Məhkəmə qərarları › İş №e-2(075)-1371/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1371/2025

02.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1371/2025 02.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın yanında saxlanılması və aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 30 noyabr 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin və ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında 11 mart 2020-ci ildə Şəki regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsində qeydə alınmış 100 №-li nikahın barışıq üçün vaxt verilmədən pozulması, birgə nikahlarından 30 noyabr 2020-ci ildə doğulmuş X3 yanında saxlanması, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 30 noyabr 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin, ödənilmiş 40 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının və 60 manat ilkin mediasiya sessiyası xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin (bundan sonra MPM-nin) 53-cü maddəsinə əsasən məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 11 mart 2020-ci ildə Şəki regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 30 noyabr 2020-ci ildə X5 adlı övladları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri əvvəllər səmimi olsa da, sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. Lakin cavabdeh birgə nikahdan doğulmuş övladının saxlanılması üçün ona heç bir maddi yardım etməmişdir. Buna görə də, o, nikahın pozulması, uşaq və aliment tələbi ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2025-ci ildə keçirilən mediasiya prosesində cavabdeh iştirak etmədiyindən mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Ona görə də, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin o, məhkəməyə elektron qaydada ərizə göndərərək himayəsində azyaşlı uşaq olduğundan məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və iddia tələbini müdafiə etdiyini bildirərək, işə iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə elektron qaydada ərizə göndərərək uşağın anasının yanında saxlanılmasına etiraz etmədiyini, nikahın pozulmasına razı olduğunu və uşaq anasının himayəsində saxlanıldığı halda hər ay 150 manat aliment ödəyə biləcəyini bildirmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh olan Cavabdeh bacısı X6 məhkəmə iclasında izahat verərək ğöstərmişdir ki, qardaşı Cavabdeh arvadından ayrıldıqdan sonra aliment ödəmək zərurəti yaranmış, alimenti ödəmək üçün iş tapa bilmədiyi üçün işləməkdən ötrü başqa ölkəyə getməyi qərarlaşdırıb getmiş, hazırda ölkə xaricində olub evdə olmadığından məhkəmənin çağırışına gələ bilməmişdir. Çağırış barədə bildiriş yaşadıqları ünvana gəldiyi üçün o, həmin məlumatı verməkdən ötrü məhkəməyə gəlmişdir. Məhkəmə iddia ərizəsini, şahidin izahatını iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; 11 mart 2020-cü il tarixli, AZ-İ № 373221 seriya nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 11 mart 2020-cü il tarixdə evlənmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 mart 2020ci ildə 500 № ilə qeyd edilmişdir. Evləndikdən sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. 25 dekabr 2020-cı il tarixli, AZ-lV № 532466 seriya nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 tərəflərin birgə nikahından 30 noyabr 2020-ci ildə Şəki şəhərində doğulmuşdur. Bu barədə doğum haqqlnda akt qeydləri kitabında 25 dekabr 2020-cı ildə 1752 № ilə qeyd edilmişdir. Atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı göstərilmişdir. xx.xx.2025-ci il tarixli, MŞŞ/MT018/2025-00392 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Şəki şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 22 iyul 2025-ci il tarixli, 5-7/2-819/2025 nömrəli rəyindən görünür ki, komissiya tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddələrinin tələbləri, Şəki şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzvlərinin rəyi, uşaqların mənafeləri və real şərait nəzərə alınaraq, tərəflərin birgə nikahından xx.xx.2020-ci ildə doğulmuş X3 anası İddiaçı himayəsində saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. ********** №-li və **********№-li mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilmiş, bununla bağlı 0.40 manat xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinin tələbinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2-ci maddəsinin tələbinə görə, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Beləliklə aydın olur ki, tərəflər arasındakı nikah sənəd üzərində formal olaraq qalmış, iddiaçı yenidən ailəsini bərpa edib yaşamalarının mümkün olmamasını iddia etmişdir . Cavabdeh isə nikahın pozulmasına etiraz etməmişdir. Qeyd olunan Məcəllənin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozulduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında saxlanılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, uşaq hazırda azyaşlı olmaqla anası İddiaçı yanında qalmışdır. Məhkəmə tərəflərin birgə nikahdan olan uşağının azyaşlı olmasını, onun ana nəvazişinə ehtiyacı olmasını, uşağın mənafeyini, ananın uşağından imtina etməməsini, İddiaçı mənzil-məişət şəraitini və Şəki Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasınin üzvlərinin yekdil rəyini nəzərə alaraq uşağın anasının yanında qalmasını məqsədə müvafiq hesab etməsini, cavabdehin uşağın iddiaçının yanında saxlanmasına rərəfdar olub elektron qaydada göndərdiyi ərizəsində buna etirazının olmadığını bildirməsini, iş üzrə şahid qismində izahat vermiş cavabdehin bacısı X4 cavabdehin hazırda alimenti ödəməkdən ötrü işləmək üçün başqa ölkəyə gedib hazırda ölkədə olmadığını qeyd etməsini, şəxsin sərhəd keçməsi barədə sənəddə cavadehin xx.xx.2025-ci ildə Heydər Əliyev adına Beynəlxalq Aereportundan istifadə etməklə Tibilisi sərhəd portuna sərhəddən çıxış etməsi nəzərə alıb uşağın anası olan iddiaçının yanında saxlanmasını məqsədə müvafiq hesab etmişdir. Aliment tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının “8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, uşağını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, ümumilikdə mənafeyinə xidmət etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi ilə bağlı Cavabdeh qarşı iddia ərizəsi ilə 17 aprel 2025-ci ildən məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının əvvəli 17 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə onu da qeyd edir ki, uşağın saxlanması hər iki valideynin borcu olduğundan və cavabdedən alimentin tutulmasından ötrü iddiaçı tərəfindən cavabdehin qazancı barədə müfəssəl məlumatı əks etdirən sübutlar təqdim edilmədiyindən 17 aprel 2025-ci ildən başlayaraq yetkinlik yaşına çatmayan 30 noyabr 2020-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində alimentin təyin edilməsi ədalətli və qanunauyğun hesab edilməlidir. Azərbaycan Respublikası MPMnin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 11 mart 2020-ci ildə Şəki regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsində bağlanmış 100 №-li nikah pozulmalı, tərəflərin birgə nikahından 30 noyabr 2020-ci ildə doğulmuş X5 anası İddiaçı yanında saxlanılmalı, 17 aprel 2025-cü ildən başlayaraq yetkinlik yaşına çatmayan 30 noyabr 2020-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməli və qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yöləldilməlidir. Cavabdeh 40 manat məbləğində dövlət rüsumu, dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı, 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməli və tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Odur ki, 44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respubilkası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 227 və 233 maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 11 mart 2020-ci ildə Şəki regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsində bağlanmış 100 №-li nikah pozulsun. Tərəflərin birgə nikahından 30 noyabr 2020-ci ildə doğulmuş X5 anası İddiaçı yanında saxlanılsın. 30 noyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində aliment tutulsun. Cavabdeh 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci ildən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Şəki 1 saylı Mediasiya Təşkilatına ödənilmiş mediasiya xərci, dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı olmaqla, cəmi 100,40 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 il ərzində iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən bir ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar