Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-637/2023 05.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1980 manat dəyərində bir ədəd 585 əyar, çəkisi 22 qram olan qızıl dəstinin və 720 manat dəyərində bir ədəd 585 əyar, brilyant qaşlı, çəkisi 4 qram olan nişan üzüyünün özünün və ya dəyərinin, bundan başqa nümayəndəsinin (vəkilin) Xırdalan şəhərindən Şamaxı şəhərinə gələrək, ən azı 3 məhkəmə prosesində iştirakına görə hər dəfəsinə 20 manat olmaqla, cəmi 60 manat, vəkillə müqaviləyə görə 119 manat, etibarnaməyə çəkilən 17,25 manat, cəmi 196,25 manat məhkəmə xərcinin və 50 manat iddia ərizəsinə görə dövlət rüsumunun cavabdehdən məcburi qaydada alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmıdşır ki, o, X2 ilə ailə həyatı qurmuşdur. Ailə quran zaman, həyat yoldaşı və onun ailə üzvləri tərəfindən 1980 manat dəyərində bir ədəd 585 əyar və çəkisi 22 qram olan qızıl dəsti və 720 manat dəyərində bir ədəd 585 əyar və brilyant qaşlı, çəkisi 4 qram olan nişan üzüyü ona hədiyyə verilmişdir. Ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının qiymətinə dair faktlar ekspertin xx.xx.2023-cü il tarixli rəyində öz əksini tapmışdır. 2021-ci ilin mart ayında onunla həyat yoldaşı arasında ailədaxili mübahisə yarandığından, atası evinə getmişdir. Həyat yoldaşı və onun ailə üzvləri tərəfindən ona hədiyyə kimi alınmış yuxarıda qeyd etdiyi qızıl-zinət əşyaları da onda idi. Bir müddət keçdikdən sonra, həyat yoldaşı ilə barışmış, lakin sözügedən qızıl-zinət əşyaları atasıgildə qalmış və indiyədək həmin əşyalarını özünə vermirlər. Cavabdeh onun atasıdır. Dəfələrlə Cavabdeh müraciət edib bildirmişdir ki, həmin qızıl-zinət əşyaları gəlin köçdüyü ailənin üzvləri tərəfindən ona həddiyə alındığından, onlar onun şəxsi əmlaklarıdır və ona məxsusdur. Odur ki, həmin qızıl-zinət əmlaklarını özünə qaytarmağı cavabdeh olan atasından xahiş etmişdir. Lakin, cavabdeh hər dəfə ona başdansovdu cavablar verərək, onun qızıl-zinət əmlaklarını qaytarmır. Bu səbəbdən, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bundan başqa, nümayəndəsinin Xırdalan şəhərindən Şamaxı şəhərinə gələrək, ən azı 3 məhkəmə prosesində iştirakına görə hər dəfəsinə 20 manat olmaqla, cəmi 60 manat, vəkillə müqaviləyə görə 119 manat, etibarnaməyə çəkilən 17,25 manat və 50 manat iddia ərizəsinə görə dövlət rüsumu olaraq, cəmi 246,25 manat məhkəmə xərclərinin cavabdehdən alınaraq, ona verilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus 1980 manat dəyərində bir ədəd 585 əyar, çəkisi 22 qram olan qızıl dəsti qolbaqdan, boyunbağından, sırğadan və üzükdən ibarətdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, İddiaçı onun oğlu Əbülfəz Şirinovla ailə qurmuşdur. Ailə quran zaman, onlar qolbaqdan, boyunbağından, sırğadan və üzükdən ibarət qızıl dəstini və bir ədəd brilyant qaşlı nişan üzüyünü iddiaçıya hədiyyə vermişdirlər. Bir müddət oğlu Əbülfəzlə İddiaçı münasibətləri korlandığından, həmin qızıl-zinət əşyaları onlarda olmuşdur. Lakin, sonradan oğlu və gəlini Sevinc barışdığından, mediatorun iştirakı ilə tərtib olunmuş aktla o, qeyd olunan qızıl-zinət əşyalarını iddiaçının atası Cavabdeh təhvil vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş fotoşəkillərə əsasən, təqribi bazar qiymətlərinə uyğun olaraq, 585 əyarlı, 22,0 qram çəkidə qolbaq, boyunbağı, sırğa və üzükdən ibarət dəstin dəyəri 1980 manat, 585 əyarlı, 4,0 qram çəkidə brilyant qaşlı nişan üzüyünün dəyəri 720 manat təşkil edir. İş materiallarından görünür ki, vəkilin göstərdiyi hüquqi yardıma görə, İddiaçı tərəfindən Xırdalan şəhər Vəkil bürosunun hesabına 119 manat məbləğində pul ödənilmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi verilərkən, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 50 manat məbləğində pul ödənilmişdir. İş materiallarından görünür ki, etibar edən İddiaçı tərəfindən etibar edilən Nümayəndə müəyyən səlahiyyətlər verilərkən, notariat orqanında etibarnamənin təsdiq edilməsi üçün İddiaçı haqq olaraq 17,25 manat pul tutulmuşdur. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin araşdırılmış halları ilə müəyyən olundu ki, İddiaçı X3 ilə ailə həyatı qurmuş, ailə quran zaman həyat yoldaşı və onun ailə üzvləri tərəfindən bir ədəd 585 əyarlı, çəkisi 22 qram olan qolbaqdan, boyunbağından, sırğadan və üzükdən ibarət qızıl dəsti və bir ədəd 585 əyarlı, brilyant qaşlı, çəkisi 4 qram olan nişan üzüyü ona hədiyyə verilmişdir. Hazırda isə həmin qızıl-zinət əşyaları heç bir qanuni əsas olmadan Cavabdeh sahibliyindədir və hazırda iddiaçı öz əmlakını cavabdehin qanunsuz sahibliyindən geri tələb edir. Mütəxəssis rəyi ilə, təqribi bazar qiymətlərinə uyğun olaraq, 585 əyarlı, 22,0 qram çəkidə qolbaq, boyunbağı, sırğa və üzükdən ibarət dəstin dəyəri 1980 manat, 585 əyarlı, 4,0 qram çəkidə brilyant qaşlı nişan üzüyünün dəyəri 720 manat müəyyən olunmuşdur. Həmçinin, məhkəmə xərcləri olaraq iddiaçı tərəfindən cəmi 186,25 (119+17,25+50) manat məbləğində vəsait xərclənmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tələbində nümayəndəsinin (vəkilin) Xırdalan şəhərindən Şamaxı şəhərinə gələrək, ən azı 3 məhkəmə prosesində iştirakına görə, hər dəfəsinə 20 manat olmaqla, cəmi 60 manat pulun cavabdehdən tutulmasını xahiş etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə nümayəndənin (vəkiliin) məhkəmə proseslərində iştirakına görə 60 manat pulun cavabdehdən tutulması hissəsində iddianı əsassız hesab edərək, həmin hissədə iddianın təmin olunmaması qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəyəri 1980 manat olan 585 əyarlı, 22,0 qram çəkidə qolbaq, boyunbağı, sırğa və üzükdən ibarət dəstin və dəyəri 720 manat olan 585 əyarlı, 4,0 qram çəkidə brilyant qaşlı nişan üzüyünün özü və ya həmin əmlaklar olmadıqda dəyərləri və məhkəmə xərcləri olaraq cəmi 186,25 manat pul alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh dəyəri 1980 (bir min doqquz yüz səksən) manat olan 585 əyarlı, 22,0 qram çəkidə qolbaq, boyunbağı, sırğa və üzükdən ibarət dəstin və dəyəri 720 (yeddi yüz iyirmi) manat olan 585 əyarlı, 4,0 qram çəkidə brilyant qaşlı nişan üzüyünün özü və ya həmin əmlaklar olmadıqda dəyərləri və məhkəmə xərcləri olaraq cəmi 186,25 (bir yüz səksən altı manat iyirmi beş qəpik) manat pul alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-637/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-637/2023
05.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver