Məhkəmə qərarları › İş №e-2(071)-652/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-652/2025

09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-652/2025 09.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “Toyota” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2550 manat ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 45,50 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21074” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Toyota” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2550 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ və müvafiq etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. 2550 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması zərurəti yaranmışıdır. Odur ki, Cavabdeh “Toyota” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2550 manat ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 45,50 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-652/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraat iddia icraatına keçirilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21074” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ DYPİ tərəfindən Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 13:00-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarına əlavə edilmiş Həsənov Elnur Eldəniz oğlunun Bakı şəhər BPİin DYPİ-yə yazdığı izahatdan görünür ki, 23 iyun 2020-ci il tarixdə özünə məxsus “Toyota” minik markalı, 10-UL733 dövlət qeydiyyat nişanlı avtomobillə Əhməd Rəcəbli küçəsi ilə üzü Ziya Bünyadov prospekti istiqamətində saatda 40 km/saat sürətlə orta zolağı ilə hərəkətdə olmuş, anidən yolun sağından soluna yerdəyişmə edərək hərəkətə başlayan “Vaz 21074” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil sol ön qanadı ilə onun avtomobilinin sağ yan hissəsindən vurmuş, bu zaman sürətini azaldaraq dayanmışdır. Həmin anda “Vaz 21074” minik markalı avtomobil ikinci dəfə ön hissəsi ilə onun avtomobilini vurmuşdur. Onun avtomobilinə 2000 manata yaxın ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(005)-1218/2020 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat cərimə edilmiş. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 086113 nömrəli sığorta aktından müəyyən edilir ki, “Toyota” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 2550 (iki min beş yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərarda da müəyyən edildiyi kimi, Cavabdeh İXM-nin 332.1-ci maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Dolayısı ilə məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırda iddiaçı Cavabdeh təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq ödədiyi 2550 manat məbləğində pulun cavabdehdən subroqasiya qaydasında onun xeyrinə tutulmasını xahiş edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə pretenziya verilmiş, lakin tələb icra edilməmişdir. Məhkəmə iş materialları ilə yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinməsini və iddiaçı tərəfindən 2550 manat məbləğində sığorta ödənişinin zərər çəkmiş şəxsə verilməsinin təsdiq olunmasını nəzərə alaraq qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. “İcbari Sığortalar haqqında” qanunun 25.1.3-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh “Toyota” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 2550 (iki min beş yüz əlli) manat məbləğində sığorta ödənişi və komissiya daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 45,90 (qırx beş manat doxsan qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh “Toyota” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 2550 (iki min beş yüz əlli) manat məbləğində sığorta ödənişi və komissiya daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 45,90 (qırx beş manat doxsan qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar