Məhkəmə qərarları › İş №e-2(073)-2177/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2177/2024

02.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2177/2024 02.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment və əlavə xərclərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, uşağın 3 yaşı tamam olana qədər uşağın əlavə saxlanma xərcləri olaraq hər ay 100 manat pul məbləğinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh evlənmişlər, nikahlarını 02 dekabr 2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü İnci adlı uşaqları doğulmuşdur. İddiaçı Cavabdeh və onun ailə üzvləri tərəfindən fiziki işgəncəyə məruz qaldığından cavabdeh ilə ayrılmaq qərarına gəlmişdir. İddiaçının nikahın pozulması tələbinə dair iddiası üzrə mülki iş hal-hazırda Cəlilabad Rayon Məhkəməsinin icraatındadır. Azyaşlı övladı iddiaçının himayəsindədir. xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat alimentin, uşağın 3 yaşı tamam olana qədər uşağın əlavə saxlanma xərcləri olaraq hər ay 100 manat pul məbləğinin alınaraq ona ödənilməsi istəyir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə nikahlarını 02 dekabr 2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü İnci adlı uşaqları doğulmuşdur. Hazırda iddiaçı ilə faktiki olaraq ayrılmışlar. Azyaşlı övladı hal-hazırda iddiaçının himayəsindədir. İddiaçı fındıq fabrikində işləyir. Uşağın saxlanması üçün 235 manat aliment ödəmək iqtidarında deyil, həmçinin uşağın 3 yaşı tamam olana qədər uşağın əlavə saxlanma xərcləri olaraq iddiaçıya hər ay 100 manat pul tələbini də qəbul etmir. Özü iş olduqda günəmuzd olaraq işləyir, hazırda işsizdir. Məhkəmənin icraatında onların nikahının pozulması tələbi barədə də iş var və o (cavabdeh) boşanmağa razı deyil, hesab edir ki, mübahisəni yaradan şəxslər iddiaçının qohumları, əsasən də atasıdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Balakən “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə X1 xx.xx.2021-ci ildə rəsmi nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 5249 saylı qeydiyyat aparılaraq arvada Həziyeva soyadı verilmişdir. İşdə olan Balakən “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh ilə İddiaçı (5 saylı “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi xx.xx.2021-ci il tarixli 5249 nömrəli nikah aktı) birgə nikahından xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasında doğulmuş X3 məxsus doğum haqqında şəhadətnamə Ədliyyə Nazirliyinin avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü il tarixdə 7423 nömrəli doğum aktı əsasında işlənmişdir. X2 ilkin doğum aktının Türkiyə Respublikasında qeydə alınması səbəbindən X3 təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün Türkiyə Respublikası Konsulluğuna müraciət etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər nikahlarını 02 dekabr 2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü İnci adlı uşaqları doğulmuşdur. Hazırda tərəflər faktiki olaraq ayrılmışlar. Azyaşlı uşaqları halhazırda iddiaçının himayəsindədir. İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat alimentin, uşağın 3 yaşı tamam olana qədər uşağın əlavə saxlanma xərcləri olaraq hər ay 100 manat pul məbləğinin alınaraq ona ödənilməsi istəyir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə sabit pul məbləğində 235 manat məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən cavabdehin işləmədiyini nəzərə alır və hesab edir ki, Cavabdeh hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Məhkəmə iddianın 100 (bir yüz) manat əlavə xərc tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş İnci adlı uşağın 2022-ci il təvəllüdlü olduğunu nəzərə alır və hesab edir ki, cavabdeh əlavə xərclərə cəlb edilməli və uşağın 3 yaşı tamam olanadək hər ay cavabdehdən 50 (əlli) manat sabit pul məbləği alınaraq iddiaçıya verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 25 iyul 2024-cü ildən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 25 iyul 2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment və məhkəmə qətnaməsi qüvvəyə mindiyi tarixdən etibarən həmin uşağın 3 (üç) yaşına çatanadək saxlanılması üçün əlavə xərc kimi hər ay 50 (əlli) manat sabit pul məbləği Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 47.60 (qırx yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilbad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar