Məhkəmə qərarları › İş №e-2(071)-1160/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-1160/2024

04.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-1160/2024 04.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı cavadeh Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavadeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin xx.xx.2023-cü il tarixdən (alimentin ödənilməsi barədə razılığa əməl etmədiyi vaxtdan) etibarən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayılova (Mahmudova) Nərminə Dilbazi qızı Cavabdeh arasında 28 dekabr 2012-ci il tarixdə 25 nömrəsi ilə Hacıqabul rayon Qeydiyyat Şöbəsində qeyd edilmiş nikah Hacıqabul rayon məhkəməsinin 2(071)-40/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən birgə rəsmi nikahlarından doğulmuş 27 avqust 2013-cü il təvəllüdlü X1 və 22 iyun 2015-ci il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanmışdır. Nikah pozulduqda tərəflər alimentin ödənilməsi ilə qarşılıqlı razılığa gəlmişlər. Bu səbəbdən iddiaçı aliment tələb etməmişdir. Belə ki, Cavabdeh aliment tələb edilməməsi qarşılığında əmək haqqı aldığı bank kartını verəcəyini vəd etmiş və ilk 5 ay həqiqətən də kartı İddiaçı vermişdir. Lakin sonradan özünə pul lazım olduğunu bildirərək xx.xx.2023-cü il tarixdən kartı almış və bir daha geri qaytarmamışdır. Bununla bağlı İddiaçı qarşı tərəfə dəfələrlə müraciət etsə də hər dəfə müxtəlif bəhanələr gətirməklə kartı geri qaytarmaqdan imtina etmiş və uşaqların saxlanması üçün heç bir köməklik göstərməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin xx.xx.2023-cü il tarixdən hesablanmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddia tələbini qəbul edir. Hər ay 470 manat aliment ödəməyə razıdır. 2023-cü ilin iyul ayından iddia ərizəsi məhəməyə daxil olduğu tarixə qədər olan 4000 manat aliment borcunu hissəhissə ödəməyə razıdır. Həmin 4000 manat aliment borcunu təyin olunacaq aliment məbləğindən əlavə olaraq ödəyəcəyinə söz verir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar İddiaçı yanında qaldıqlarından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda tərəflər arasında məhkəmə iclasında əldə olunan razılığa əsasən, cavabdeh əvvəlki aliment borcunu (4000 manatı) iddiaçıya ödəməyə razıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, bununla yanaşı iddiaçının da bir valideyn kimi uşaqlarını saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 235 manat cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan əlavə, məhkəmə, cavabdehin məhkəmə iclası zamanı verdiyi ifadəsini və ərizəsini nəzərə alaraq hesab edir ki, tərəflər arasında olan şifahi razılaşma əsasında yaranmış 4000 (dörd min) manat aliment borc məbləği Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bu səbəbdən alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment və əlavə olaraq tərəflər arasında olan şifahi razılaşma əsasında yaranmış 4000 (dörd min) manat aliment borc məbləği tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar