Məhkəmə qərarları › İş №e-2(074)-931/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-931/2024

15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-931/2024 15.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin borcunun ödənilməsindən azad olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment üzrə yaranmış 1796 manat aliment borcunun ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-84/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və ondan qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin alınıb, iddiaçı Cavabdeh verilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-28/3-1-11//2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun olaraq, o, Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli bildirişinə əsasən, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnozu: Üzvi şəxsiyyət pozuntusu, intihar cəhdləri və epileptiform tutmaları ilə F07.0. Eyni diaqnozla xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər Sumqayıt Psixiatriya Xəstəxanasının göndərişi ilə Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin tibb müəssisəsində müalicə almışdır. Hazırda yaranmış 1796 manat aliment borcunun ödənilməməsi onun xəstəlyi və maddi imkanının yol verməməsi ilə əlaqədardır. Hər ay mütəmadi olaraq əvvəlki qaydada 140 manat məbləğində ödəniş edir. Pensiyanın bərpasına qədər də, bu ödənişləri edəcəkdir. Həmin ödənişi onun anası öz pensiyasından ödəyir. O, yeganə oğul övladıdır, bacıları da, birtəhər ona köməklik göstərirlər ki, hələlik maddi tələbatı ödənilsin. Lakin, əsassız olaraq icra məmuru onu narahat edir, bildirir ki, orta aylıq əmək haqqına görə 230 manat pul ödəməlidir. O da, məcburiyyət qarşısında məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini əsassız hesab edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(074)-84/2020 saylı icra vərəqəsinə əsasən, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(074)-1434/2018 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı dəyişdirilmiş və borclu İddiaçı qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment alınıb, tələbkar Cavabdeh verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-84/2020 saylı icra vərəqəsinin surəti borclu İddiaçı pensiyasından hər ay 1/4 hissənin tutulub, tələbkar Cavabdeh hesabına köçürülməsinin təmin olunması üçün, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı Mərkəzi Filial tərəfindən xx.xx.2018-ci il tarixdən hərbi qulluqçu kimi, əlilliyə görə əmək pensiyası təyin edilibdir. İddiaçı əlilliyinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ona əlilliyə görə əmək pensiyasının ödənilməsi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən, işsiz kimi qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-84/2020 saylı icra sənədi üzrə borclu İddiaçı xx.xx.2023cü il tarixədək (xx.xx.2023-cü il tarixdə İddiaçı əlilliyə görə əmək pensiyasının ödənilməsi dayandırılmışdır) 624 manat, xx.xx.2023-cü il tarixdən sonrakı dövr ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqına əsasən hesablanıb (2023-cü il üzrə 933,8 manat, 2024-cü ilin yanvar-aprel aylarında isə 1007,5 manat), 1779 manat olmaqla, cəmi 2403 manat aliment borcu qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. BMT-nin “Uşaq hüquqları Bəyannaməsi”nin 2 saylı prinsipinə əsasən “uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir”. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən, “uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqi vardır. Həmin Qanunun 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafeylərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Beləliklə, məhkəmə tərəflərin birgə nikahından olan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, uşağın qabiliyyətinin inkişaf etdirilməsini, onun maddi və mənəvi tələbatlarının təmin edilməsini, hüquq və mənafeylərinin mühafizəsini əsas tutularaq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad olunması tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad olunması tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar