Məhkəmə qərarları › İş №e-2(074)-72/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-72/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-72/2025 14.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi – Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları: İddiaçı özünə məxsus Naftalan şəhərində yerləşən məzilini təmir etdirmək məqsədi ilə, Cavabdeh ilə razılaşıb, 2023-cü ildə aralarında şifahi podrat müqaviləsi bağlanmışdır. Razılaşmaya əsasən, cavabdeh öz işçi briqadası ilə birlikdə həmin mənzili dizayn layihəsinə uyğun və razılaşdırılmış tikinti materiallarından istifadə etməklə, 2023-cü ilin sonunadək təmir etmək və qüsursuz vəziyyətdə təhvil vermək öhdəliyini öz üzərinə götürmüşdür. Təmir işlərinin müqabilində, iddiaçı cavabdehə 32500 manat məbləğində pul ödəmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, 2024-cü ilin fevral ayınadək, müxtəlif vaxtlarda, müxtəlif məbləğlər olmaqla, ümumilikdə 32500 manat pulu cavabdehə vermişdir. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, işləri qüsurla yerinə yetirmiş və razılaşdırılmış müddətdə, yəni 2023-cü ilin sonunadək təmir işlərini bitirib, təhvil verməmişdir. İddiaçı tərəfindən cavabdehə təmir işlərini tamamlamaq və qüsurları aradan qaldırılması üçün əlavə müddət verilməsinə baxmayaraq, işlər tamamlanmamış və qüsurlar aradan qaldırılmamışdır. Bu səbəbdən, tərəflər arasında mübahisə yaranmış və cavabdeh təmir işlərini bitirməyərək, razılaşmanı pozub getmişdir. Bununla bağlı, iddiaçı şikayət ərizəsi ilə Naftalan Şəhər Polis Şöbəsinə müraciət etmiş və cavabdeh polis şöbəsində verdiyi izahatında, iddiaçıdan təmir işlərinə görə 32500 manat pul aldığını, lakin işləri tam bitirmədiyini və bundan imtina etdiyini etiraf etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı müraciəti əsasında Naftalan Şəhər Polis Şöbəsində toplanmış materialın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı polis şöbəsində verdiyi izahatında göstərmişdir ki, 2023-cü ilin sentyabr ayından başlayaraq, müxtəlif vaxtlarda Cavabdeh məxsus bank hesablarına, həmçinin nağd şəkildə olmaqla, ümumilikdə 32500 manat pul ödəmiş, Cavabdeh təxminən 15000 manatlıq təmir işlərini görmüş, lakin, həmin şəxs nə təmir işlərini bitirməmiş, nə də ki, qalan 17500 manat pulunu qaytarmamışdır. Həmçinin, Cavabdeh polis şöbəsində verdiyi izahatında göstərmişdir ki, 2023-cü ilin yay aylarında dizayn şirkəti vasitəsilə İddiaçı ilə tanış olmuş, şifahi razılaşmalarına əsasən, o, Təhminə xanıma məxsus Naftalan şəhərində yerləşən mənzili təmir etməli, bunun müqabilində isə, 32500 manat pul almalı idi. 2024-cü ilin may ayına qədər təmir işləri görülmüş, nöqsanlar aradan qaldırılmış, lakin, sonradan aralarında narazılıq yaranmış və bu səbəbdən, o, təmir işlərini dayandırıb, işçilərini oradan çıxartmışdır. Sonradan, işçiləri göndərib, işləri tamamlamaq istədikdə, Təhminə xanım onların gəlməməsini, ödənilmiş 32500 manat pulun 12500 manat hissəsinin qaytarılmasını tələb etmişdir. Həmin mənzildə təmir işlərinin əksər hissəsi görülmüş, yalnız dekorasiya işləri qalıbdır. İş materiallarından görünür ki, hazırki iddia ilə bağlı hüquqi yardıma görə, İddiaçı tərəfindən Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Vəkil hesabına 330 manat məbləğində vəsait ödənilmişdir. İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilinin təmiri ilə bağlı ödədiyi 32500 manat pul vəsaitinin, vurulmuş zərərə görə 2000 manat pulun, dövlət rüsumu olaraq ödənilmiş 194 manat pulun və vəkilə ödənilmiş 330 manat xidmət haqqının, ümumilikdə 35024 manat pulun cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzilini əsaslı təmir etmək qərarına gəlmiş və ilkin təmir işlərinin ("qara təmir") görülməsi üçün X1 ilə müqavilə bağlamışdır. Həmin şəxs təmirin ilkin mərhələsini, yəni söküntü, hörgü, yerlərin isti pol ilə işlənməsi, yerə beton styajka verilməsi, santexnik, elektrik, malyarın divarları mayak və astardan çıxarılması işləri görərək ona təhvil vermişdir. Daha sonra təmirin qalan hissəsini tamamlamaq, yəni boya işləri, tavanın yığılması, parket döşəmənin və plintusların vurulması, kafel və metlaq vurulması, və sair işləri görmək üçün cavabdehlə xx.xx.2023-cü il tarixdə şifahi podrat müqaviləsi bağlanmışdır. Aralarında olan razılaşmaya əsasən, cavabdeh öz işçi briqadası ilə birlikdə onun mənzilini dizayn layihəsinə uyğun və razılaşdırdığı tikinti materiallarından istifadə etməklə, tam təmir etmək və görülmüş işi 2023-cü ilin dekabr ayınadək tam və qüsursuz təhvil vermək öhdəliyini öz üzərinə götürmüşdür. Qeyd olunan işlərin müqabilində cavadehə 32500 manat (parket, plintus və otaq qapıları xaric digər tikinti materiallarının dəyəri daxil olmaqla) məbləğində pul ödəmək öhdəliyini üzərinə götürmüşdür. Razılaşmanın şərtlərinə görə, cavabdeh təmir işlərində aşağıdakı tikinti materiallarından istifadə etməli idi: “Akdeniz” üzlük, alçipan “Gilan” yaşıl rənq, profillər “Gilan knauf”, diktlər 18-lik, laqa 5/7, qranit və kafellər Hindistan istehsalı, divarlar dekorativ boya və s. Razılaşmadan sonra öz üzərinə düşən öhdəliyi icra edərək, 2023-cü ilin dekabr ayınadək cavabdehə 31000 manat pul vəsaitini ödəmişdir. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, işləri ciddi qüsurla yerinə yetirmiş və şərtləşdiyi müddət ərzində, yəni 2023-cü ilin dekabr ayınadək təmir işlərini təhvil verməmişdir. O, humanistliyindən irəli gələrək, qüsurların aradan qaldırılması və təmir işlərinin tamamlanması üçün cavabdehə 2024-cü ilin mart ayınadək əlavə icra müddəti vermiş, lakin buna baxmayaraq, cavabdeh yenə də öhdəliyini yerinə yetirməmişdir. Həmçinin 2024-cü ilin fevral ayında cavbdeh ondan qalıq 1500 manat pul vəsaitini istəmiş və mən təmir yekunlaşsın deyə həmin vəsaiti cavabdehə ödəmişdir.Bələliklə o, cavabdehə razılaşdırılmış 32500 manat pul vəsaitini tam şəkildə ödəmişdir. Baxmayaraq ki, təmir işlərinə görə razılaşdırılmış 32500 manat pul vəsaiti onun tərəfindən cavabdehə tam olaraq ödənilsə də, cavabdeh təmir işlərini yekunlaşdırmamış və qüsurların heç birini aradan qaldırılmamışdır. Bununla yanaşı, mənzilə baxış keçirildikdə müəyyən olunmuşdur ki, cavabdeh razılaşdığı tikinti materiallarından deyil, qat-qat ucuz və keyfiyyətsiz mteriallardan itifadə etmiş, onu aldatmağa çalışmışdır. Bununla bağlı cavabdehlə aralarında mübahisə yaranmış və cavabdeh ümmiyyətlə heç bir iş görməyəcəyini bildirərək, işləri yarımçıq qoyub getmişdir. Hal-hazırda mənzilin təmiri tamamlanmamış qalır, görülmüş işlər qeyri-peşakar şəkildə görüldüyündən, təmir işlərində ciddi qüsurlar mövcuddur, bütün istifadə edilən materiallar keyfiyyətsiz, zədələnmiş və yararsız vəziyyətdədir. Bununla yanaşı müəyyən edilmişdir ki, cavabdehlə razılaşdırılmış təmir xərclərinə daxil olmayan,əlavə olaraq öz hesabına alınmış qapılar (çərçivələr daxil), plintuslar və parket cavabdeh tərəfindən yararsız hala salınıb. Qüsurların aradan qaldırılması və təmirin yekunlaşdırılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, heç bir nəticə verməmiş, belə ola halda ödəmiş olduğu vəsaitin qaytarılmasını tələb etsə də, sonuncu pulu qaytarmaqdan imtina etmiş, daha sonra isə zənglərinə ümumiyyətlə cavab verməmişdir. Mən məcburiyyət qarşısında qalaraq 2024-cü ilin may ayında Cavabdeh bu cür hərəkətləri ilə bağlı Naftalan Şəhər Polis Şöbəsinə şikayət ərizə ilə müraciət etmiş və Cavabdeh polis şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. Cavabdeh polis şöbəsində verdiyi izahatda da, ona məxsus mənzilin təmin edilməsi üçün 32500 manat pul vəsaiti almasını, işlərin natamam olmasını və təmir işlərininin tamamlanmasından imtina etdiyini etiraf etmişdir. Polis şöbəsində aparılmış araşdırmadan sonra aralarında olan mübahisənin mülki xarakterli olduğu bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona muzd kimi ödədiyi 32500 manat, cavabdehin işi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün çəkməli olduğu xərc və cavabdehin yararsız hala saldığı qapılar (çərçivələr daxil), plintuslar və parketin əvəzi olaraq 2000 manatdan artıq zərər yetirilmişdir. Eyni zamanda, cavabdehin qanunsuz hərəkətləri nəticəsində, o, mülkiyyətində olan mənzildən istifadə edə bilmir və bu onun üçün əlavə xərclər təşkil edir. Məhkəmə iclasında verilən izahatlar: İddiaçı nümayəndəsi – Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşə baxan məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, tərəflər arasında qanunvericiliyə uyğun olaraq şifahi podrat müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan razılaşdırılmış pul məbləğini almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında təmir işlərini şərtləndirilmiş müddətdə və qüsursuz görməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh podrat müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin işləri tam, vaxtında və qüsursuz görməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən podrat müqaviləsi üzrə yaranmış borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı təmir işlərinə görə cavabdehə verdiyi 32500 manat pulun tam qaytarılmasını tələb etsə də, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh ödənilmiş vəsaitin müqabilində 15000 manatlıq işlərin yerinə yetirilməsini təmin etmişdir. Həmçinin, iddiaçı əlavə xərclərə görə cavabdehdən 2000 manat pulun tutulmasını tələb etsə də, iddiaçı həmin hissədə tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17500 (on yeddi min beş yüz) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 330 manat xidmət haqqı və ödənilmiş 143,50 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 17500 (on yeddi min beş yüz) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 330 manat xidmət haqqı və ödənilmiş 143,50 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar