Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1335/2025 11.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi - vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqların onun yanında qalması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı uşaqların onun yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 onun yanında qalması və birgə nikahdan olan uşaqların saxlanması üçün, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində alimentin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2012-ci ildə Rusiya Federasiyasının Moskva vilayətinin Zelenoqrad şəhərinin Qeydiyyat Şöbəsində nikah qeydə alınmışdır. Cavabdehlə birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 doğulmuşdur. Hazırda cavabdehlə nikah münasibətləri faktiki olaraq pozulmuşdur. Cavabdeh onu və birgə nikahdan olan uşaqları yaşadıqları evdən kənarlaşdırmaqla, nikahın pozulması tələbi ilə mediasiya təşkilatına müraciət etmişdir. Nikahın pozulması ilə bağlı mediasiya sessiyasının keçirilməsi zamanı məlum olmuşdur ki, cavabdeh onun məlumatı olmadan xx.xx.2017-ci ildə Rusiya Federasiyasının Moskva vilayətinin Solneçnoqorski rayon məhkəməsinin qətnaməsinə əsasən, nikahın pozulmasına nail olmuşdur. O, həmin prosesdə iştirak etməmiş, nikahın pozulmasına münasibət bildirməmişdir. Artıq uzun müddətdir ki, cavabdehlə birgə nikahdan olan uşaqlarla birlikdə ayrı yaşayır. Cavabdeh uşaqların saxlanılmasında, maddi xərclərinin ödənilməsində iştirak etmir. Halbuki, cavabdeh Rusiya Federasiyasında çalışdığı iş yerindən (daxili işlər orqanlarından) təqaüdə çıxmış və aylıq təqaüd almaqla yanaşı, ölkə ərazisində başqa gəlirləri də mövcuddur. Aliment tələbi üzrə tərəflər arasında mediasiya sessiyası keçirilmiş, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsinin mümkün olmaması barədə” arayış təqdim olunmuşdur. Ona görə də, cavabdehlə birgə nikahdan olan uşaqların onun himayəsində saxlanılması, onların məktəb şagirdi olmaları, yaşları ilə əlaqədar yaşayış, yemək, geyim, istirahət, təlim və s. kimi xərclərinin olması səbəbindən və onların əvvəlki maddi təminatının qorunub saxlanması üçün, hər uşağa görə 350 (üç yüz əlli) manat olmaqla, cəmi 1050 (bir min əlli) manat alimentin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi - vəkil Nümayəndə iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Eyni zamanda, Cavabdeh məhkəməyə ünvanladığı iddia tələbinə etiraz ərizəsində göstərmişdir ki, İddiaçı ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 iddiaçının yanında qalması və həmin uşaqların saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimal əmək haqqının 0,88 misli həddində alimentin ondan tutularaq, iddiaçı X3 ödənilməsi barədə iddia tələbini qismən qəbul edir və hər uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 80 manat məbləğində aliment ödəməyə hazırdır. Belə ki, o, xəstədir, onurğasında yerdəyişmə və yırtıq əmələ gəlmiş, sinirlərinə toxunub, faktiki olaraq çətinlik çəkir və əməliyyata ehtiyacı vardır. Bu səbəbdən də, işləyə bilmir, özünə maddi köməklik lazımdır. Bundan əlavə, iddiaçı “OBA Market”də işləyir və 400 manatdan çox əmək haqqı alır, o isə, işsiz kimi qeydiyyatdadır. Hesab edir ki, qanunda uşaqların saxlanılmasında valideynlərin ikisi də, iştirak etməyə borclu olduqlarından, iddiaçı da, bu məsuliyyətdən kənarda qalmamalıdır. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2012-ci il tarixdə Moskva vilayətinin Zelenoqrad VVAQ şöbəsində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 643 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra, ərə İsgəndərov, arvada İsgəndərova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, hazırki iş üzrə tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Moskva vilayətinin Solneçnoqorsk Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin e-16(074)-35/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, müvəqqəti təminat tədbirinin görülməsinə dair İddiaçı ərizəsi qismən təmin edilərək, iş üzrə alimentin tutulması barədə qətnamə qəbul edilənədək, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahdan olan yetkinlik yaşına çatmayan övladlarının valideyni olduğundan, iddiaçı övladlarının saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, cavabdehin maddi vəziyyətinin aşağı olması onu uşaqları saxlamaq vəzifəsindən azad etmir, uşaqların saxlanılması üçün tərəflər birgə və bərabər məsuliyyət daşıyırlar. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin yetkinlik yaşına çatmamış övladlarının valideyni olaraq, onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Cavabdeh İddiaçı xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, aliment hesablanarkən, müvəqqəti təminat tədbirinin görülməsinə dair Şamaxı Rayon Məhkəməsinin e-16(074)- 35/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda, hesab edir ki, iddia tələbi “uşaqların iddiaçının yanında qalması” hissəsində təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Göründüyü kimi, qanunvericilikdə yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması məsələsi, nikah məhkəmə qaydasında pozularkən həll olunan məsələlərdəndir. İş materiallarından görünür ki, tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, lakin uşaqların hansı valideynin yanında qalması məsələsinin həll olunubolunmaması iddiaçıya məlum deyil, həmçinin, cavabdehin etiraz ərizəsindən müəyyən olunur ki, o, birgə nikahdan olan uşaqların iddiaçının yanında qalmasını mübahisələndirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Cavabdeh İddiaçı xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Aliment hesablanarkən, müvəqqəti təminat tədbirinin görülməsinə dair Şamaxı Rayon Məhkəməsinin e-16(074)-35/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı nəzərə alınsın. İddia qalan hissədə təmin olunmasın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-1335/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1335/2025
11.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver