Məhkəmə qərarları › İş №e-2(075)-1743/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1743/2024

21.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1743/2024 21.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkili Vəkil Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə evlilikdən dünyaya gəlmiş xx.xx.2022-ci il təvəllüdlü Birdanə İsmayılovanın saxlanılması üçün 18 yaşına kimi hər ay 235 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə xx.xx.2021-ci ildə ailə həyatı qurmuşdur. Lakin nikahları rəsmi qeydə alınmamışdır. Onunla birgə evlilikdən xx.xx.2022-ci il təvəllüdlü Birdanə İsmayılova dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər səmimi yaşasalar da sonradan aralarında bir çox narazılıqlar yaranmış və buna görə də ayrı yaşayırlar. Cavabdeh öz evində o, isə uşağı ilə birlikdə atasına məxsus Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən evdə yaşayır. Rəsmi nikahları olmadığı və cavabehin uzun müddət Rusiya Federasiyasında olduğu üçün uşağa atalıq verilməmişdir. Doğum aktı qeydində ata adı boş saxlanılmışdır. Buna görə də atalıq verilməsi üçün və aliment məsələsini həll etmək üçün Mediasiya xidmətinə müraciət etmişdir. Burda uşağa atalıq verilməsi hissəsində cavabdehlə razılıq əldə edilmişdir. Bundan sonra qarşılıqlı ərizə ilə Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət edərək “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə” əldə etmişdir. Alimentə aid hissədə isə razılıq əldə edilməmişdir. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkili Vəkil iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək bildirdi ki, oğlu Rusiyada işləyirdi. Hər ay təqribi olaraq 100-200 manat göndərirdi. Daha sonra səhhətində problemlər yarandığı üçün işləyə bilməmişdir. Hal-hazırda Rusiyada müalicə alır. Əvvəllər İİ qrup əlilliyi olduğu üçün pensiya alırdı. Lakin hal-hazırda pensiyası kəsilib, artıq pensiya almır. Məhkəmədən maddi imkanını nəzərə alaraq qanuni qərar çıxarılmasını xahiş edir. İşdə materiallarında olan Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, İddiaçı ilə Cavabdeh arasında mediasiya sessiyalarının keçirilməsi üçün 100 manat İddiaçı tərəfindən 50 manat isə Cavabdeh tərəfindən ödənilmişdir. Şəki regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ № 426885 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 atasıdır. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 aprel 2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Birdanə İsmayılovanın atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh ilə nikahlarını rəsmi qaydada qeyd etdirməməklə ailə qurmuşlar. Rəsmi nikahları olmadığı üçün və cavabeh uzun müddət Rusiya Federasiyasında olduğu üçün uşağa atalıq verilməmişdir. Doğum aktı qeydində ata adı boş saxlanılmışdır. Buna görə də, atalıq verilməsi üçün və aliment məsələsini həll etmək üçün Mediasiya xidmətinə müraciət etmişdir. Burda uşağa atalıq verilməsi hissəsində cavabdehlə razılıq əldə edilmişdir. Onların birgə yaşayışlarından xx.xx.2022-ci il təvəllüdlü Birdanə İsmayılova adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş və ayrılmışlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2022-ci il təvəllüdlü Birdanə İsmayılovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü Birdanə İsmayılovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün 160 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 02 iyul 2024-cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 39.20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 02 iyul 2024-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 39.20 (otuz doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar