Məhkəmə qərarları › İş №e-2(075)-186/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-186/2023

24.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-186/2023 24.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 300 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 mart 2014-cü il təvəllüdlü X4 və 18 fevral 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 300 manat olmaqla cəmi 600 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikahını 07 yanvar 2013-cü il tarixdə rəsmiləşdirməklə ailə qurmuşdur. Ailə münasibətlərində olduqları müddətdə 14 mart 2014-cü il tarixdə X7, 18 fevral 2020-ci il tarixdə isə X9 anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan o, məcburən atası evinə qayıtmışdır. Sonradan Şəki Rayon Məhkəməsinin 2(075)-718/2017 saylı məhkəmə əmrinə əsasən Cavabdeh hər ay sabit pul məbləğində 117 manat miqdarında aliment tutulub, 14 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona ödənilməsi əmr edilmişdir. 18 fevral 2020-ci il tarixdə onların ikinci uşağı anadan olmuşdur. Hazırda Cavabdeh azyaşlı uşaqların saxlanılmasına kömək etmədiyinə o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclaslarına gəlməmişlər. Lakin İddiaçı məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon Qeydiyyat şöbəsi tərərindən verilmiş 31 mart 2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14 mart 2014-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş Şəki rayon Qeydiyyat şöbəsi tərərindən verilmiş 24 fevral 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 fevral 2020-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli, 2(075)-718/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, Cavabdeh hər ay sabit pul məbləğində 117 manat miqdarında aliment tutulub, 14 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 noyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı nümayəndəsi X8 ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 07 yanvar 2013-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 14 mart 2014-cü il il tarixdə X7 və 18 fevral 2020-ci il X9 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. Cavabdeh, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün iddiaçı heç bir köməklik göstərmir. Ona görə də, iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 14 mart 2014-cü il təvəllüdlü X1 üçün təyin edilən aliment məbləği artırılmalı, 18 fevral 2020-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli, 2(075)-718/2017 saylı məhkəmə əmrinə əsasən 14 mart 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 117 manat miqdarında aliment tutulub İddiaçı ödənilməsi əmr edildiyindən, 14 mart 2014-cü il təvəllüdlü X1 üçün artırılacaq alimentin tutulması hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən, 18 fevral 2020-ci il təvəllüdlü X2 təyin ediləcək alimentin tutulmasının əvvəli isə iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi, yəni 11 noyabr 2022-ci il tarixdən hesablanmaqla dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 18 fevral 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablanmalı, məhkəmə qətnaməsi X6 təyin edilmiş aliment hissəsində dərhal icra edilməli, 14 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 11 yanvar 2017ci il tarixli, 2(075)-718/2017 saylı məhkəmə əmrinə əsasən Cavabdeh tutulması müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay 150 manat müəyyən edilməli, alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 18 fevral 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablansın. X3 təyin edilmiş aliment hissəsində dərhal icra edilsin. 14 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli, 2(075)-718/2017 saylı məhkəmə əmri ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar