Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-971/2025 25.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment və valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən yetkinlik yaşına çatmayan övladları xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilərək alimentin tutulması və əlavə olaraq cavabdehin xx.xx.2022-ci il təvəllüdlü X2 uşağın üç yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat məbləğində əlavə xərclərə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan bir övladları - xx.xx.2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. Övladı onun yanındadır. O, cavabdehlə uzun müddətdir ki, ayrı yaşayır. Cavabdeh onunla və övladı ilə xeyli vaxtdir ki, maraqlanmır. Cavabdehin imkanı yaxşı olsada övladına baxmır. Ümumiyyətlə ayrı yaşayandan bəri heç gəlib maraqlanmır. Onun üçün uşağa tək baxmaq çətin olur. Övladının saxlanması ilə bağlı xərcləri çatdıra bilmir. Bu günə qədər övladının bütün təminatlarını özü ödəyir. Ancaq baxır ki, bir ana kimi ona çətin olur. Övladının bəzi xərclərini çatdıra bilmir. Cavabdeh ödəniş etmək istəmir. Uşaq tez-tez həkim müayinəsində olur. Uşaq az yaşlıdır xərcləri çoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh hazırda, Rusiyadadır, işləyir. Özü məktəbdə müəllim işləyir, analıq məzuniyyətinə çıxmamışdır. Uşağın 3 yaşına çatanadək əlavə xərcin müəyyən edilməsini istəyir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçınnın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 425475 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə X4 arasında 09 mart 2021-ci il tarixdə, 5 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat Şöbəsində, 522 № ilə rəsmi nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Əliməmmədov”, arvada “Əliməmmədova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV seriyalı, 736127 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 26 aprel 2022-ci il tarixdə X3 doğulmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı müəllim, ümumi təhsil məktəbin, tarix vəzifəsində işləyir və 438.39 manat məbləğində aylıq əmək haqqı alır. Cavabdeh isə rəsmi gəliri yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 202-cü il tarixli 15 saylı qərarının 1.2.1. 8.4-1-ci yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən 2023-cü ilin yanvarın 1-dən 345 manat həddində müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 27 yanvar 2025-ci ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, 27 yanvar 2025ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 26 aprel 2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli məbləğində alimentin tutulması məqsədəuyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, iddianın qiyməti 200 manat x 12 ay = 2400 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 278.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iddiaçının 26 aprel 2022-ci il təvəllüdlü X2 3 yaşına çatana qədər cavabdehdən 100 manat məbləğində əlavə xərc üzrə tələbini qismən əsaslı hesab etdiyindən, həmin hissədə iddianı qismən təmin edərək, cavabdehdən uşağın 3 yaşına çatana qədər hər ay 50 manat məbləğində əlavə xərcin tutularaq iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməli və 27 yanvar 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 26 aprel 2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2025ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli məbləğində aliment və uşağın 3 yaşına çatana qədər hər ay 50 manat məbləğində əlavə xərc tutulmalı və iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27 yanvar 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 26 aprel 2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli məbləğində aliment və uşağın 3 yaşına çatana qədər hər ay 50 manat məbləğində əlavə xərc tutulsun. Cavabdeh 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(067)-971/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-971/2025
25.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver