Məhkəmə qərarları › İş №e-2(074)-1270/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1270/2025

22.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1270/2025 22.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Gözəlova Gülcənnət İlkin qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə Cavabdeh2 416 manat, Cavabdeh4 146 manat, Cavabdeh3 18 manat, Cavabdeh1 144 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı MMCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 16 noyabr 2021-ci il tarixli, MAS-4312 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən, lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücülər AR DİN BDYPİ və BNA tərəfindən inzibati qaydada cərimələnmişlər. Bu faktı hökümət ödəniş portalından alınmış çıxarış təsdiq edir. Şirkət tərəfindən cərimələr görə ümumilikdə 724 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçının nümayəndəsi və cavabdehlər məhkəməyə gəlməmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmşinin, iddiaçı digər ərizə ilə iddiaçı cavabdehlərdən biri olan Cavabdeh3 borcunu ödəməsi ilə əlaqədar iddia tələbinin ona aid hissədə imtina etdiklərini və bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 01 sentyabr 2021-ci il tarixli, MAS-4312 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, Cavabdeh3 sifarişi ilə “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802773 ban nömrəli, ağ rəngli avtomobil 14950 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 təhvil verilmişdir. İş materiallarında olan 16 noyabr 2021-ci il tarixli, MAS-4312 saylı “Öhdəliklərin ötütürlməsi” müqaviləsinə əsasən, Cavabdeh3 İddiaçı MMC qarşısında olan bütün öhdəliklərini “Öhdəlikləri qəbul edən” şəxs olaraq X2 ötürür, X4 bu öhdəlikləri tam həcmdə qəbul edir və lizin müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli-təhvil təslim aktının surətindən görünür ki, “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən X3 təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, 01 sentyabr 2021-ci il tarixli, MAS-4312 saylı “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinin tələbinə əsasən, bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Həmin müqavilənin 14.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir. 16 noyabr 2021-ci il tarixli, MAS-4312 saylı “Öhdəliklərin ötütürlməsi” müqaviləsinin 1.1-ci bəndinə əsasən, İddiaçı MMC-nin “Öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4312 saylı X6 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “Öhdəlikləri qəbul edən”-ə ötürür, “Öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “Öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qaəbul edir və bu öhdəlikləri Lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. Göründüyü kimi, 01 sentyabr 2021-ci il tarixli, MAS-4312 saylı “Daxili lizinq” müqaviləsinin heç bir bəndi qüvvədən salınmadan, mövcud olan öhdəliklər tam həcmdə 16 noyabr 2021-ci il tarixli, MAS-4312 saylı “Öhdəliklərin ötütürlməsi” müqaviləsinə əsasən, X3 ötürülmüşdür. Beləliklə, İddiaçı MMC qarşısında qeyd olunan müqavilələr üzrə öhdəlik daşıyan şəxs olaraq X5 müəyyən edilir. 01 sentyabr 2021-ci il tarixli, MAS-4312 saylı “Daxili lizinq” müqaviləsinin qüvvədə olan 5.2-ci bəndinə əsasən, lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə X1 lizinq alan olaraq (öhdəlikləri qəbul edən) məsuliyyət daşımasına baxmayaraq, iddiaçı X3 qarşı deyil, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı hazırki iddia ilə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Hazırki iş üzrə əsl olmayan cavabdehi əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçı tərəfindən yazılı razılıq təqdim edilməmişdir. Məhz bu səbəbdən də, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. Eyni zamanda, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normasının tələbindən çıxış edərək, qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zərər vurması, əsassız varlanması və ya öhdəliyin bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar üzrə yaranması halı müəyyən edilmədiyindən, həmin şəxslərlə hər hansı müqavilə bağlanmadığından, eləcədə 01 sentyabr 2021-ci il tarixli, MAS-4312 saylı “Daxili lizinq” müqaviləsində nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən şəxslərin məsuliyyət daşıması şərtləri göstərilmədiyindən, həmin şəxslərin iddiaçı qarşısında öhdəlikləri yaranmamışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini pozaraq inzibati xəta törətmələri ilə əlaqədar yaranmış zərərə görə yuxarıda qeyd olunan 01 sentyabr 2021-ci il tarixli, MAS-4312 saylı “Daxili lizinq” müqaviləsinin qüvvədə olan 5.2-ci bəndinə əsasən, X5 məsuliyyət daşıyır. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə ərizəsi əsasında Cavabdeh3 aid hissədə iddiadan imtina etməsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinin tələblərinə əsasən qanuna zidd və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğundan məhkəmə tərəfindən qəbul edilməmişdir. Məhkəmə imtinanı qəbul etməməsini hazırki iş üzrə əsl cavabdeh olaraq cavab verməli olan və yuxarıda qeyd olunan müqavilələr üzrə məsuliyyət daşıyan şəxs kimi X1 müəyyən edilməsini əsas götürərək, digər cavabdehlərdən tələb olunan pul vəsaitinin tutulması və ya cavabdehlər tərəfindən ödənilməsi halında onların gələcəkdə həmin pul vəsaitinin geri tələb etmək hüququnun yaranması ilə əlaqələndirir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 751-ci maddəsinə əsasən, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Həmin Məcəllənin 683.3-ci maddəsinə görə istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Məhkmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 683.3-cü maddəsi bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmadığından həmin maddə qeyd edilən qaydalar hazırki iş üzrə mübahisəyə tətbiq edilə bilər. Məhkəmə işin yuxarıda qeyd olunan hallarına və istinad olunan maddi və prosessual hüquq normalara əsaslanaraq, hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməldir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar