Məhkəmə qərarları › İş №e-2(075)-209/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-209/2025

02.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-209/2025 02.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 1000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh təxminən 14 ildir ki, tanıyır. Yaşadıqları ev yolun kənarında yerləşir. Cavabdeh evin hasar hissəsinə 70 sm aralıda ət dükanı açıb işlədibdir. Həmin tikilinin olduğu torpaq sahəsi atası Kərimov Mustafaya aiddir. Lakin Cavabdeh qeyri-qanuni yollarla bələdiyyədən həmin mağazaya aid qərar alıbdır. Təxminən 1 il əvvəl Məmmədiyyə orada ət yox artıq meyvə mağazası kimi istifadə edir. Həmçinin cavabdeh orada pivə alqı-satqısı ilədə məşğul olur. Həmin tikili üstündə uzun müdətdir ki, aralarında mübahisə var. Məmmədiyyənin həmin mağazasına görə onun evinə bir qədər maddi ziyanlıq dəyibdir. Mağaza tikilisi düzgün deyil deyə, yağış suları yaşadığı evə dolur, evdə nəmişlik yaranır. Bu günə kimi həmin mağaza onlara ziyanlıq vurur. O, xx.xx.2023-cü il tarixdə səs-küyə görə evdən çıxıb getmişdir. Həmin gün təxminən saat 22 radələrində evə qayıdanda, içəri girən zaman Məmmədiyyə və Məhərrəmin yaşadığın evin qapı hissəsində oturduğunu görmüşdür. Bu zaman bacısı Xavər onlara “ 50 dəfə demişəm ki, xarabanın o biri tərəfində oturun, mənim qapısının qarşısında oturmayın” demiş və Xavər içəri girmişdir. İçəridə olan zaman Məmmədiyyə bacısının arxasınca nalayiq ifadələr işlətməyə və onu söyməyə başlamışdır. Bunu eşidəndən sonra evdən çıxaraq Məmmədiyyənin yanına gedərək nə üçün belə söyüşlər söyürsən, ayıb olsun, kimi ifadələr demişdir. Həmçinin ona “ nə zaman buradan rədd olub gedəsiz, bizi rahat yaşamağa qoyasız” deyərək öz narazılığını bildirmişdir. Həmçinin cavabdehin spirtli içki qəbul etdiyini hiss etmiş, ona öz narazılığını söyləyən zaman Məmmədiyyə ayağa qalxaraq şillə ilə onu vurmuşdur. Həmin vaxt bacısı onun yanında idi. Cavabdeh onu vuran kimi o divara çaxılmış, mağazanın qarşısındakı soyuducuya dəymişdir. Həmin vaxt Məmmədiyyə onun qolundan tutaraq divara çırpmışdır. Məmmədiyyə yenədə onun qolundan tutaraq qapıya çırpmışdır. Hadisə vaxtı onları video görüntüyə almaq istəyən zaman Məmmədiyyə onu vurmuş və telefon əlindən yerə düşmüş, telefonu yerdən götürən zaman onu soyuducunu üzərinə doğru itələmişdir. Buna görə də ona qarşı törədilmiş əmələ görə Cavabdeh məsuliyyətə cəlb edilməsi üçün DİNnin 102 xidmətinə zəng edərək, mağaza sahibi tərəfindən döyülməsi barədə məlumat vermişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparlarkən məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert tərəfindən xx.xx.2023-cü il tarixli 263 saylı nömrəli rəy təqdim edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, İddiaçı məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində üst dodağın əzilmiş yarası, sağ bazu, sağ said, sol bud, sağ dizin qançırları xəsarəti aşkar edilmişdir. Həmin xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. Buna görə də Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X5 15 iyul 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması Şəki ŞRPŞ-nın İTBnə həvalə edilmişdir. Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X5 15 iyul 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə də müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində aralarında yaranmış mübahisə zəminində Cavabdeh üst dodağın əzilmiş yarası, sağ bazu, sağ said, sol bud, sağ dizin qançırları xəsarətləri yetirməklə X2 döymüşdür. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o, Cavabdehla xx.xx.2023-cü il tarixində aralarında yaranmış mübahisə zəminində ona xəsarət yetirərərk döydüyündən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin halları: İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, HK-1/948 və HK-1/949 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. X1 və İddiaçı inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Şəki ŞRPŞ-nin İTB-nə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 30 iyun 2023-cü il tarixli, 263 saylı ekspert rəyindən görünür ki, İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: üst dodağın əzilmiş yarası, sağ bazu, sağ said, sol bud, sağ dizin qançırları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd edilən xx.xx.2023-cü il tarixinə uyğundur və sağlanlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-nin 157-ci maddəsinin tələblərini pozaraq, 14 iyun 2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı İddiaçı döydüyü üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 14 iyun 2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı İddiaçı döydüyü üçün İXM-nin 157-ci maddəsinə əsasən barəsində 300 manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh təxminən 14 ildir ki, tanıyır. Yaşadıqları ev yolun kənarında yerləşir. Cavabdeh evin hasar hissəsinə 70 sm aralıda ət dükanı açıb işlədibdir. Həmin tikili üstündə uzun müdətdir ki, aralarında mübahisə var. O, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən döyüldüyünə görə Cavabdeh məsuliyyətə cəlb edilməsi üçün DİN-nin 102 xidmətinə zəng edərək, mağaza sahibi tərəfindən döyülməsi barədə məlumat vermişdir. Şəki ŞRPŞ-də faktla bağlı araşdırma aparılmış cavabdehin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, cavabdehin barəsində İXM-nin 157-ci maddəsinə əsasən 300 manat məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı sağlamlığına zərər dəydiyini əsas gətirərək ona dəymiş mənəvi ziyanla bağlı cavabdehdən 1000 manat pul tələb edir. İddiaçı tələbini əsaslandırdığı hallar kimi iş materiallarına istinad etmiş, iddia ərizəsini müdafiə etmişdir. Cavabdeh iddianı qəbul etməyərək iddiaçını döymədiyini, heç bir şiddət göstərmədiyini əsas gətirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə bütün diqqətəlayiq halları araşdıraraq iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi və prosessual hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmələrə mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutması izah edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 3-cü abzasında mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X4 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Plenumun Qərarının 11-ci bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən döyüldüyü, şiddətə məruz qaldığı üçün mənəvi sarsıntı keçirmiş, cavabdehin hərəkətləri nəticəsində iddiaçının sağlamlığına xəsarət yetirilmiş, psixoloji iztiraba məruz qalmışdır. İddiaçı cavabdeh tərəfindən döyülməsi, döyülmə nəticəsində sağlamlığına xəsarət dəyməsi iş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, habelə 30 iyun 2023-cü il tarixli, 263 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İş materiallarından göründüyü kimi Cavabdeh 14 iyun 2023-cü il tarixdə aralarında yaranmış şəxsi münasibətlər zəminində İddiaçı döydüyü üçün İXM-nin 157-ci maddəsinə əsasən barəsində 300 manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan ekspert rəyinə əsasən İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətləri üst dodağın əzilmiş yarası, sağ bazu, sağ said, sol bud, sağ dizin qançırları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilməmişdir. Şərh olunanlara və işin materiallarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının döyülməsi nəticəsində hüquqları pozulmuş, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmiş, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə iclasıda həm iddiaçı qeyd etdiyinə görə cavabdehin əməlləri onda dərin sarsıdıcı iz buraxmış, psixoloji cəhətdən mənfi təsir etmişdir. Hal-hazırda onun psixoloji müalicələrə ehtiyyacı vardır. Bununla yanaşı, iddiaçı tərəf vurulmuş mənəvi ziyanın miqdarını 1000 manat məbləğində müəyyən etsə də, məhkəmə iclasında məhz həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində keçirdiyi stresslə bağlı olduğunu qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında qeyd edilir ki, “Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən işdə sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını ağlaban məbləğdə, yəni 500 manat məbləğdə müəyyən etməyi məqsədə uyğun hesab edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını sübut etmək isə cavabdeh tərəfin üzərinə düşür. İddiaçı ona 1000 manat məbləğdə mənəvi zərərin dəyməsini sübuta yetirə bilməmişdir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və məhkəmə iclasında tətbiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı alınaraq İddiaçı verilməli, iddia əsaslı olmadığından qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar