Məhkəmə qərarları › İş №e-2(072)-668/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-668/2025

08.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-668/2025 08.10.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 29 mart 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 02 iyul 2011-ci ildə “Minyamin”, 14 sentyabr 2012-ci ildə “Əsnad”, 11 yanvar 2014-cü ildə “Yusif” və 16 mart 2017-ci ildə “Məhəmməd” adlı 4 (dörd) uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində ər-arvad, ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-214/2025 saylı, 09 iyul 2025-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi qət edilmişdir. Hal-hazırda o, bir ana kimi rəsmi nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları Əsədov Minyamin Vüsal oğlunun, Əsədova Əsnad Vüsal qızının, Əsədov Yusif Vüsal oğlunun və X1 məhz özünün yanında qalmasını tələb edir. Buna baxmayaraq, o, rəsmi nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları Əsədov Minyamin Vüsal oğlunun fikrinə əsasən və mənafeyini nəzərə alaraq, onun Cavabdeh yanında qalmasına razıdır. Özü hazırda heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. Lakin Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsində “təşkilatçı” vəzifəsində işləyir və əmək haqqısı 550 (beş yüz əlli) AZN məbləği təşkil edir. Eyni zamanda bildirir ki, rəsmi nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları Əsədov Minyamin Vüsal oğlu, Əsədova Əsnad Vüsal qızı, Əsədov Yusif Vüsal oğlu, X3 orta məktəbdə təhsil alırlar, o, uşaqları saxlamaqda, onların gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Hesab edir ki, hər bir valideyn, hər ata öz doğma övladına layiqincə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirməli və uşağın hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehiyacı vardır. Bu səbəbdən də, o, Cavabdeh qarşı “uşağın himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, rəsmi nikahlarından 02 iyul 2011-ci ildə anadan olmuş Əsədov Minyamin Vüsal oğlunun, 14 sentyabr 2012-ci ildə anadan olmuş Əsədova Əsnad Vüsal qızının, 11 yanvar 2014-cü ildə anadan olmuş Əsədov Yusif Vüsal oğlunun, 16 mart 2017-ci ildə anadan olmuş X1 özünün yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından hər bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli həddində sabit pul məbləğində alimentin tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, o, İddiaçı ilə 29 mart 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 4 (dörd) uşağı-02 iyul 2011-ci ildə “Minyamin”, 14 sentyabr 2012-ci ildə “Əsnad”, 11 yanvar 2014-cü ildə “Yusif” və 16 mart 2017-ci ildə “Məhəmməd” anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində ərarvad, ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-214/2025 saylı, 09 iyul 2025-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi qət edilmişdir. Eyni zamanda bildirir ki, o, rəsmi nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları Əsədova Əsnad Vüsal qızının, Əsədov Yusif Vüsal oğlunun və X1 fikrinə əsasən və mənafeyini nəzərə alaraq, onların İddiaçı yanında qalmasına və yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından hər bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli həddində sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsinə razıdır. Bununla yanaşı, o, rəsmi nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları X2 fikrinə əsasən və mənafeyini nəzərə alaraq, onun məhz özünün yanında qalmasını tələb edir, lakin İddiaçı qarşı onun yetkinlik yaşına çatanadək saxlanması üçün “aliment” tələbini irəli sürmür. Bu səbəbdən də, İddiaçı ona qarşı irəli sürdüyü “uşağın himayədə qalması və aliment” tələbinə dair iddianı qismən qəbul edir. Bütün bunları nəzərə alaraq, rəsmi nikahlarından 02 iyul 2011-ci ildə anadan olmuş Əsədov Minyamin Vüsal oğlunun özünün yanında, 14 sentyabr 2012-ci ildə anadan olmuş Əsədova Əsnad Vüsal qızının, 11 yanvar 2014-cü ildə anadan olmuş Əsədov Yusif Vüsal oğlunun, 16 mart 2017-ci ildə anadan olmuş X1 isə İddiaçı yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay özünün qazancından hər bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli həddində sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin rəsmi nikahından anadan olmuş 02 iyul 2011-ci il təvəllüdlü Əsədov Minyamin Vüsal oğlu atası Cavabdeh yanında qalmaq istədiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin rəsmi nikahından anadan olmuş 14 sentyabr 2012-ci il təvəllüdlü Əsədova Əsnad Vüsal qızı, 11 yanvar 2014-cü il təvəllüdlü Əsədov Yusif Vüsal oğlu və 16 mart 2017-ci il təvəllüdlü X3 hər biri ayrı-ayrılıqda anası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını və tərəflərin rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların fikrini dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdırıb və hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 785920 №-li, 10 noyabr 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı rəsmi nikahından 02 iyul 2011-ci ildə “Əsədov Minyamin Vüsal oğlu” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 988885 №-li, 18 dekabr 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı rəsmi nikahından 14 sentyabr 2012-ci ildə “Əsədova Əsnad Vüsal qızı” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 239281 №-li, 08 fevral 2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı rəsmi nikahından 11 yanvar 2014-cü ildə “Əsədov Yusif Vüsal oğlu” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 929133 №-li, 15 aprel 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı rəsmi nikahından 16 mart 2017-ci ildə “X3” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-214/2025 saylı, 09 iyul 2025-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış rəsmi nikaha xitam verilməsi qət edilmişdir İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, İddiaçı rəsmi gəliri yoxdur. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsində “təşkilatçı” vəzifəsində işləyir və əmək haqqısı 550 (beş yüz əlli) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Qərarın 7.5-ci bəndində qeyd edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin Qərarın 7.6-cı bəndində qeyd edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Həmin Qərarın 8.1-ci bəndində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). Həmin Qərarın 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair 27 yanvar 2015-cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarda qeyd edilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. Məhkəmə tərəflərin rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığını, valideynlər boşandıqdan sonra uşaqlar Əsədova Əsnad Vüsal qızının, Əsədov Yusif Vüsal oğlunun və X1 iddiaçının (ana) yanında qalmaq istəməsini, eləcə də cavabdehin (ata) buna razılığını nəzərə alaraq hesab edir ki, ilk növbədə uşaqların hüquq və mənafeləri üstün tutmaqla tərəflərin rəsmi nikahından 14 sentyabr 2012-ci ildə anadan olmuş Əsədova Əsnad Vüsal qızı, 11 yanvar 2014-cü ildə anadan olmuş Əsədov Yusif Vüsal oğlu, 16 mart 2017-ci ildə anadan olmuş X3 iddiaçı (ana) İddiaçı yanında saxlanmalıdır. 2. Məhkəmə tərəflərin rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığını, valideynlər boşandıqdan sonra uşaq Əsədov Minyamin Vüsal oğlunun cavabdehin (ata) yanında qalmaq istəməsini, eləcə də iddiaçı (ana) buna etiraz etməməsini nəzərə alaraq hesab edir ki, ilk növbədə uşaqların hüquq və mənafeləri üstün tutmaqla tərəflərin rəsmi nikahından 02 iyul 2011-ci ildə anadan olmuş Əsədov Minyamin Vüsal oğlu cavabdeh (ata) Cavabdeh saxlanmalıdır. 3. Məhkəmə tərəflərin rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşaqların saxlanması üçün aliment ödəmək öhdəliyini, uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, aliment təyin ediləcəyi təqdirdə bunun uşaqların maddi vəziyyətinə müsbət təsirini, aliment verməyə borclu olan cavabdehin (ata) aliment verməsinə dair maddi imkanlarını və onun razılığını, eləcə də iddiaçının (ana) uşaqların gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, tərəflərin rəsmi nikahından 14 sentyabr 2012-ci ildə anadan olmuş Əsədova Əsnad Vüsal qızının, 11 yanvar 2014-cü ildə anadan olmuş Əsədov Yusif Vüsal oğlunun və 16 mart 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 21 avqust 2025-ci il tarixdən etibarən hər bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməli (Qeyd: Məhkəmə alimenti hər bir uşağa görə 40 manat, ümumilikdə 120 manat həddində müəyyən etmək qənaətinə gəldiyi üçün alimentin tutulması 21 avqust 2025-ci il tarixdən başladığına görə 2025-ci il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə hesablama aparmışdır...) və iddianın qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin rəsmi nikahından 14 sentyabr 2012-ci ildə anadan olmuş Əsədova Əsnad Vüsal qızı, 11 yanvar 2014-cü ildə anadan olmuş Əsədov Yusif Vüsal oğlu və 16 mart 2017-ci ildə anadan olmuş X3 iddiaçı (ana) İddiaçı yanında saxlanılsın. Tərəflərin rəsmi nikahından 02 iyul 2011-ci ildə anadan olmuş Əsədov Minyamin Vüsal oğlu cavabdeh (ata) Cavabdeh yanında saxlanılsın. Tərəflərin rəsmi nikahından 14 sentyabr 2012-ci ildə anadan olmuş Əsədova Əsnad Vüsal qızının, 11 yanvar 2014-cü ildə anadan olmuş Əsədov Yusif Vüsal oğlunun və 16 mart 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 21 avqust 2025-ci il tarixdən etibarən hər bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamə qəbul edildikdən sonra qətnamənin “aliment” hissəsi dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar