Məhkəmə qərarları › İş №e-2(071)-1072/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-1072/2024

25.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-1072/2024 25.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 164 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 26 may 2022-ci il tarixli MAS-5272 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17.5 % mükafat məbləği hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə isə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22565 manatın 17000 manatı əsas məbləğ təşkil edir. 18 noyabr 2022-ci il tarixdə X2, X3 və İddiaçı MMC arasında MAS-5272 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 26 may 2022-ci il tarixli MAS- 5272 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X3 öz üzərinə götürmüşdür. 26 noyabr 2022-ci il tarixdə X3, X1 və İddiaçı MMC arasında MAS-5272 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 26 may 2022-ci il tarixli MAS-5272 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X1 öz üzərinə götürmüşdür. 30 noyabr 2022-ci il tarixdə X1, Cavabdeh və İddiaçı MMC arasında MAS-5272 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 26 may 2022-ci il tarixli MAS-5272 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Hacıqbul rayon Məhkəməsinə müraciət etmişdir. Hacıqabul rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli e-2(071)-435/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 4128.22 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PT-***dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X8 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1. İXP ******* saylı protokola görə 64 manat; 2. EQ 18575328 saylı protokola görə 36 manat; 3. EQ 18427626 saylı protokola görə 32 manat; 4. EQ 18427627 saylı protokola görə 32 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 164 manat məbləğində ödəniş edilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırırıq ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X5 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5272 №-li daxili lizinq müqaviləsindən görünür ki, 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh İXP ******* saylı protokola görə 64 manat; EQ 18575328 saylı protokola görə 36 manat; EQ 18427626 saylı protokola görə 32 manat; EQ 18427627 saylı protokola görə 32 manat, ümumillikdə 164 manat borcu mövcuddur. Hacıqabul rayon Məhkəməsinin e-2(071)-435/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək Cavabdeh MAS-5272 saylı, xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 257,72 manat əsas, 148,29 manat lizinq mükafatı, 317,73 manat dəbbə pulu, 3404,48 manat dəymiş zərər olmaqla, ümumilikdə 4128,22 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 61,29 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 164 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 164 (yüz altımış dörd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar