Məhkəmə qərarları › İş №e-2(071)-382/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-382/2024

04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-382/2024 04.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı İsmayılova Elnarə Nadir qızı və cavabdehin nümayəndəsi İbrəhimov Kamal Səfər oğlunun iştirakları ilə, İddiaçı İsmayılova Elnarə Nadir qızının cavabdeh İbrəhimov Kamil Kamal oğluna qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı İsmayılova Elnarə Nadir qızı cavabdeh İbrəhimov Kamil Kamal oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikah münasibətlərindən anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü İbrəhimli Osman Kamil oğlu adlı bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikahla ailə həyatı qurmuşlar. Birgə rəsmi nikahlarından, xx.xx.2023-cü il təvəllüdlü İbrəhimli Osman Kamil oğlu adlı bir uşağı anadan olmuşdur. Hal-hazırda cavabdehlə o ayrılmaqla atasına məxsus evdə, onun himayəsi altında yaşayırlar. Cavabdeh nə birgə, nə də ayrı yaşadığları dövrdə anadan olmuş azyaşlı uşağının yaşayışı və maddi vəziyyəti ilə maraqlanmamışdır. Bildirir ki, heç bir yerdə işləmir, uşağı tək saxlamaq onun üçün çətindir, ona görə də cavabdehin maddi yardımına ehtiyacı vardır. O, aliment üçün Mediasiya Şurasına müraciət etmişdir. Ərizəsi mediator Əsədova Aynur Azadxan qızı tərəfindən icraata götürülmüşdür. Nəticədə 23 fevral 2024-cü il tarixdə Mediasiya Şurasının 00366 saylı və ******* № li holoqramlı İlkin Mediasiya Sessiyasından prosesin davam etdirilə bilməməsi barədə arayış ona təqdim olunmuşdur. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında iddiaçı İsmayılova Elnarə Nadir qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi İbrəhimov Kamal Səfər oğlu izahat verərək, alimentlə bağlı etirazlarının olmadığını bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İbrəhimov Kamil Kamal oğlu ilə İsmayılova Elnarə Nadir qızının nikahı xx.xx.2023-cü il tarixdə 140 saylı Hacıqabul rayonu Qeydiyyat şöbəsində qeyd edilmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 140 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “İbrəhimov”, arvada “İsmayılova” soyadı verilmişdir. İş materialında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü İbrəhimli Osman Kamil oğlu anadan olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh İbrəhimov Kamil Kamal oğlu Osman adlı uşaqın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçı İsmayılova Elnarə Nadir qızının yanında qaldığından, iddiaçı uşaqın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, bununla yanaşı iddiaçının da bir valideyn kimi uşaqını saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bu səbəbdən alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü İbrəhimli Osman Kamil oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün İbrəhimov Kamil Kamal oğlundan xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit məbləğində aliment alınaraq İsmayılova Elnarə Nadir qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar