Məhkəmə qərarları › İş №e-2(067)-2742/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2742/2023

01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2742/2023 01.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 3 övladının saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi qaydada 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və bu barədə X8 verilmişdir. Birgə nikahdan xx.xx.2013-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 anadan olmuşdur. Xaçmaz rayon məhkəməsinin 2(067)-873/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və uşaqlar onun himayəsinə verilmişdir. Bir müddət atası Cavabdeh uşaqları ilə maraqlandığı və ehtiyaclarını ödədiyi üçün aliment iddiası ilə məhkəməyə müraciət etməyə ehtiyac görməmişdir. Lakin hazırda atası uşaqlarının gündəlik zəruri ehtiyaclarının ödənilməsi üçün heç bir addım atmır. Uşaqlar orta məktəbdə təhsil alır, ona görədə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Başqa sözlə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Bildirmək istəyir ki, hazırda cavabdehdən aliment alınaraq mənə verilməsi zərurəti yaranmışdır. Məhkəmə iş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə hazırlıq iclasına gələrək müvəkkilinin iddia tələbini müdafiə edərək tərəflərin 2012-ci ildə birgə nikaha daxil olduqlarını, onların birgə nikhlarından 3 övladları olduğunu, həmçinin Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin aralarındakı nikahın pozulub və uşaqların iddiaçıya verilməsini bildirmiş və cavabdehdən iddiaçının xeyrinə hər uşaq üçün ayda 220 manat alimentin tutulmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə hazırlıq iclasına gələrək iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, bir yerdə yaşamırlar. 4,10 və 11 yaşlı 3 övladı var və 2 aydır ayrı yaşayırlar. O, aliment verməyəcəyini demir və uşaqlar üçün lazım olan hər şeyi özü alır. İddiaçı uşaqları saxlaya bilmirsə versin o, saxlasın. Məhkəmə iclasında iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahat vermiş və bildirmişdir ki, oğlu ilə iddiaçı boşanıblar və oğlu iddiaçını döyməyib, söyməyib. O, oğlundan acıq çıxır. Oğlu rəsmi olaraq heç yerdə işləmir, sürücü kimi işləyir. Aldığı pulunu da yığıb övladlarına xərcləyir. Uşaqları oğlunu çağırır, o, da gedib onlar üçün ərzaq, geyim əşyaları alır. Oğlu aylıq uşaqlarına nə qədər pul xərcləyir bilmir. Hər dəfə uşaqları çağıranda gedir. Uşaqlarına nə qədər aliment ödəyə bilər bilmir. Qış aylarına iş zəif olur. Nəyə gücü çatsa ödəyəcək. O, özü də qoymaz ki, uşaqlar ac qalsınlar. Aliment heç olmasa 220 manatdan aşağı olsun. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-873/2021 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah qeydinin pozulması və tərəflərin birgə nikahlarından olan xx.xx.2013-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan AZ-İİİ №050934 saylı X4 təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-ci il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarında olan AZ-İİİ №451336 saylı X4 təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan AZ-İV №314201 saylı X4 təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X7 anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2023-cü ildə 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2023-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, xx.xx.2013-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşaqların qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 420 manat müəyyən olunduğundan, iddianın qiyməti 420 manat x 12 aya=5040 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 70.40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.2013-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 70.40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 70.40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamənin alimentə aid hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar