Məhkəmə qərarları › İş №e-2(075)-2085/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2085/2024

17.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2085/2024 17.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat alimentin tutularaq 08 fevral 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi, Cavabdeh hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat alimentin 08 fevral 2024-cü il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək saxlanılmağı üçün ona verilməsi, hər iki alimentin tutulmasının əvvəlinin hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmə tarixindən hesablanması və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 22 noyabr 2023-cü ildə Şəki regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 08 fevral 2024-cü il tarixdə X3 adlı oğlu anadan olmuşdur. Cavabdehlə əvvəllər səmimi ailə münasibətlərində olsa da, sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. Lakin cavabdeh birgə nikahdan olan övladının saxlanılması üçün ona heç bir maddi yardım etmir. Buna görə də o, nikahın pozulması, uşaq və aliment tələbi ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2024-cü il tarixdə keçirilən mediasiya prosesində aralarında heç bir razılaşma əldə edilməmiş və ona görə də mediator tərəfindən X4n sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib edilmişdir. Ona görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı elektron qaydada ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - 11 iyul 2024-cü il tarixli, AZ-T 279572 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 08 fevral 2024-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. - 12 avqust 2024-cü il tarixli, MŞŞ/MT018/2024-01346 nömrəli X4 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh X4 iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda - iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclər daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, iddiaçının uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqları 08 fevral 2024-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay 180 manat sabit pul məbləğinə aliment tutulmalıdır. Məhkəmə, iddia tələbinin “uşaq 3 yaşına çatanadək 100 manat əlavə xərclərin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Ailə Məcəlləsində ümumi uşaqların doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan, ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla ərdən arvada aliment nəzərdə tutulmuşdur. İddiaçı cavabdehin gəlirləri barədə heç bir sübut təqdim etməmişdir ki, bu da qanunvericiliyin yuxarıda qeyd olunan normaları ilə uyğunluq təşkil etmir. Qeyd edilənlərə əsasən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 08 fevral 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə tərəfindən təyin edilən alimentin bir illik miqdarı 2160 manat olduğundan MPM-in 112.1.3 və 119.2-ci, “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən 41,60 manat dövlət rüsumu cavbdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahdan olan uşaqları - 08 fevral 2024-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment tutulmasının əvvəli 20 avqust 2024-cü il tarixdən hesablansın. İddia tələbi qalan hissəsi təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 41.60 (qırx bir manat altmış qəp) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar