Məhkəmə qərarları › İş №e-2(067)-598/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-598/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-598/2024 06.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit məbləğdə tutulması və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 17 avqust 2019-cu il təvəllüdlü X1 üçün hər ay 300 manat olmaqla, X2 müalicəsi üçün əlaqədar əlavə xərclərin ödənilməsinə cəlb olunması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 24 noyabr 2018-ci ildə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 17 avqust 2019 cu ildə X3 anadan olmuşdur. Birfə yaşadıqları ilk vaxtlarda mehriban yaşamışlar. Lakin sonralar cavabdeh ona qarşı fiziki zor və şiddət tətbiq etməyə başlamışdır. Bununla əlaqədar Xaçmaz rayon polis idarəsində araşdırma aparılmışdır. Artıq 6 aya yaxındır azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında qalır. Cavabdeh tərəfindən ona heç bir maddi yardım göstərilmir. Səlist danışlar, nitq və Psixologiya Akademiyasının xx.xx.2023-cü il tarixli, 44 №li arayışından görünür ki, uşaq orada müalicə olunur və hər ay 1000 manat vəsait tələb olunur. Ona görə də hesab edir ki, həmin məbləğin yarısı cavabdehdən tutulmalıdır. İş üzrə İddiaçı vəkili iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh 17 avqust 2019 cu il təvəllüdlü X1 üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması və X2 müalicəsi üçün hər ay 500 manat, cəmi 800 manat pulun tutulması sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, alimentin miqdarının 300 manat olması ilə razı deyil. Uşağın müalicəsi ilə əlaqədar pulu ödəmək istəmir. Uşaq iddiaçının yanında olduğu üçün xərclər iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Nikah haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X4 arasında nikah xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Nikahdan sonra qadın “Əlipaşayeva” soyadını qəbul etmişdir. -AZ-İV 336155 nömrəli Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 17 avqust 2019 cu il təvəllüdlü X3 anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - “X7 və Psixologiya Akademiyası”nın xx.xx.2023-cü il tarixli 44 nömrəli arayışından müəyyən olunur ki, X3 4 sentyabr 2023-cü il tarixdən “Səlist Danışıq” psixologiya və nitq mərkəzində təşkil edilən reabilitasiya dərslərində iştirak edir. Dərlərə nitq terapiyası, sosial, ünsiyyət və öyrənmə bacarıqlarını inkişaf etdirən müxtəlif məşğələlər daxildir. Məşğələlər zamanı digər autizmli uşaqlar kimi, Əlipaşayev Renat da gündəlik özünəbaxım (məsələn paltarları geyinib-soyunmaq, müstəqil şəkildə nahar etmək, ayaqyoluna getmək və s.) vərdişlərinə yiyələnir. Renatda nitqin olmaması və müxtəlif davranış pozuntularının yaratdığı çətinliklərə baxmayaraq o, həftənin beş günü mərkəzdəki dərslərdə iştirak edir. Hal-hazırda da dərslər davam edir. - 2 oktyabr 2023-cü il tarixli, ƏİA/5 seriyalı, 747516 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Renat Əlipaşayevə edilən xidmətlərə (psixoloq, loqoped, duyusal terapiya) görə 1000 manat pul köçürülmüşdür. - 26 yanvar 2024-cü il tarixli 001 nömrəli arayışdan görünür ki, 17 avqust 2019-cu il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin baş psixoloqu Ülviyyə Əlifxanova tərəfindən konsultasiya olunub. xx.xx.2021-ci il tarixindən psixo-pedaqoq Jalə Məmmədovanın yanında terapiya keçib. Bir müddət fasilədən sonra xx.xx.2023-cü il tarixindən etibarən yenidən psixoloq Nuranə Abdullayeva və psixo-pedaqoq Jalə Məmmədovanın yanında terapiya keçməyə başlayıb. X2 uzunmüddətli terapiyalara davam etməsi tövsiyə olunur. - 25 yanvar 2024-cü il tarixli 001 nömrəli arayışdan görünür ki, X3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “X8 Mərkəzi”ində loqoped seanslarında olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha girməklə ailə qurmuşlar. Nikahlarından 17 avqust 2019 cu il təvəllüdlü X3 doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayır və uşaq anasının himayəsindədir. Ayrı yaşadıqları müddətdə cavabdeh uşağın saxlanılması üçün iddiaçıya köməklik göstərməmişdir. Hazırda ana uşağın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment və əlavə xərclərin tutulmasını xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq Hüquqları haqqında” BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin 300 manat məbləğində alimenti və 500 manat məbləğində əlavə xərcləri ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, həm 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, həm də cavabdehin izahatını nəzərə alaraq belə qənaətə gəlir ki, uşaq üçün hər ay 300 manat alimentin və 500 manat məbləğində əlavə xərcləri tutulması ilə bağlı iddia tələbi cavabdehin zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilməmişdir. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, 17 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 190 manat alimentin və 250 manat əlavə tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2023-cü ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin tələblərinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarda (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətinin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlər hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinin tələblərinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcədə gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşaqların qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 190 manat müəyyən olunduğundan, iddianın qiyməti 190 manat x 12 aya=2280 manat təşkil edir. Belə olan halda, cavabdehdən 42,80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 227ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 07 dekabr 2023-cü ildən başlayaraq Cavabdeh hər ay 190 manat məbləğdə sabit aliment tutularaq İddiaçı ödənilsin. Həmçinin Cavabdeh X2 müalicəsi üçün hər ay 250 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdehdən 42,80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamənin alimentə aid hissəsi dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar