Məhkəmə qərarları › İş №e-2(071)-212/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-212/2025

21.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-212/2025 21.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqı, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqı, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ASC-nin İdarə Heyatənin sədri kimi işlədiyi 2024-cü ilin mart ayından oktyabr ayına qədər ödənilməmiş 60.000 (altmış min) manat əmək haqqı və son haqq-hesabın 180 gün gec ödənilməsinə görə 18.000 (on səkkiz) min manat maddi ziyanın və mənəvi ziyana görə 30.000 (otuz min) manatın cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə onunla Cavabdeh ASC arasında əmək müqaviləsi bağlanaraq idarə heyətinin sədri vəzifəsinə ümumi yığıncağın qərarı ilə təyin edilmişdir. Əmək haqqı məbləği 11.981 manat təyin olunmuşdur. O, işlədiyi dövrdə işinə vicdanla yanaşaraq işinin öhdəsindən layiqincə gəlmişdir. 2024-cü ilin mart ayından cəmiyyətin fəaliyyəti zamanı yaranmış dövlət sosial ödənişlər və vergi borcları ilə əlaqədar öhdəliklərin ödənilməsinin təmin edilməsini bildirmişdir. Hansısa səbəbdən o, öz hesabına mart ayından başlayaraq iyul ayına kimi ödənişsiz məzuniyyətə çıxmağı bildirildi. O, məzuniyyətdə olduğu dövrdə Cəmiyyətin fəaliyyəti ilə əlaqədar olaraq dövlət sosial ödənişlər və vergi borcları olduğundan qanuni təmsilçi olaraq onun barəsində sanksiya tətbiq edilmiş hesablarına, ölkədən çıxışına qadağa qoyulmuş və digər məhdudiyyətlər tətbiq edilmişdir. Nəticədə o, işləri ilə bağlı ölkə xaricinə çıxa bilməmiş və ona yeni təklif olunan vəzifələrə təyin edilə bilməmişdir. Bununla da, ona maddi və mənəvi ziyan dəymişdir. 22 iyul 2024-cü il tarixdə onu məcbur etmişdirlər ki, öz ərizəsi ilə işdən çıxsın. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinə və Cəmiyyətin Nizamnaməsinə əsasən idarə heyətinin sədri vəzifəsinə təyin olunma və azad olunma ümumi yığıncağın qərarı əsasında aparılır. Onun idarə heyətinin sədri kimi vəzifədən azad edilməyi ümumi yığıncağın qərarına əsasən olmalı idi. Cavabdeh ASC-nin ümumi yığıncağın qərarında heç vaxt onun idarə heyətinin sədri vəzifəsindən azad edilməyi ilə bağlı qərar qəbul edilməmişdir. 22 iyul 2024-cü il tarixdə onunla əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, 2024-cü ilin oktyabr ayında onun qanuni təmsilçi qismində fəaliyyətinə xitam verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gün ona son haqq-hesab ödənilməli idi. Lakin o, son haqq-hesab işdən azad edildikdən 6 ay, yəni 180 gün sonra ödənilmişdir. Son haqq-hesab ona 180 gün sonra ödənildiyi üçün ona hər gün üçün əmək haqqısının 1 faizi məbləğində maddi ziyan ödənilməlidir. O, 2024-cü ilin mart ayından 2024-cü ilin oktyabr ayına qədər olan əmək haqqısı ona ödənilməmişdir. Bu isə məbləğ olaraq 60.000 (altmış min) manat edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının işdən azad olunması prosesi düzgün aparılmamış, əmək haqqı ödənişi tam həyata keçirilməmiş, son haqq-hesab doğru aparılmamış, nəticədə iddiaçıya qeyd olunanlardan savayı maddi və mənəvi zərər dəymişdir. İddia ərizəsində qeyd olunan halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbini rədd edir. İddiaçı öz ərizəsi əsasında işdən ayrılmışdır. 2024-cü ilin mart ayında isə öz hesabına məzuniyyət götürmüşdür. İddiaçı işdən çıxdıqdan sonra ona son haqq-hesab tam şəkildə ödənilmişdir. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixində məhkəməyə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə rəsmi olaraq xx.xx.2024-cü ildə xitam verildiyi üçün, bu tarixdən sonra onun əmək funksiyalarını yerinə yetirməsi qanuni əsaslara malik deyil. Yəni, iddiaçı həmin müddətdən sonra da əmək funksiyalarını yerinə yetirdiyini iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşçinin 2024-cü ilin iyul ayının 22-dən oktyabr ayına qədər əmək funksiyalarını yerinə yetirdiyini iddia etməsi, əmək müqaviləsi hüquqi qüvvəli olmadığı üçün qanunsuz hesab edilir. Bu səbəbdən iddia tələbi xx.xx.2024-cü il tarixdən 2024-cü ilin oktyabr ayınadək əmək haqqının tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi iddiaçı 20 iyun 2024-cü il tarixdə 1 ay müddətinə öz hesabına məzuniyyətə çıxmaq barədə ərizə yazmışdır. Onun bu ərizəsi təmin edilmiş və öz hesabına məzuniyyət verilmişdir. İddiaçı 20 iyun - 20 iyul 2024-cü il tarixləri arasında öz hesabına məzuniyyətdə olduğundan, bu dövr üçün əmək haqqı tələbi əsassızdır və bu səbəbdən rədd edilməlidir. 2024-cü ilin mart ayından 2024-cü ilin iyun ayının 20-dək ödənilməyən əmək haqqının tutulması tələbi üzrə qeyd edilməlidir ki, bu dövr üçün işəgötürən tərəfindən iddiaçıya əmək haqqı ödənilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər həmin faktları təsdiq edir və iddiaçının həmin hissədə də irəli sürdüyü tələbinin əsassız olduğunu göstərir. İddiaçı, onunla əmək müqaviləsinə xitam verildiyi vaxtdan 2024-cü ilin oktyabr ayınadək əmək funksiyalarını yerinə yetirdiyini və bunun qarşılığında əmək haqqı almaq hüququnun yarandığını sübut etməlidir. Lakin, təqdim edilən sənədlər iddiaçının iddialarını təsdiqləmir. Beləliklə iddia tələbi ödənilməmiş əmək haqqının tutulması hissəsində əsassız olduğu üçün, gecikdirilmə ilə bağlı 18000 manat pulun tutulması hissəsində də tələb əsassızdır və rədd edilməlidir. İddiaçının mənəvi ziyana görə 30000 manat məbləğində pulun tutulması barədə tələbi üzrə qeyd olunmalıdır ki, həmin hissədə də tələb əsassızdır. İddiaçı ona işəgötürən tərəfindən mənəvi ziyanın vurulmasını iddia etsə də, bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən işəgötürən iddiaçının şərəf və ya ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna xələl gətirən hər hansı hərəkətə yol verməmişdir. Beləliklə, iddiaçı irəli sürdüyü tələbləri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, onun tərəfindən qaldırılan iddianın hüquqi əsası yoxdur və bu səbəbdən iddia əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin, iş materiallarında ola sübutları araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə rəsmi olaraq xx.xx.2024-cü ildə xitam verilməsi ilə, həmin tarixdə əmək müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Müşahidə Şurasını sədri Camaləddin İsmayılova həmin idarənin sədri İddiaçı tərəfindən yazılmış ərizədən müəyyən edilir ki, İddiaçı öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini və əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Müşahidə Şurasını sədri Camaləddin İsmayılova həmin idarənin sədri İddiaçı tərəfindən yazılmış ərizədən müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək şəxsi işi ilə əlaqədar olaraq öz hesabına məzuniyyətə çıxmağı xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 024/X saylı əmrdən müəyyən edilir ki, İddiaçı İsmayıl oğlu – Cavabdeh ASC-nin idarə heyətinin sədri xx.xx.2024-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) işdən azad edilməsi və onunla olan əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İstifadə edilməmiş əmək məzuniyyətinə düşən 8 təqvim günü üçün pul əvəzi ödənilmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə rəsmi olaraq xx.xx.2024-cü ildə xitam verilmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi iddiaçı 20 iyun 2024-cü il tarixdə 1 ay müddətinə öz hesabına məzuniyyətə çıxmaq barədə ərizə yazmışdır. Onun bu ərizəsi təmin edilmiş və öz hesabına məzuniyyət verilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər həmin faktları təsdiq edir və iddiaçının 2024-cü ilin mart ayından 2024-cü ilin iyun ayının 20-dək ödənilməyən əmək haqqının ödənilməsi ilə bağlı irəli sürdüyü tələbinin əsassız olduğunu göstərir. Buna görə də, iddia tələbi ödənilməmiş əmək haqqının tutulması hissəsində əsassız olduğu üçün, gecikdirilmə ilə bağlı 18000 manat pulun tutulması hissəsində də tələb əsassızdır və rədd edilməlidir. İddiaçının mənəvi ziyana görə 30000 manat məbləğində pulun tutulması barədə tələbi üzrə qeyd olunmalıdır ki, iddiaçı ona işəgötürən tərəfindən mənəvi ziyanın vurulmasını iddia etsə də, bu halları təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdehlərin hüquqazidd əməli nəticəsində ona borclu olduğunu iddia etdiyi məbləği mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqı, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i̇ : İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar