Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1339/2022 01.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaq və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 15 oktyabr 2009-cu il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah qeydinin pozulması, birgə nikahdan 02 iyul 2010-cu il tarixdə anadan olmuş X1 və 25 fevral 2016-cı il tarixdə anadan olmuş X3 onun yanında qalması və uşaqların yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 250 manat olmaqla cəmi 500 manat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını 15 oktyabr 2009cu il tarixdə Şəki Rayon Qeydiyyat şöbəsində qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 02 iyul 2010-cu il tarixdə X4 və 25 fevral 2016-cı il tarixdə X5 anadan olmuşdur: Ailə qurduqları ilk vaxtlar cavabdehlə münasibətləri yaxşı olmuş, lakin son illər cavabdehin xasiyyəti dəyişmiş, ona və uşaqlara qarşı soyuqluq göstərmişdir. Cavabdehlə aralarında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra uşaqların onun yanında saxlanılması və aliment tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 aprel 2022-ci il tarixli arayış tərtib edilmişdir. Cavabdehlə barışaraq ailəni bərpa etmək mümkün deyil. Ona görə də. nikahlarının pozulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini cavabdehlə bağlanmış nikahın pozulmasını, birgə nikahlarından anadan olmuş uşaqların onun himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nikahın pozulması hissəsində iddia tələbini qəbul etdiyini, lakin birgə nikahlarından anadan olmuş uşaqların iddiaçının himayəsində saxlanılması hissəsində iddia tələbinə etiraz edərək, uşaqların onun himayəsinə verilməsini məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, iddiaçı başqa bir evli şəxslə münasibətdə olmuş, həmin şəxsin də ailəsi dağılmışdır. Hesab edir ki, belə bir insana uşaq etibar etmək olmaz. Lakin nigah pozularsa və uşqalar iddiaçının yanında saxlanılarsa hər uşağa görə 50 manat olmaqla cəmii 100 manat aliment ödəyə bilər. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh içki aludəçisidir, ona və uşaqlara baxmır. Qazançını içkiyə sərf edir. İş materiallarına əlavə edilmiş Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 oktyabr 2009-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikah haqqında akt qeydi 15 oktyabr 2009-cu il tarixdə 405 nömrə ilə qeyd edilmişdir.. İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(075)-1339/2022 saylı qərardadı ilə tərəflərin birgə nikahından doğulmuş uşaqları 02 iyul 2010-cu il təvəllüdlü X1 və 25 fevral 2016-cı il təvəllüdlü X3 hansı valideynin yanında qalmaları barədə Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq rəyinin alınması qərara alınmışdır. Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 28 sentyabr 2022-ci il tarixli, 7/1499 nömrəli rəyindən görünür ki, komissiyanin 15 avqust 2022-ci il tarixli iclasında iddiaçı İsmayılova (Cabbarova) Arzu Telman qızı, Cavabdeh, tərəflərin birgə nikahdan anadna olan övladları 02 iyul 2010-cu il təvəllüdlü X4 və 25 fevral 2016-cı il təvəllüdlü X5 iştirak etmişlər. - İddiaçı İsmayılova (Cabbarova) Arzu Telman qızı bildirmişdir ki, həyat yoldaşı X7 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikahla ailə həyatı qurublar. Həmin nikahdan 02 iyul 2010-cu il təvəllüdlü X4 və 25 fevral 2016-cı il təvəllüdlü X5 anadan olublar. Evliliklərinin ilk vaxtlarında səmimi ailə münasibətlərində olsalar da, lakin sonradan münasibətləri pozulub. Dəfələrlə aralarında mübahisələr olub ona görə də, ayrılmaq qərarına gəliblər. Artıq nikahları formal xarakter daşıyır və uzun müddətdir ki, tərəflər ayrı yaşayırlar. Tərəflərin birgə nikahdan olan övladları 02 iyul 2010-cu il təvəllüdlü X4 və 25 fevral 2016-cı il təvəllüdlü X5 hal-hazırda anaları ilə birgə Bakı şəhərində yaşayırlar. İddiaçı İsmayılova (Cabbarova) Arzu Telman qızı övladlarına özünün baxdığını və bundan sonra da baxmağa hazır olduğunu bildirərək övladlarının onun himayəsində qalmasını komissiya üvzlərindən xahiş etmişdir. - Komissiyanın iclasında çıxış edən Cavabdeh iddiaçı ilə uzun müddətdir ki, ayrı yaşadıqlarını və ayrılmaq istədiyini, övladlarının onun himayəsinə verilməsini komissiya üzvlərindən xahiş etmişdir. Cavabdeh Bahdır oğlu ayrılmaqlarına səbəb olaraq iddiaçının ona xəyanət etməsini və uzun müddətdir ki, başqa şəxslə ünsiyyətdə olması olduğunu bildirmişdir. - Komissiyanın iclasında Ailə Məcəlləsinin 52-ci maddəsinin tələblərinə əsasən, tərəflərin birgə nikahdan anadan olan övladları 02 iyul 2010-cu il təvəllüdlü X4 və 25 fevral 2016-cı il təvəllüdlü X5 ilə komissiyanın üzvləri tərəfindən valideynlərin iştirakı olmadan ətraflı söhbətlər aparılmışdır. Söhbət zamanı uşaqlar atalarının onlarla heç maraqlanmadığını və təkidlə anaları ilə qalmaq istədiklərini komissiya üzvlərinə bildirmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.1 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərini, Şəki şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzvlərinin rəylərini, real şəraiti, uşaqların fikirlərini, ana - İsmayılova (Cabbarova) Arzu Telman qızının övladlarından imtina etmədiyini nəzərə alaraq, tərəflərin birgə nikahdan anadan olmuş övladları 02 iyul 2010-cu il təvəllüdlü X4 və 25 fevral 2016-cı il təvəllüdlü X5 ana - İsmayılova (Cabbarova) Arzu Telman qızının himayəsində saxlanılmaları məqsədəmüvafiq hesab edilir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə nikahlarını 15 oktyabr 2009-cu il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahlarından 02 iyul 2010-cu il tarixdə X4 və 25 fevral 2016-cı il tarixdə X5 anadan olmuşdur. Tərəflər bir müddət səmini ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan aralarında olan səmimi ailə münasibətləri pozulmuşdur. Hazırda tərəflər ayrı yaşayırlar. Birgə nikahlarından doğulmuş uşaqlar İddiaçı himayəsindədirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Məhkəmə iclasında tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı müəyyən edildi. Belə ki, məhkəmə iclasında cavabdeh də nikahın pozulması hissəsində iddia tələbinə etiraz etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən ərlə arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağına toxunduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 73.2-ci maddəsinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Göründüyü kimi Şəki şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən 28 sentyabr 2022-ci il tarixli, 7/1499 rəy verilmiş və işə əlavə edilmişdir. Bundan başqa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan qanun normalarından göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Məhkəmə hesab edir ki, müəyyən edilən aliment uşağın saxlanılmasına, onun maddi və mənəvi inkişafının təmin edilməsi üçün yetərli olmalıdır. Alimentin məbləği müəyyən edilərkən uşağın mənafeyi başlıca şərt olaraq götürülməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və mənafeyini nəzərə alaraq alimentin miqdarı hər ay hər uşaq üçün 130 manat müəyyən edilmədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 15 oktyabr 2009-cu il tarixdə bağlanmış 405 nömrəli nikah pozulmalı, onların birgə nikahından doğulmuş uşaqlarıı 02 iyul 2010-cu il təvəllüdlü X4 və 25 fevral 2016-cı il təvəllüdlü X5 anası, İddiaçı himayəsində saxlanılmalı, 02 iyul 2010-cu il təvəllüdlü X4 və 25 fevral 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli 25 may 2022-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 15 oktyabr 2009-cu il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış 405 nömrəli nikah pozulsun. Tərəflərin birgə nikahdan olan uşaqları 02 iyul 2010-cu il təvəllüdlü X4 və 25 fevral 2016-cı il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılsınlar. 02 iyul 2010-cu il təvəllüdlü X4 və 25 fevral 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq İddiaçı verilsin. Aliment tutulmasının əvvəli 25 may 2022-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh 51 (əlli bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1339/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1339/2022
01.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver