Məhkəmə qərarları › İş №e-2(075)-2065/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2065/2025

25.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2065/2025 25.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(075)-174/2025 saylı qərardadı ilə müəyyən edilən alimentin miqdarının azaldılaraq 150 manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tаrixli, 2(075)-468/2017 saylı qətnaməsi ilə 10 noyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay120 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Həmin vaxtdan borclu olaraq üzərimə düşən öhdəlikləri lazımi qaydada icra etmişdir. Cavabdeh də həmin vaxtdan indiyədək bir dəfə də olsun alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. O ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan 2 övladı var. Cavabdeh Şəki Rayon Məhkəməsinə müraciət edərək aliment məbləğinin indeksasiya olunmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(075)-174/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş və hər ay ödəniləcək alimentin məbləği artırılaraq minimum əmək haqqı məbləğinin 1 misli miqdarında müəyyən edilmişdir. Həmin məbləğ isə bir uşaq üçün 400 manat deməkdir. Hansı ki, onun əmək haqqından tutulmalar çıxıldıqdan sonra ona təxminən 400-450 manat civarında pul çatır. Bu halda həm hazırkı ailə vəziyyəti və gəlirləri bu qədər artımla olan alimenti ödəməyə imkan vermir. Bundan əlavə xx.xx.2025-ci il tarixdə borclarını bağlamaq məqsədilə və həyat yoldaşının müalicəsi üçün 10000 manat kredit almışdır. Öhdəliyin müddəti 48 ay, aylıq ödəniş isə 268 manatdır. Alimentin azaldılması tələbi ilə qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmiş və cavabdeh mediasiya prosesində iştirak etmədiyi üçün ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixdə MŞŞ/MT018/2025-01033 saylı arayış verilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışadır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh 13 may 2022-ci il tarixdə iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı məhkəmədə iddia qaldıraraq Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(075)-174/2025 saylı qərardadı ilə müəyyən edilən alimentin miqdarını azaldılaraq 150 manat müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda qeyd etmişdir ki, o borclu olaraq həmin vaxtdan indiyədək üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmiş və cavabdeh həmin vaxtdan indiyədək bir dəfə də olsun alimentin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azyaşlı qızı özü atasına dəfələrlə zəng edərək ona köməklik etməsini, vəziyyətinin getdikcə ağırlaşdığını, onun verdiyi 120 (bir yüz iyirmi) manat aliment məbləğinin onun müayinə və müalicəsi üçün qətiyyən çatmadığını bildirmişdir. Azyaşlı qızcığaz atasına hər dəfə yalvararaq ona köməklik etməsini istəyirdi. Lakin atası hər dəfə də azyaşlı uşağına söz versə də, onu aldatmış və bu günə kimi özünün doğma qızına 1(bir) manatda olsun əlavə köməklik göstərməmişdir. İddiaçı yaxşı bir ata olub özü qızından soruşub ona hər bir köməklik göstərə bilərdi. Cavabdeh qızının bu gün hansı xəstəlikdən əziyyət çəkdiyini və azyaşlı uşağın yaşamaq üçün mücadilə apardığını çox gözəl bilir. İddiaçı Agro West şirkətində satış müdiri işləyir, yazdığı ərizəsində nə qədər əmək haqqı aldığını göstərmir və ən əsasıda odur ki, iddiaçı həmişə özü onlara demidşdir ki, əksər şirkətlərdə vergilərdən yayınmaq məqsədilə aylıq əmək haqqı az göstərilir və hər ay onlara əlavə olaraq paket (zərf) formasında əmək haqqı ödənilir. İddiaçı özü çox yaxşı bilir ki, onun qızının xəstəliyi elə bir xəstəlikdir ki, hətta ona ayaq üstə çox dayanmaq, çox gəzmək əotiyyən yaramır. Ayaqları şişir, qızarır və gəzməsi mümkün olmur. Özünü yazıq simasına salıb məhkəməni aldatmağa çalışan iddiaçı təxminən 2019-cu ildə özünə şəhərin ən yaxşı və ən bahalı yerində mənzil və bu yaxınlarda Changan "BYD" Seal markalı minik avtomobili almışdır. Göründüyü kimi Şəki Rayon Məhkəməsi alimentin indeksasiya olunmasıyla bağlı düzgün və qərəzsiz araşırma aparmış və obyektiv qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin Cavabdeh məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; 13 fevral 2025-ci il tarixli, DKM/019N05A04223925 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında "xxxx" Bank ASC tərəfindən İddiaçı illik faiz dərəcəsi 13 % olmaqla 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 aprel 2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında 07 aprel 2018-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 58 nömrə ilə qeyd olunmuşdur. Nikaha daxil olduqdan sonra arvada Rəhimova soyadı verilmişdir. Şəki Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22 yanvar 2019-cu il təvəllüdlü X4 atası İddiaçı, anası isə X1r. Şəki Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19 may 2020-ci il təvəllüdlü X6 atası İddiaçı, anası isə X1r. Şəki Rayon Məhkəməsinin 8(075)-174/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərardadından görünür ki, 10 noyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tаrixli, 2(075)-468/2017 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat məbləğində alimentin sonrakı artımlaq nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunmuşdur. Respublika Qan Bankı təfəindən verilmiş 13 avqust 2025-ci il tarixli arayışdan görünür ki, X7 2024-2025-ci il tarixlərdə Respublika Qan Bankının Şəki Bölməsində eritrosit kütlə transfuziya olunub. Respublika Qan Bankı tərəfindən verilmiş 13 avqust 2025-ci il tarixli arayışdan görünür ki, X5 2011-ci il tarixdən Betta talassemiya diaqnozu təsdiqlənib. Ona hər ay mütəmadi olaraq Respublika Qan Bankının Şəki Bölməsində eritrosit kütlə transfuziya olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından 10 noyabr 2009-cu il təvəllüdlü Fidan adlı uşaqları doğulmuşdur. Şəki Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tаrixli, 2(075)-468/2017 saylı qətnaməsinə əsasən azyaşlı Fidanın saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 120 manat alimentin tutulması qət edilişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 8(075)-174/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərardadı ilə 10 noyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tаrixli, 2(075)-468/2017 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat məbləğində alimentin sonrakı artımlaq nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunmuşdur. Hal-hazırda iddiaçı ikinci dəfə nikaha daxil olduğundan və həmin nikahdan iki övladı daha olduğundan, maddi vəziyyəti ilə əlaqədar alimentin miqdarının azaldılmasını xahiş edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə vəziyyətində dəyişiklik olmuş, o, ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan iki övladı doğulmuşdur. Lakin, həmin uşaqlar hal-hazırda hər iki valideynin də himayəsində yaşayır və onların saxlanılması üçün iddiaçı tərəfindən aliment ödənilməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının aliment tutulmayan digər iki azyaşlı övladlarının olması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilə bilməz. Bundan başqa, iddiaçı qətnamənin çıxarıldığı vaxtla müqayisədə hazırda maddi vəziyyətinin əsaslı dərəcədə pisləşməsinə, arvadının xəstə olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Qanun, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin, qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. İş materiallarından müəyyən olunur ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları genetik defekt nəticəsində yaranan irsi qan xəstəliyi olan talessemiya xəstəsidir. Məhkəmə bildirir ki, talassemiya xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı göstərilsə də, onlara ixtisaslaşdırılmış tibbi yardım dövlət tibb müəssisələrində təmin edilsə də, uşağın saxlanılması, müalicəsi və gündəlik tələbatlarının təmin olunması üçün xərclər daha çoxdur, onun sağlam uşaqlara münasibətdə daha çox diqqət və qayğıya (həm maddi, həm də mənəvi) ehtiyacı var. İş üzrə təqdim edilmiş tibbi sənədlərdən göründüyü kimi, uşağın xəstəliyi daimi tibbi nəzarət və xərclər tələb edir. Bu halda alimentin azaldılması uşağın müalicəsinə, sağlamlığına və ümumi yaşayış şəraitinə mənfi təsir göstərəcəkdir. Bununla yanaşı iddiaçı həmçinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya edilməsinin onun maddi vəziyyətinə mənfi təsir etdiyinə əsaslanaraq alimentin azaldılmasını xahiş edir. Məhkəmə bu hala qiymət verərək bildirir ki, alimentin indeksasiya edilməsi qaydası alimentin ödənilməsi zamanı pulun dəyərinin dəyişməsinin aliment alan şəxsin maraqlarına mənfi təsir etməsinin qarşısını alır, aliment alan şəxsin müraciəti olduğu təqdirdə məhkəmə tərəfindən təmin edilir, alimentin indeksasiya edilməsi bir növ qanundan irəli gələn hərəkətdir, beləliklə də, alimentin indeksasiya edilməsi alimentin azaldılması üçün əsas təşkil etmir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində hər hansı dəyişiklik olmaması, eləcə də uşağın mənafeyi nəzərə alınaraq, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatının təmin edilməsi üçün iddia rədd olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar