Məhkəmə qərarları › İş №e-2(075)-1276/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1276/2025

03.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1276/2025 03.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Saylı Elşad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 24 yanvar 2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin tutulması, ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, X7 ilə 20 may 2017-ci il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 24 yanvar 2018-ci il təvəllüdlü X8 adlı qızları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 2(075)-1110/2019 saylı qətnaməsi ilə iddiaçı X7 ilə onun arasında 20 may 2017-ci il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış 88 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 24 yanvar 2018-ci il təvəllüdlü X4 onun yanında qalması, 24 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X3 hər ay üçün sabit pul məbləğində 160 manat məbləğində alimentin tutularaq ona verilməsi, alimentin tutulmasının əvvəlinin 23 avqust 2019-cu il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, X5 dövlət büdcəsinə ödədiyi 20 manat dövlət rüsumunun onun özünə aid edilməsi, X3 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. X2 artıq 5 ildir ki, alimenti ödəmir və hazırda onun 5000 manatdan yuxarı aliment borcu var və artıq 2 ildir ki axtarışdadır. Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 8(075)-192/2024 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin 2(075)-1110/2019-006 nömrəli, xx.xx.2019cu il tarixli icra sənədinin icrası ilə əlaqədar – xx.xx.1987-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan borclu X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cavabdeh1 Şəki şəhəri qarışıq tipli uşaq evində tibb bacısı işləyir və 1000 manata qədər əmək haqqı alır. Digər Cavabdeh2 isə böyük şirniyyat sexi işlədir və Şəki rayonu və ətraf rayonlara şirniyyat paylayır. Cavabdeh2 məxsus şirniyyat sexində 10a yaxın işçi işləyir və sex təxmini aylıq 10000 manata yaxın gəlir gətirir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Hazırkı halda da onun himayəsində olan azyaşlı övladının saxlanılması üçün X3 alimentin alınması barədə qətnamə mövcud olsa da artıq 5 ildir ki, həmin qətnamə cavabdeh tərəfindən icra edilmir və borclunun yeri məlum olmadığından iki ildir ki, həmin şəxs Şəki rayonu İcra və Probasiya Şöbəsi tərəfindən axtarışa verilmişdir. Göründüyü kimi ondan asılı olmayan səbəddən borclu alimenti ödəmir. Borclunun valideynlərinin isə kifayət qədər yüksək gəliri var və azyaşlı övladının saxlanılması üçün atası tərəfindən aliment ödənilmədiyindən övladının nənə və babası nəvələrinin saxlanılması üçün aliment ödəməyə borcludurlar. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; - Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-1110/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X7 ilə İddiaçı arasında 20 may 2017-ci il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış 88 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları-24 yanvar 2018-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalması, 24 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X3 hər ay üçün sabit pul məbləğində 160 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 23 avqust 2019-cu il tarixdən hesablanması qət edilmişdir. - Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 1858 nömrəli arayışından görünür ki, borclu X5 hal-hazırda tələbkar İddiaçı ödənilməmiş aliment borcu 2980 manat təşkil edir. - xx.xx.2018-ci il tarixli AZ-İV № 085806 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X4 atası X7, anası İddiaçıdır. - 03 aprel 2025-ci il tarixli MŞŞ/MT018/2025-00440 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X7 20 may 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 24 yanvar 2018-ci il təvəllüdlü X8 anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşağın iddiaçının himayəsində saxlanılması və uşağın saxlanılması üçün X3 alimentin tutulması qət edilmişdir. İddiaçı bildirir ki, Emin Zamanov yığılmış aliment borcunu ödəmir, onun barəsində axtarış elan edilib, ölkədən getmək hüququ məhdudlaşdırılıb, bu səbəbdən də aliment hazırkı iş üzrə cavabdehlərdən, yəni uşağın nənə və babasından tutulmalıdır. İddiaçının hazırkı iddia tələbinin hüquqi əsasını Ailə Məcəlləsinin 89-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiyasından da göründüyü kimi nəvələr o vaxt baba və nənədən aliment almaq hüququna malikdirlər ki, onlar valideynlərindən maddi yardım ala bilmirlər. Hazırkı iş materiallarından isə belə bir hal müəyyən edilməmişdir. X5 aliment ödəmək iqtidarında olmaması ilə bağlı hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. İddiaçının qeyd etdiyi Emin Zamanovun aliment ödəməkdən yayınmasının qarşısı isə müvafiq icra qurumu tərəfindən alınmalı və məhkəmə qətnaməsinin icrası istiqamətində tədbirlər davam etdirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddiası təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci özünə aid edilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar