Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-47/2025 25.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh görülməmiş işlərin müqabilində 15256 manatın, yeddi ay ödənilmiş kirayə haqqının əvəzi 3500 manat olmaqla, cəmi 18756 manat məbləğində pulun və ödənilmiş 150 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, Massiv 3 ünvanında yerləşən ona məxsus torpaq sahəsində bağ evi tikdirmək qərarına gəlmişdir. Mülkiyyət hüquqi ilə ona məxsus qeyd olunan ünvanda yerləşən 180 kv.m. evin tikintisi məqsədi ilə, evi tikib təmir edib, tam təhvil verməsi üçün Cavabdehla 28 iyun 2023-cü ildə müqavilə bağlamışdır. Təmir tikinti işinin bitmə müddətini 2024-cü ilin yanvar ayına müəyyən edilmişdir. Bundan sonra, Cavabdeh evin tikintisinə başlamış, lakin 2024-cü ilin yanvar ayında evi müqavilədə razılaşdıqları kimi çatdıra bilməyəcəyini bildirib, əlavə olaraq ondan bir ay da vaxt istəmişdir. Başqa çıxış yolu olmadığı üçün, o, Samirlə razılaşmışdır ki, ən geci mart ayının əvvəllərinə evi təhvil versin. Lakin, artıq razılaşmadan 4 aydan artıq vaxt keçməsinə baxmayaraq, Cavabdeh hər dəfə bir bəhanə gətirib, evin təmirini yekunlaşdırıb təhvil vermir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Samir heç bir hərəkət etmir. O, isə Samirin bu hərəkətindən çox əziyyət çəkir, belə ki, o, kirayədə qalır. Hər ay 500 manat məbləğində kirayəyə pul xərcləyir. Yəni, Samirin evin vaxtında təhvil verməməsi səbəbindən, o, 2024-cü ilin yanvar ayından iyul ayının sonunadək 3500 manat məbləğində kirayə məbləği ödəmişdir. Müqavilənin şərtinə uyğun olaraq, evin tikintisi üçün Cavabdeh cəmi 90000 manat məbləğində pul ödəməli idi. Razılaşmaya uyğun olaraq o, bu günə qədər Cavabdeh evin tikintisi üçün 75000 manat məbləğində pul ödəmişdir. Həmçinin, torpaq sahəsinin kənar divarlarının çəkilməsi üçün də, əlavə olaraq 4000 manat məbləğində pul ödəmişdir. Cavabdeh cəmi 79000 (yetmiş doqquz min manat) məbləğində pul ödəməsinə baxmayaraq, müqavilədə şərtləşdiyi kimi ödənilən məbləğə uyğun işlər görülməmişdir. Yəni hal-hazırda evdə 79000 manatlıq iş görülməmişdir. Apardığı hesablamalar nəticəsində onun Cavabdeh ödədiyi məbləğdən 15256 (on beş min iki yüz əlli altı) manat məbləğində görülməmiş işi qalıbdır. Belə ki, həmin işlər aşağıdakılardır: birinci mərtəbə döşəmə keramoqraniti (770 manat usta pulu + 2165 manat material) ve ikinci mərtəbə yer keramograniti sonradan şifahi razılaşmaya əsasən bu hissə laminat olmalı idi (usta pulu 55 manat + material 145), birinci mərtəbədə sanuzeldə yerdə kafelin dəyişməsi və divarda unitaz baçokunun üstündə qərəq kafelin dəyişməsi (200 manat usta pulu + 90 manat material), birinci mərtəbədə iki yerdə qırıq pəncərələrin, ikinci mərtəbədə balkonun şüşələrinin və karkasın dəyişməsi (material 180 manat + 50 manat usta pulu), havalandırma və sanuzellərdə material və usta pulu (280 manat usta pulu + material 50 manat) bu hissədə isə kobud səhvə yol verərək, havalandırmanı mərkəzləşdirilmiş şəkildə evin damına çıxarmalı idi, lakin onu etməyib mətbəxdən, vanna otaqlarından birbaşa divar vasitəsi ilə çölə çıxarmalı olacaq, pilləkənlərin və divarların üzlük qatının vurularaq sürtülməsindən (şkurka) sonra və emulsiya ilə örtülməsi (usta pulu 750 manat + material 150 manat), bu hissədə isə gördüyü işi yenidən gördürməli olacaq belə ki, pilləkənlər vaxtında yığılmadığı üçün hazırki vəziyyətdə yığılanda divarlar və tavan yerdən yaranan toz və palçıqdan yenidən təmir olunmalıdır. Mətbəxdə havalandırma material + usta pulu (60 manat), bütün evin şkurkası material + usta pulu (350 manat usta pulu + material 50 manat), bütün evin tavanlarının emulsiyasiya material + usta pulu (420 manat usta pulu + material 200 manat), ikinci mərtəbə qapılarının eyniləşdirilməsi usta pulu (150 manat usta pulu + 30 manat), birinci və ikinci mərtəbədə evin pəncərələrinin altlıqları (usta pulu 120 manat, material 250 manat), evin pəncərələrinin kənarları (otkosları), eyvanın sağ tərəfinin beton örtüyü (opalovkası), terasın sağ tərəfinin suvağı material + usta pulu (usta pulu 450 manat + material 370 manat), damın möhkəmləndirilməsi yağışa-suya davamlı hala gətirilməsi yəni izolasiyasi, material + usta pulu (material 675 + usta pulu 900 manat), noydanların düzəldilməsi material + usta pulu (21 metr noydan, material 126 manat + usta pulu 100 manat), giriş qapısının pulu 500 manat, piləkənlərin mərmər materialı + usta pulu (usta pulu 1050 manat + material 970 manat), oboy 30 manat, material + usta pulu (280 kv.m. 2240 manat usta pulu + 950 manat material), ikinci mərtəbə otaqların laminatın vurulması usta pulu (400 manat), torpaq sahəsinin kənar divarına ödədiyi 4000 manat məbləğində pulun müqabilində görülən işdə də, çatışmamazlıqlar var. Cavabdeh bu hissədə də bildirmişdir ki, çatışmamazlıqları aradan qaldıracaqdır. Qeyd olunan görülməyən işlər 15296 manat məbləği təşkil edir. Halbuki, ödədiyi 79000 manat məbləğində pulun müqabilində bu işlərin hamısı görülməli idi. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh görülməmiş işlərin müqabilində 23162 manat, on səkkiz ay ödənilmiş kirayə haqqının əvəzi olaraq 9000 manat olmaqla, cəmi 32162 manat məbləğində pulun, vəkilə xidmət haqqı olaraq ödənilmiş 419,75 manat pulun, ekspertiza xərci olaraq ödədiyi 500 manat pulun və ödənilmiş 150 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərələr məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi - Vəkil2 məhkəməyə ünvanladığı müraciətində, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən, ümumi sahəsi 141,24 kv.m. olan 1805L nömrəli fərdi yaşayış evi vardır. İş materiallarından görünür ki, sifarişçi İddiaçı ilə icraçı Cavabdeh arasında sifarişçinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, massiv 3 ünvanında yerləşən fərdi yaşayış evində təmir-tikinti işlərinin aparılması barədə Əmlakın təmiri və tikintisi üçün əmlak sahibi ilə icraçı arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, təmir-tikinti işləri ilə əlaqədar, sifarişçi İddiaçı icraçı Cavabdeh 90.000 manat məbləğində pul ödəməli idi. İş materiallarından görünür ki, cavabdeh-icraçı Cavabdeh sifarişçi-İddiaçı 16 avqust 2023-cü il tarixdə hasarın tikilməsi üçün 2000 manat, 29 avqust 2023-cü il tarixdə hasarın tikilməsi üçün qalıq 2000 manat, bağlanmış müqavilə üzrə beh olaraq 24 iyun 2023-cü il tarixdə 1000 manat, 28 iyun 2023-cü il tarixdə 24000 manat, 10 avqust 2023-cü il tarixdə 20000 manat, 02 oktyabr 2023-cü il tarixdə 15000 manat, 12 dekabr 2023-cü il tarixdə 15000 manat almışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində, 1805L nömrəli ünvanda yerləşən fərdi yaşayış evi üzrə aparılmış tikinti və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq, ümumi dəyəri 51838,0 manat məbləğində müəyyən olunur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarından görünür ki, İddiaçı xidmət haqqı olaraq Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil2 hesabına 419,75 manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatında göstərilir ki, Mərkəzi Ekspertiza Bürosunun qiymətləndicimütəxəssisləri tərəfindən aparılmış hesablamalar və təhlillər əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində, 1805L nömrəli ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin təmir-tikinti işlərinə 2024-cü ilin iyun ayınadək görülmüş işlərin dəyəri 57.714 manat təşkil edir. İş materiallarında olan hesab-fakturadan görünür ki, aparılmış tədqiqatın dəyəri 1000 manat təşkil etmişdir. Həmçinin, iş materiallarında olan kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı qiymətləndirmə hesabatı üzrə 500 manat məbləğində pulu Mərkəzi Ekspertiza Bürosunun hesabına ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, hazırki iş üzrə tərəflər arasında olan bağlanmış müqaviləyə görə, İddiaçı özünə məxsus fərdi yaşayış evinin tikinti-təmir işlərinin görülməsini Cavabdeh həvalə etmiş, bunun üçün iddiaçı razılaşdırılmış 90000 manat məbləğin 79000 manatını cavabdehə vermiş, lakin cavabdeh aldığı məbləğin qarşılığında işlərin yerinə yetirilməsini təmin etməmiş və bununla da, öhdəliyini icra etməmiş və hazırda iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir. Göründüyü kimi, tərəflər arasında qanunvericiliyə uyğun olaraq podrat müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan razılaşdırılmış pul məbləğini almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında təmir işlərini şərtləndirilmiş müddətdə və qüsursuz görməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh podrat müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin işləri tam, vaxtında və qüsursuz görməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən podrat müqaviləsi üzrə yaranmış zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı tikinti-təmir işlərinə görə cavabdehə verdiyi 79000 manat puldan görülməmiş işlərin müqabilində 23162 manat pulun qaytarılmasını tələb etsə də, məhkəmə iclasında araşdırılmış sübutlarla (ekspertiza tədqiqatı) müəyyən olunmuşdur ki, cavabdeh ödənilmiş vəsaitin müqabilində 57.714 manatlıq işlərin yerinə yetirilməsini təmin etmiş, 21.286 manatlıq işlərin yerinə yetirilməsini isə təmin etməmişdir. Həmçinin, iddiaçı on səkkiz ay ödənilmiş kirayə haqqının əvəzi olaraq 9000 manat pulun cavabdehdən tutulmasını tələb etsə də, iddiaçı həmin hissədə tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş zərərin əvəzi olaraq 21286 manat, vəkilə xidmət haqqı olaraq ödənilmiş 419,75 manat, ekspertiza tədqiqatının dəyəri olaraq ödənilmiş 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat olmaqla, ümumilikdə Cavabdeh 22355,75 manat məbləğində pul tutularaq, İddiaçı verilməli, Cavabdeh 500 manat məbləğində ekspertiza xərci Mərkəzi Ekspertiza Bürosunun, 100 manat məbləğində ekspertiza xərci isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Dəymiş zərərin əvəzi olaraq 21286 manat, vəkilə xidmət haqqı olaraq ödənilmiş 419,75 manat, ekspertiza tədqiqatının dəyəri olaraq ödənilmiş 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat olmaqla, ümumilikdə Cavabdeh 22355,75 manat məbləğində pul tutularaq, İddiaçı verilsin. Cavabdeh 500 manat məbləğində ekspertiza xərci Mərkəzi Ekspertiza Bürosunun, 100 manat məbləğində ekspertiza xərci isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-47/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-47/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver