Məhkəmə qərarları › İş №e-2(075)-2211/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2211/2022

21.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2211/2022 21.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Cəyirli kəndində yaşayan və qeydiyyatda olan cavabdeh X4 08 oktyabr 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Cavabdeh oglu ilə rəsmi nikah qeyd etdirmədən 15 yaşı tamam olmamışdan qeyri-rəsmi ailə qurmuşdur. Bu səbəbdən cavabdeh X2 Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli hökmünə əsasən CM-nin 152.1-ci maddəsilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, onun bu cəzası şərti hesab edilərək üzərində sınaq müddəti tətbiq edilmişdir. Bildirmişdir ki, onların faktiki ailə münasibətlərində olduqları dövrdə 08 oktyabr 2020-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. X12 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 588105 saylı Doğum Şəhadətnaməsində də 08 oktyabr 2020-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası isə onun özü qeyd edilmişdir. Göstərmişdir ki, o, cavabdehlə bir müddət ər arvad münasibətlərində olsalar da, sonralar bu münasibətləri pozulmuş və ayrılmışlar. Təxminən 6 ay olar ki, o, cavabdehdən ayrılmış və azyaşlı uşağı ilə birlikdə atası evinə getmişdir. Hal-hazırda onların faktiki ailə münasibətlərindən anadan olmuş X8 onun himayəsindədir. Uşağının bütün maddi ehtiyaclarını qarşılayır. Lakin özünün maddi imkanı aşağıdır. Uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdeh isə faktiki ailə münasibətlərindən anadan olmuş uşaqlarının saxlanılması ücün ona heç bir maddi kömək göstərmir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə 2019-cu ildə qeyri-rəsmi qaydada ailə qurmuşdur. O, İddiaçı 15 yaşı tamam olmamışdan onunla ər arvad münasibətlərində olduğu üçün Şəki Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli hökmünə əsasən CM-nin 152.1-ci maddəsilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və bu cəzası şərti olaraq tətbiq edilmişdir. Bildirmişdir ki, onların faktiki ailə münasibətlərindən 08 oktyabr 2020-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Bir müddər iddiaçı ilə səmimi münasibətlərdə yaşasalar da, sonradan, faktiki ailə münasibətləri pozulmuşdur. Təxminən 6 ay olar ki, ayrılmışlar. Halhazırda iddiaçı ilə faktiki ər arvad münasibətlərindən olmuş uşaqları iddiaçının himayəsindədir. Göstərmişdir ki, təsərrüfatda işləməklə qazanc əldə edir. Uşağın saxlanılması üçün hər ay aliment ödəməyə etirazı yoxdur. Öz övladıdır, aliment də ödəməlidir. Aylıq 150-160 manat civarında aliment ödəyə bilər. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 1(075)-20/2020 saylı hökmündən görünür ki, Cavabdeh on altı yaşına çatmayan İddiaçı ilə sonuncunun razılığı ilə cinsi əlaqədə olduğu üçün Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və onun bu cəzası şərti olaraq tətbiq edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 aprel 2021-ci il tarixli, AZ-İV 588105 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 08 oktyabr 2020-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası dır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 sentyabr 2022-ci il tarixli, MŞŞ/1/00823 nömrəli X3 sonra prosesin İddiaçı davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı 16 sentyabr 2022-ci il tarixində, 09:00 – 11:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər X3 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. X5 keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcini İddiaçı ödəmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı 2019-cu ildə nikahlarını rəsmi qaydada qeyd etdirmədən Cavabdeh ilə ailə qurmuşdur. Onların faktiki ailə münasibətlərindən 08 oktyabr 2020-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qismən qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, iddiaçının uşağının saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 08 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini və cavabdehin azyaşlı uşağı üçün hər ay 150-160 manat aliment ödəmək iqtidarında ola bilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 08 oktyabr 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə iddia ərizəsi verdiyi vaxtdan, yəni 05 oktyabr 2022-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 08 oktyabr 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar