Məhkəmə qərarları › İş №e-2(073)-2570/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2570/2025

07.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2570/2025 07.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 12 mart 2025-ci il tarixdən başlayaraq 10 may 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3 hər ay qazancının, yaxud da gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulması, mediasiyanın keçirilməsi zamanı ödədiyi 60 manat və 40 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 mart 2025-ci il tarixdən başlayaraq 10 may 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3 hər ay qazancının, yaxud da gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulması, mediasiyanın keçirilməsi zamanı ödədiyi 60 manat və 40 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, Cavabdeh 12 mart 2025-ci il tarixdə iddia ərizəsi ilə Cəlilabad rayon Məhkəməsinə nikahın pozulması və uşaqla ünsiyyət tələbi barədə müraciət etmişdir. O, rəsmi nikahda olduğu Cavabdeh ona qarşı göstərdiyi fiziki və psixoloji zorakılıq hərəkətləri səbəbindən evdən getmək məcburiyyətində olmuşdur. Nikahları Cəlilabad Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(073)-254/2025 nömrəli qətnaməsi ilə pozulmuş, lakin uşağın saxlanması ilə bağlı aliment təyin olunmadığından məhkəməyə “aliment tələbinə dair” iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. O, 14 iyun 2017-ci il tarixində faktiki olaraq Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 10 may 2018-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Evləndikdən sonra cavabdehin ona qarşı fiziki və psixoloji zorakılıq hərəkətləri başlamış və mütəmadi olaraq cavabdeh tərəfindən döyülüb söyülmüşdür. Dəfələrlə ağır xəsarətlər almasına baxmayaraq cavabdehin bu işgəncə və zorakılıq hərəkətlərinə dözmüşdür. Sonuncu dəfə isə döyülərək xəsarət aldığına görə Cəlilabad rayon PŞ-nə müraciət etmiş və bundan sonra o, məcburən evdən çıxarılmışdır. Hazırda valideyinlərinin yanında yaşayır. Cavabdehin bu hüquqa zidd hərəkətləri onun azyaşlı uşağının tərbiyəsinə pis təsir etmişdir. Yüsra, bir uşaq kimi formalaşma mərhələsindədir. Lakin, uşaq bu yaş dövründə atasının, evdə hər gün onu döyməsini və nalayiq ifadələrlə təhqir olunmasının şahidi olmuşdur. Artıq atasından eşitdiyi qeyri-etik ifadələri öyrənirdi. Övladı qadına qarşı şiddətin mövcud olduğu bir mühitdə böyümüşdür. O, hal-hazırda valideyinlərinin yanında yaşayır və uşağın təminatını tam ödəməyə maddi cəhətdən çətinlik çəkir. Cavabdeh isə faktiki ayrılandan uşağın saxlanması üçün heç bir maddi yardım göstərməmişdir. Uşağın saxlanmasına maddi cəhətdən valideynləri kömək edir. Cavabdeh X5 X9 böyük mütəxəssis vəzifəsində işləyir, aylıq 2000 (iki min) manat əmək haqqı alır. Cavabdehdən tələb etdiyi alimenti vermək imkanı vardır. Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 02 iyun 2025-ci il tarixli “Müayinə aktı”nda cavabdehin X5 X9 böyük mütəxəssis vəzifəsində işləməsi və özünün deməsinə görə aylıq 2000 (iki min) manat əmək haqqı aldığı göstərilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə iddiaçının ərizəsində göstərdiklərini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyul 2025ci il tarixli, 757/12 saylı doğum haqqında arayışdan görünür ki, X4 10 may 2018-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(073)-1254/2025 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Cəlilabad rayon Qeydiyyat şöbəsində bağlanmış 14 iyun 2017-ci il tarixli 225 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 10 may 2018-ci il təvəllüdlü X1 İddiaçı yanında qalmasının müəyyən edilməsi, Cavabdeh İddiaçı yanında yaşayan uşağı 10 may 2018-ci il təvəllüdlü X4 ilə ünsiyyət hüququ təmin edilmiş və ünsiyyət hüququnun təmin edilməsi üçün görüş vaxtı hər həftənin şənbə günü saat 11:00dan saat 15:00-dək müəyyən edilməklə görüş Cəlilabad rayon İcra və Probasiya Şöbəsində icra məmurunun iştirakı ilə keçirilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli müayinə aktından görünür ki, Cavabdeh yetkinlik yaşına çatmayanların işləri və hüquqları müdafiəsi üzrə komissiyanın üzvlərinə verdiyi izahatında özünün X5 X9 böyük mütəxəssis vəzifəsində çalışdığını və aylıq 2000 (iki min) manat əmək haqqı aldığını bildirmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı mediasiya prosesisin keçirilməsi üçün 60 (altımış) manat rüsum ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh ailə quraraq, nikahlarını 14 iyun 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 10 may 2018-ci ildə Yüsra adlı uşaqları doğulmuşdur. Onlar əvvəllər mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, cavabdeh nikahın pozulması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(073)- 1254/2025 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah qeydi pozulmuşdur. İddiaçı artıq neçə müddətdir ki, cavabdehdən ayrılmış və uşağı ilə valideynlərinin himayəsində yaşayır. İddiaçı uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh könüllü olaraq uşağın maddi cəhətdən saxlanmasında iddiaçıya kömək etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli qərarına əsasən 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Məcəllənin 85.1.2-85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, bu maddədə keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olub-olmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır”. Beləliklə, məhkəmə tərəflərin maraqları arasında ədalətli tarazlığı gözləyərək və uşağın mənafeyini əsas götürərək belə qənaətə gəlir ki, qanunvericiliyin sadaladığımız normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin təyin edilməsi üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Bu, uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti baxılan iddia tələbinin qismən təmin edilməsini mümkün edir. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, iddiaçı uşağın saxlanılmasına görə aylıq stabil qazanca malik olan atadan hissəvi alimentin tutulması tələbində haqlıdır və bu hissədə də tələb təmin olunmaqla hər ay 10 may 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh X3 qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarda aliment iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının 12 mart 2025-ci il tarixdən alimentin tutulmasına başlanmasına dair tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Həmçinin məhkəmə, iddiaçının ödənilmiş 40 manat rüsum tələbinə dair hissəsini də əsassız hesab edir. Belə ki, İddiaçı tərəfindən 40 manat dövlət rüsumunun ödənilməsi sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, yetkinlik yaşına çatmayan 10 may 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarda aliment tutularaq İddiaçı verilməli, iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 60 manat cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (bir min) manatdan artıq olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 35,60 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. 11 avqust 2025-ci il tarixdən başlayaraq 10 may 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarda aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 60 (altımış) manat mediasiya xərci cavabdeh X3 alınaraq iddiaçıya verilsin. Cavabdeh 35,60 (otuz beş manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissədə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar