Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-234/2024 01.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında nikah xx.xx.2013-cü il tarixdə 1 Salı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 726 nömrəli qeydlə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahdan xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X5 adlı iki azyaşlı uşaqları vardır. Tərəflər bir ailə olaraq birgə yaşamasına baxmayaraq cavabdeh uşaqların maddi ehtiyaclarını qarşılamır və əldə etdiyi gəlir və qazancı öz şəxsi istəkləri və məqsədləri üçün xərcləyir. Halbuki, hər bir valideyn öz uşaqlarını saxlamağa borcludur və valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Belə ki, birgə nikah dövründə dünyaya gələn X3 və X2 maddi ehtiyacları var və onların saxlanması, inkişafı və tərbiyəsi üçün hazırda hər ay davamlı olaraq müəyyən tələb olunur. Bununla yanaşı, uşaqların hərtərəfli inkişafı üçün ibtidai məktəbə və əlavə kurslar və məşğələlərə getməsi bu yaşda onlar üçün artıq dərəcədə vacibdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin könüllü birgə müraciəti əsasında mübahisənin həllinə dair mediasiya sessiyası təşil olunmuş, lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini etiraf edir. O, uşaqlarının saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat məbləğində alimentin ondan tutularaq iddiaçıya ödənilməsi barədə iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 877141 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah xx.xx.2013-cü il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeyidyyat Şöbəsi tərəfindən bağlanılmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 06 avqust 2013-cü il tarixdə, 726 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məhərrəmov”, arvada “Məhərrəmova” soyadı verilmişdir. İş materiallarında olan AZE 11668950 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə Xırdalan şəhəri, Abşeron rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZE 11766430 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə Xırdalan şəhəri, Abşeron rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qaldığından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə sözügedən uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin miqdarı hər ay hər uşağa görə 250 manat sabit pul məbləğində olmaqla, cəmi 500 manat məbləğində müəyyən edilməli, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də 80,00 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 21 aprel 2014-cü il təvəllüdlü X3 və 15 yanvar 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 05 dekabr 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-234/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-234/2024
01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver