Məhkəmə qərarları › İş №e-2(067)-3069/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-3069/2024

02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-3069/2024 02.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən övladları xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 705 manat sabit məbləğində alimentin tutulmasına və əlavə olaraq xx.xx.2022-ci il təvəllüdlü X6 uşağın üç yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat məbləğində əlavə xərclərə cəlb edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan üç övladı xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X11 anadan olub. Övladları onun yanındadır. O, cavabdehlə uzun müddətdir ki, ayrı yaşayır, heç yerdə işləmir, əlavə gəlir yeri yoxdur. Övladlarının saxlanması ilə bağlı xərcləri çatdıra bilmir. Cavabdeh onunla və övladları ilə xeyli vaxtdır ki, maraqlanmır. Cavabdehin imkanı olsa da, maddi yardım etmək istəmir. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, müvəqqəti təminat tədbiri olaraq ona 510 manat məbləğində aliment təyin olunub. Lakin kiçik övladının gündəlik süd, pampers və uşaq yeməkləri kimi tələbatları var. Həmin tələbatları ödəmək üçün vəsait lazımdır. İddianın tam təmin olunmasını xahiş edir. Cavabdehin rəsmi iş yeri olmasa da, kənddə yaşadığı üçün bağ sahələri var. Bundan əlavə o, balıq satır, taksi fəaliyyəti ilə məşğuldur və anası təqaüd alır. Cavabdehin pay torpağı var idi. Həmin torpaq sahəsini Bakı sakininə satıb və hazırda bağa nəzarət etdiyi üçün aylıq pul alır. O, isə uşaqlar azyaşlı olduğu üçün işləyə bilmir. Xahiş edir ki, iddiası tam təmin edilsin. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, o, fəhləlik edir. Dəniz kənarında torlara baxmaqla aylıq 350 manat gəlir əldə edir. Qarşı tərəfin iddia etdiyi məbləğlə onun aylıq gəlir düz gəlmir. Başqa gəlir yeri yoxdur. İddiaçının qeyd etdiyi bağ gəliri sadəcə yay mövsümündə 3 ay olur. Yay mövsümü bitdikdən sonra may ayına qədər ancaq dəniz kənarında fəhləlik etməklə aylıq 350 manat qazanc əldə edir. Bağ sahəsi də paylı mülkiyyətdir, tək onun deyil. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflər xx.xx.2018-ci ildə nikaha daxil olaraq evlənmişlər. Nikahdan sonra qadın Sadıqova soyadını qəbul etmişdir. - Doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X11 anadan olmuşlar. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə olunmuş Məşğulluq haqqında xx.xx.2024-cü il tarixli ********* nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh X3 filialında işsiz kimi qeydə alınmışdır. - Xaçmaz rayonu Uzunoba Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 138 nömrəli arayışa əsasən Cavabdeh bələdiyyə ərazisində mülkiyyətində daşınmaz əmlak və torpaq sahəsi yoxdur. - Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzunoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 304 nömrəli arayışdan görünür ki, Xaçmaz rayonu Tikanoba kənd sakini olan Cavabdeh şəxsi təsərrüfatında iri və xırda buynuzlu mal-qara mövcud deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2018-ci il ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan üç uşaqları vardır. Uşaqlar hazırda iddiaçının himayəsindədirlər. Cavabdeh işsiz kimi qeydiyyatdadır, rəsmi gəliri yoxdur, iddianı qismən qəbul edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-ci il uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Ona görə də iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə iddia qismən təmin edilməlidir. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, yetkinlik yaşına çatmayan uşaqların yaşını, mənafeyini, qida və digər zəruri xərclərə tələbatını, eləcə də diqqətəlayiq maraqlarını, 2024-cü il üçün uşaqların saxlanılmasına görə yaşayış minimumu kimi qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh üç uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat, o cümlədən xx.xx.2022-ci il təvəllüdlü X6 üç yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci və 84.2.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın, həmçinin zəruri vəsaitə ehtiyacı olan iddiaçının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün kifayətdir. Ailə Məcəlləsinin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Beləliklə, tərəflərin birgə nikahından doğulmuş üç övladı - xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X11 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat - cəmi 450 manat sabit pul məbləğində aliment tutulmalıdır. Lakin məhkəmə cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X6 3 yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində aliment tutulması ilə razılaşa bilməz və hesab edir ki, həmin məbləğdə alimentin tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı öz tələbində cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü övladı X6 uşaq 3 yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində aliment tələb etdiyini bildirsə də, məhz həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən hər ay tutulan vəsaitin məbləği 50 manat məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbini məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 81-ci maddəsi bu Məcəllənin “Ailə üzvlərinin aliment öhdəlikləri” adlandırılan beşinci bölməsində nəzərdə tutulduğundan əlavə xərcə görə aliment tutulması da həmin Məcəllənin 100.2-ci maddəsinə müvafiq olaraq xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün cavabdehdən İddiaçı xeyrinə hər ay 150 manat, habelə xx.xx.2022-ci il təvəllüdlü X6 3 yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalı və alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin (MPM) 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 6000 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 80 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 manat - cəmi 450 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X6 3 yaşına çatana qədər saxlanması üçün hər ay 50 manat məbləğində aliment (əlavə xərc) tutulub İddiaçı verilsin. Cavabdeh 80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar