Məhkəmə qərarları › İş №e-2(074)-189/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-189/2024

20.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-189/2024 20.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Hyundai İX35” markalı, “**-PL- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 993.69 manat (doqquz yüz doxsan üç manat altmış doqquz qəpik) pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 4 il öncə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləmişdir. “Hyundai İX35” markalı, “**-PL-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Ford” markalı 56AC306 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qapısından vurmuşdur. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdeh gəlməməsinin səbələri barədə məhkəməyə heç bir məlumat verməsə də iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırki mülki işdə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Qərarının 13-cü bəndində qeyd edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarının 14-cü bəndində qeyd edilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin Qərarının 25-ci bəndində qeyd edilir ki, Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeydinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan prosessual normalardan göründüyü kimi, ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə iqtisadi subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz ona görə qanunverici tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılmasını müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud mübahisə kommersiya mübahisəsi hesab olunur. Ona görə də hazırki işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 24, 26, 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar