Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1584/2025 15.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.2025-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün müəyyən olunmuş minimum əmək haqqının 0,12 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək bildirir ki, xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikah münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-674/2023 saylı qətnaməsi ilə nikah pozulmuş, Emil Ağaməmmədov atasının, Ömər Ağaməmmədov isə anasının himayəsində saxlanmışdır. Daha sonra Şəki şəhər 1 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilən mediasiya nəticəsində xx.xx.2025-ci il tarixli barışıq sazişi əsasında xx.xx.2015-ci il təvəllüdlü X7 iddiaçının himayəsində saxlanılması barədə razılaşmışlar. Şifahi olaraq razılaşmışlar ki, cavabdeh az da olsa, uşaqların saxlanmasına yardım edəcək. Lakin heç bir dəstək olmadığından, mediasiya prosesində heç bir razılaşma əldə edilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında sədrlik edənin verdiyi suallara cavab olaraq bildirmişdir ki, cavabdeh əlildir, yataq xəstəsidir, lakin müvafiq pensiya alır. Həmçinin uşaqların saxlanması üçün aliment tələbi ilə bağlı məhkəmə aktı ona sənədləşmə işi üçün zəruridir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sənədlərə istinad edərək faktiki halları müəyyən edir: - Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-674/2023 saylı qətnaməsindən, nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X2 Tural Ələddin oğlunun, xx.xx.2015-ci il təvəllüdlü X1 Kamilə Camal qızının himayəsində saxlanılması qət edilmişdir. - Şəki şəhər 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş hazırkı iş üzrə tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il tarixli MŞŞ/MT018/2025-0039 saylı barışıq sazişində qeyd olunur ki, birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdən hesablanmaqla 18 yaşı tamam olana kimi atası X4 himayəsinə verilməsinə razı olmuşlar. -xx.xx.2025-ci il tarixli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayışdan məlum olur ki, tərəflər aliment tələbi ilə bağlı mediasiya prosesində razılığa gələ bilməmişlər. - “Elektron məhkəmə” informasiya sistemindən edilən çıxarışdan görünür ki, Cavabdeh Ümumi xəstəlik, 3-cü qrup əlilliyə görə 180 manat pensiya alır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəllənin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 saylı qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)." Azərbaycan Respublikası Ali Məhkəməsinin rayon(şəhər) və apellyasiya məhkəmələrinə ünvanlanmış 14 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, məhkəmlər aliment tutularkən alimentin hesablanmağa başlandığı( tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə munimum əmək haqqı məbləğində fərq olduqda aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minumum əmək haqqına münasibətdə təyin edilməlidir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2025-ci il üçün minimum əmək haqqının 400 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə müəyyən edir ki, tərəflərin birgə nbikahlarından anadan olmuş xx.xx.2011ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 atalarının himayəsindədir. İddiaçı hər ay hər uşaq üçün müəyyən olunmuş minimum əmək haqqının 0,12 misli həddində sabit pul məbləğində aliment tələb edir. Cavabdeh ümumi xəstəliyə görə 3-cü qrup əlilliyə görə 180 manat pensiya alır. 3-cü qrup əlillik hazırda orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə müəyyən olunur. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqların mənafeyini, eləcə də yuxarıda qeyd olunan hüquqi dəyərlənməni nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün müəyyən olunmuş minimum əmək haqqının 0,12 misli həddində, ümumilikdə 0,24 misli hədində sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməli, qətnamə dərhal icraya yönəldiməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün müəyyən olunmuş minimum əmək haqqının 0,12 misli həddində, ümumilikdə 0,24 misli hədində sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-1584/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1584/2025
15.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver