı tərəf ziyan məbləğini ödəməməli idi. O, 2000 manat pulu iddiaçı tərəfə ödəmişdir. İddianın təmin edilməməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, avtoqəza törədən zaman sərxoş vəziyyətdə olmuşdur. Hadisədən bir neçə ay müddət keçdikdən sonra İddiaçı Sığorta Şirkəti tərəfindən ona zəng edilərək zərərçəkmiş şəxsə ödədikləri 1500 manat ziyan məbləğini ondan tələb ediblər. Həmin vaxt onlara zərərçəkmiş şəxsə ziyanı ödədikləri zaman onunla niyə görə əlaqə saxlamadıqlarını soruşmuşdur. Həmin məbləği qaytarmağa imkanı yoxdur. Zərərçəkənə 2000 manat ziyanı ödəmişdir. Sığorta Şirkətinin zərərçəkənə ziyan məbləğini ödəməsindən onun xəbəri olmayıb. Aylıq gəliri 400 manatdır, hər ay aliment ödənişləri də edir, maddi imkanı aşağıdır. 2021-ci ildə azadlıqdan məhrum edilmişdir. Prezident tərəfindən qələbənin 1-ci il dönümü ilə əlaqədar amnistiya barədə fərmanı imzalanmış və fərmana əsasən məhkum olunduqdan 26 gün sonra azad edilmişdir. Məhkəmənin qərarı ilə zərərçəkmişə 2000 manat ziyanı Xaçmaz rayon İcra və probasiya Şöbəsinə ödəmişdir. Zərərçəkmişə nə qədər ziyan dəyməsini bilmir, hadisə zamanı özü də xəsarət almış, xəstəxanada olmuşdur. 2000 manat pulu zərərçəkmiş şəxsə hissə-hissə olmaqla 1 il ərzində ödəmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(067)-71 nömrəli hökmün surətindən görünür ki, Cavabdeh AR CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mülki iddia qismən - təqsirləndirilən şəxs Cavabdeh 2000 manat məbləğdə pul tutularaq zərəçəkmiş şəxs X4 ödənilməsi hissəsində təmin edilmişdir. -“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21061” markalı, ** KS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə piyada X5 ağır dərəcəli bədən xəsarəti almışdır. -100972 nömrəli sığorta aktından müəyyən olunur ki, X1 vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 manat təşkil edir -xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, geriyə tələb (subroqasiya) hüququna əsasən cavabdehdən sığorta ödənişi məbləğində pul vəsaiti tələb edilmişdir. -xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1500 manat məbləğində pul X4 ödənilmişdir. -Ödəniş cədvəlindən müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC məhkəmədə iddia ərizəsinə baxılması üçün 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. -Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(067)-71 nömrəli icra sənədinin icraatına icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə xitam verilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21061” markalı, ** KS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə piyada X5 ağır dərəcəli bədən xəsarəti almışdır. Qeyd olunan X1 vurulan zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı geriyə tələb (reqres) hüququna əsasən ödənilən məbləği cavabdehdən tələb edir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanunun: 19.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. 19.5-ci maddəsinə əsasən mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalının və ya sığorta olunanın zərərçəkənə ödəmiş olduğu məbləğ bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişi məbləğindən az olduqda, sığorta ödənişinin müvafiq fərqə bərabər olan hissəsi zərərçəkənə verilir. 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Təlimatın: 9-cu bəndinə əsasən yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitəsi sahibinin yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi sayılır. 62-ci bəndinə əsasən üçüncü şəxs vurulan zərər məbləğini nəqliyyat vasitəsinin sahibindən, yaxud onun sığortaçısından tələb edə bilər. Onlardan biri zərər məbləğini tam ödədikdə üçüncü şəxsin iddiası təmin olunmuş sayılır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21061” markalı, ** KS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X5 ağır dərəcəli bədən xəsarəti almışdır. xx.xx.2021-ci il tarixli Xaçmaz Rayon Məhkəməsinin 1(067)-71/2021 saylı hökmünün surətindən aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsini törədərkən sərxoş vəziyyətdə olmuş və zərərçəkənin ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Beləliklə, Cavabdeh Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş həmçinin, mülki iddia qismən təmin edilərək təqsirləndirilən şəxsdən 2000 manat məbləğdə pul tutulmuşdur. Məhkəmə ilk olaraq qeyd edir ki, “İcbari sığorta haqqında” qanunun mahiyyətindən müəyyən olunur ki, üçüncü şəxsin sağlamlığına dəymiş ziyan sığortalı, sığorta olunan və ya sığortaçı tərəfindən ödənilə bilər, sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir, əgər sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi müəyyən edilərsə, bu halda sığortalı və ya sığorta olunana hesablanan sığorta ödənişini verilmir. Hazırki mülki işin materiallarından müəyyən olunur ki, baş vermiş sığorta hadisəsi ilə bağlı zərərçəkən şəxs kimi tanınmış X1 dəymiş zərər Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(067)-71/2021 saylı hökmü ilə 2000 manat məbləğdə qiymətləndirilmiş, həmin hökm xx.xx.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-588 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə İddiaçı SŞ tərəfindən zərərçəkən şəxsə 1500 manat məbləğdə sığorta ödənişi edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı SŞ sığorta ödənişini həyata keçirmədən əvvəl cavabdeh (təqsirləndirilən şəxs) barədə çıxarılmış məhkəmə hökmü ilə tanış olmalı, zərərçəkənin sağlamlığına dəymiş zərərin məbləğinin artıq məhkəmə tərəfindən müəyyən edildiyini və həmin ödənişi etmək öhdəliyinin cavabdehin üzərinə qoyulduğunu nəzərə almalı idi. Həmçinin cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(067)- 71/2021 saylı icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” qərar verilmişdir (cavabdeh icra sənədi üzrə 2000 manat məbləğdə ziyanı zərərçəkənə ödədiyi üçün). Belə olan halda məhkəmə qeyd edir ki, hər hansı şəxsdən bir sığorta hadisəsinə görə üçüncü şəxsin sağlamlığına dəymiş zərərlə əlaqədar iki dəfə ödənişinin tutulması qanuni və ədalətli deyildir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi əsassızdır, təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №e-2(067)-1821/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1821/2025
13.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver