Məhkəmə qərarları › İş №e-2(073)-3237/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3237/2025

21.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3237/2025 21.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 3003 nömrəli akt qeydinə əsasən 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 onun (iddiaçının) yanında qalmaqla onun himayəsinə verilməsi, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırkı ərizənin məhkəmədə qeydiyyat alındığı gündən Cavabdeh 500 (beş yüz) manat sabit pul məbləğində tutularaq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə göndərərək, işə iddiaçının iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə 3003 nömrəli akt qeydinə əsasən 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikaha girmişdir. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Emilia adlı uşaqları doğulmuşdur. Tərəflərin hazırda münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Uşaq iddiaçının yanında yaşayır. Cavabdeh maddi və mənəvi olaraq uşağın heç bir ehtiyacını ödəmir. Hazırda cavabdeh aşpaz işləyir və aylıq qeyri-rəsmi gəliri 2000-3000 manat aralığında təşkil edir. Ailə münasibətlərini bərpa etmək mümkün deyil. İddiaçı uşağın onun himayəsinə verilməsi və uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulmasını istəyir. Buna görə də hazırkı iddia ərizəsi ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 3003 nömrəli nikah bağlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh baş aşpaz işləməklə aylıq 700 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən ər-arvad arasında saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə tərəflərin birgə yaşamalarının və ailənin saxlanılmasının qeyri-mümkün olduğunu, iddiaçının nikahın pozulmasında təkdi etdiyini, cavabdeh tərəfindən iddiaya etirazın daxil olmadığını müəyyən etdiyi üçün hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Məhkəmə, habelə hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci təvəllüdlü X1 İddiaçı yanında qalması müəyyən edilməlidir. Belə ki, uşaq mübahisəsiz olaraq ana qayğısına daha çox ehtiyacı olan yaş dövründədir, habelə faktiki olaraq iddiaçının himayəsindədir. Cavabdehin aliment öhdəliyi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17 maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-ci il üçün hər ay 246 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qeyd olunan normalardan göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, həmçinin uşağın mənafeyini və yaşını, cavabdehin gəlirləri barədə hər hansı sübut təqdim edilmədiyini, alimentin sabit pul məbləğində tələb edildiyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.5 misli miqdarında sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci ildən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 22 oktyabr 2017-ci il tarixli, 3003 saylı nikah pozulsun. Tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 İddiaçı yanında qalması müəyyən edilsin. 16 oktyabr 2025-ci ildən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.5 misli miqdarında sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment hissəsində dərhal icraya yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar