Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1415/2024 01.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmailzadə (Məmmədli) Sevinc Nadir qızı ilə, birgə nikah dövrünə təsadüf edən və onun adına alınmış kreditlərin ödənilməmiş məbləğinin 50%-i, yəni, 1384,32 manatın yarısının (692,16 manat) cavabdeh İsmailzadə (Məmmədli) Sevinc Nadir qızından alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki rayon Qeydiyyat Şöbəsində xx.xx.2017-ci il tarixində, 189 sayla qeydə alınmaqla, ünvan 1i ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, xx.xx.1996-cı il doğumlu İsmailzadə (Məmmədli) Sevinc Nadir qızının onunla nikahı bağlanmışdır. Şəki Rayon Məhkəməsinin e-2(075)-2514/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, İsmailzadə (Məmmədli) Sevinc Nadir qızının, ona qarşı aliment tələbinə dair iddiasının, qismən təmin edilməsi, yəni tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixindən hesablanması ilə, İsmailzadə (Məmmədli) Sevinc Nadir qızı ilə onun birgə nikahlarından doğulmuş oğlu xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 180 manat sabit pul məbləğində alimentin, ondan alınaraq İsmailzadə (Məmmədli) Sevinc Nadir qızına verilməsi qət edilmişdir. Hazırda Şəki Rayon Məhkəməsinin icraatında, iddiaçı İsmailzadə (Məmmədli) Sevinc Nadir qızının, ona qarşı əmlak tələbi ilə bağlı e-2(075)-497/2024 saylı və eyni məhkəmənin icraatında, onun Cavabdeh (Məmmədli) qarşı nikahın pozulması və uşaq tələbinə dair e-2(075)-491/2024 saylı işlər mövcuddur. İş üzrə cavabdeh İsmailzadə (Məmmədli) Sevinc Nadir qızı ilə birgə nikah dövründə, onun adına bankdan götürülmüş kreditlər mövcuddur ki, qanunvericilik, birgə nikah dövrü qazanılmışların müştərək bölünməsi qaydasını təyin edir. Belə ki, “Viator Bank olmayan Kredit Təşkilatı”-ndan, xx.xx.2022-ci il tarixdə, SH/27721 saylı kredit müqaviləsi əsasında, onun adına illik 26 % olmaqla, 18 aylıq 900 manat kredit götürülmüşdür ki, həmin kreditin, hazırda ödənilməmiş hissəsi, 136,46 manat və "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixində, illik 23,5% olmaqla, 24 aylıq 1870 manat kredit götürülmüşdür ki, həmin kreditin də, hazırda ödənilməmiş hissəsi, 775 manat təşkil edir. Əlavə olaraq, onun adına "xxxx" ASC-nin onun adına “Birbank” kredit kartı da mövcuddur ki, qeyd edilən kart üzrə 472,86 manat borc mövcuddur. Qeyd edilən məbləğlərin cəminin ½-i, yəni 1384,32 manatın yarısı olan, 692,16 manat cavabdeh İsmailzadə (Məmmədli) Sevinc Nadir qızı tərəfindən ona ödənilməlidir. Qeyd edilənlərə görə, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. 2023-cü ilin sentyabr ayında cavabdehlə faktiki olaraq ayrılmışlar. Birgə nikah dövründə 03 noyabr 2022-ci il tarixdə 18 ay müddətinə BOKT "xxxx" MMC-dən 900 manat məbləğində, 2022-ci ildə 2 il müddətinə "xxxx" ASC-dən 1870 manat məbləğində kredit götürmüş, həmçinin "xxxx" ASC-də onun adına “Birbank” kredit kartı da mövcuddur ki, qeyd edilən kart üzrə 472,86 manat borc mövcuddur. BOKT "xxxx" MMC-dən götürdüyü kredit borcunu 2024-cü ilin aprel ayında tam şəkildə ödəmişdir. Həmin pulu şirinlik kimi, yeni işə girməsi həlli yolunda xərclər çəkdiyi üçün almışdır. "xxxx" ASC-dən və "xxxx" ASC-də onun adına olan “Birbank” kredit kartı ilə götürdüyü pulları isə ailənin ehtiyacları üçün xərcləmişdir. Bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. İddiaçı sözügedən krediti ailənin ehtiyacları üçün xərcləməyib. Ailənin ehtiyacları üçün bütün xərcləri iddiaçının atası qarşılamışdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; Oğuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə X3 arasında 20 iyul 2017-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 189 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsmailzadə soyadı verilmişdir. BOKT "xxxx" MMC tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli, 470 nömrəli arayışdan görünür ki, İddiaçı ilə təşkilat arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 18890/2 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə 900 manat məbləğində kredit verilmişdir. X2 tərəfindən 18890/2 saylı kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz borcları xx.xx.2024-cü il tarixdə tam şəkildə ödənilmiş və hal-hazırda təşkilat qarşısında heç bir öhdəliyi yoxdur. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 7607nkSHEKb/22 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı 24 ay müddətinə, illik 23.5 faiz ödəmək şərti ilə 1870 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC tərəfindən verilmiş ödəniş cədvəlindən və çıxarışdan görünür ki, İddiaçı götürdüyü 1870 manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 24 ay müddətinə qaytarmalı olmuşdur. "xxxx" ASC tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı adına olan “Birbank” kredit kartından müxtəlif tarixlərdə (xx.xx.2023-cü il-xx.xx.2024-cü il) fərqli məbləğlərdə pul məxaric-mədaxil edilmiş, hal-hazırda kart üzrə 472.86 manat borc mövcuddur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəməmnin mövqeyi; Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 30 iyul 2017-ci il tarixdə nikah bağlamaqla yaranmışdır. Birgə nikahda olduqları müddətdə iddiaçı "xxxx" ASC ilə 22 noyabr 2022-ci il tarixdə müqavilə bağlayaraq 1870 manat, BOKT "xxxx" MMC ilə müqavilə bağlayaraq 900 manat məbləğində kredit götürmüş, həmçinin "xxxx" ASC tərəfindən onun adına “Birbank” kredit xətti açılmışdır. O, birgə nikah dövründə əldə edilmiş kredit borcunun tərəflərin ümumi borcu olduğunu və həmin kreditin ailəsinin təsərrüfatı üçün sərf edildiyini iddia edir və kredit borcunun yarısının cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericilikdə birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 9.4-cü maddəsinin tələbinə görə ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Qanunvericilik ərlə arvadın mülkiyyətinin iki hüquqi rejimdə mövcudluğunu tanımışdır: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından göstərilmişdir ki,:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi öhdəliklərinin bərabər bölgüsünü təsbit etmişdir. Eyni zamanda ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Məhkəmə işin faktiki hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək, ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasından çıxış edərək hesab edir ki, araşdırılan mübahisə üzrə ər-arvadın birgə nikah dövründə yaranmış borc ümumi mülkiyyətin hüquqi rejiminə aid olmaqla ümumi əmlakın dairəsinə daxildir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinə münasibətdə müvafiq subyektiv hüquqa malikdir. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. İşin hallarından göründüyü kimi araşdırma predmeti olan kredit məbləğinin tərəflərin birgə nikah dövründə götürülməsi mübahisəsiz haldır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək BOKT "xxxx" MMC tərəfindən 06 iyun 2024cü il tarixdə götürdüyü 900 manat məbləğində kredit məbləğinin və "xxxx" ASC-nin onun adına “Birbank” kredit kartında mövcud olan 472,86 manat borcun 50 % cavabdehdən tutularaq ona verilməsini xahiş etsə də, məhkəmə hesab edir ki iddia həmin hissələrdə təmin edilməməlidir. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatından da, BOKT "xxxx" MMC-dən götürdüyü krediti “şirinlik” şəklində işə qəbul olması həlli yolunda xərclər çəkdiyi üçün aldığını etiraf etmişdir. Həmçinin "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı adına olan “Birbank” kredit kartından müxtəlif tarixlərdə (xx.xx.2023-cü ilxx.xx.2024-cü il) fərqli məbləğlərdə pul məxaric-mədaxil edilmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh faktiki olaraq 2023-cü ilin sentyabr ayında ayrılmışlar. Lakin İddiaçı adına olan “Birbank” kredit kartından iddiaçı cavabdeh ilə yalnız cavabdehlə birgə təsərrüfat apardıqları zaman deyil, həmçinin faktiki ayrıldıqdan sonrada istifadə etmişdir. Buna görə də, həmin pulun ailənin ehtiyacları üçün sərf edildiyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa cavabdeh iddiaya etiraz edərək "xxxx" ASC-dən götürdüyü kredit məbləğinin ailənin ümumi ehtiyaclarına sərf edilmədiyini göstərsə də borcun ailə məqsədləri üçün istifadə olunmadığını göstərən heç bir sübut məhkəməyə təqdim etməmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi kredit müqaviləsi üzrə öhdəliyin icrası xx.xx.2022-ci il tarixdən başlamışdır. Tərəflər arasında olan nikah rəsmi qaydada pozulmasa da, onların faktiki olaraq ayrı yaşadıqları, ər-arvad münasibətlərinin 2023-cü ilin sentyabr ayında kəsildiyi, birgə təsərrüfat aparmadıqları müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 2022-ci ilin noyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət birgə nikah dövrünə aid olmaqla, tərəflərin ümumi təsərrüfat apardıqları dövrdə edilmiş ödənişlər nəzərə alınmamalı, 2023-cü ilin oktyabr ayından kredit müqaviləsinin 22 aprel 2024-cü il tarixədək olan dövr üzrə qalıq borc (ödəniş cədvəlinə əsasən 7x99=693) hesablanaraq tərəflər arasında bərabər bölünməlidir. Lakin kredit müqaviləsinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə qalıq borcun tutulması hissəsində məhkəmə hesab edir ki, İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam ödəmədiyindən iddia həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında qeyd edilir ki, ər-arvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir. Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Beləliklə, məhkəmə şərh olunanlara əsasən və hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması ilə bağlı qanunvericiliyin göstərişlərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 346.5 (üç yüz qırx altı manat əlli qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 346.5 (üç yüz qırx altı manat əlli qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Vəliyev.