Məhkəmə qərarları › İş №e-2(067)-2216/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2216/2023

18.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2216/2023 18.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq xx.xx.2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 3000 manat alimentin tutularaq iddiaçınınn xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Nikahları Xaçmaz rayon Qusarçay İnzibati Ərazi dairəsində 11 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçının cavabdehlə birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Nikahın pozulması barədə iddia ərizəsi Xaçmaz rayon məhkəməsinin icraatındadır. Cavabdeh kifayət qədər gəlirə sahibdir. Belə ki, Cavabdeh Dövlət Vergi Xidmətindən fiziki şəxs (VÖEN **********) kimi qeydiyyatdan keçmişdir. Cavabdeh adına Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş VÖEN üzrə (vöen**********) illik dövriyyəsinin hansı məbləğdə olması barədə məlumat almaq üçün sorğu göndərilmişdir. Lakin cavab əldə olunmamışdır. Birgə nikahlarından anadan olmuş uşaq isə hal-hazırda onun himayəsindədir. Cavabdeh uşağın qayğıları ilə maraqlanmır, ona ata qayğısı, nəvazişi göstərmir. Uşağın bütün öhdəlikləri onun üzərində qalır, bütün ehtiyaclarını o, qarşılayır, o cümlədən, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir. Lakin buna baxmayaraq, Cavabdeh yetkinlik yaşına çatmayan uşağa layiqincə nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirmir. Uşaq hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehiyacı vardır. Bu səbəbdən də, iddiaçı cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də xx.xx.2014-cü ildə anadan olmuş oğlu X3 yetkinlik yaşına çatanadək onun saxlanması üçün hər ay Cavabdeh hər ay sabit pul məbləğində 1000 manat alimentin tutularaq onun xeyrinə ödənilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. O, 200 və ya 220 manat aliment ödəyə bilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasına gəlməməsininn səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, tərəflər 13 aprel 2013-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. İş materiallarından müəyyən olunur ki, tərəflərin nikahından xx.xx.2014-cü il təvəllüdlü X5 anadan olmuşlar. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 10 iyul 2023-cü ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, mənafeyini, qida və digər zəruri xərclərə tələbatlarını, eləcə də diqqətəlayiq maraqlarını, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iddiaçının himayəsində olan azyaşlı uşağın mənafeyini və uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10 iyul 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 220 manat sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar