Məhkəmə qərarları › İş №e-2(075)-2620/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2620/2024

12.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2620/2024 12.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2017-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 230 manat sabit pul məbləğində cəmi 460 manat alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Əhməd, xx.xx.2021-ci il tarixdə Fərid adlı övladları olmuşdur. İlk vaxtlar mehriban ailə münasiblərində olsa da, son illər münasibətləri kəskin şəkildə pisləşmiş, məcburiyyət qarşısında qalaraq iki az yaşlı uşaqları ilə atası evinə qayıtmışdır. Cavabdeh nəinki uşaqların saxlanılmasına köməklik göstərmir, əksinə heç maraqlanmır. O əvvəl mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina etmiş, mediasiya xərci tərəfimdən ödənilmiş və müvafiq arayış verilmişdir. Yaranmış vəziyyətdə aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə uzun müddətdir ki, ayrı yaşayır. Hesab edir ki, tələbi əsaslıdır və məhkəmə tərəfindən baxılaraq qanuni və ədalətli yekun qərar qəbul ediləcəkdir. İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçı məhkəmə iclasında izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçı elektron qaydada müraciət ünvanlayaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın tam edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2017-ci il tarixli, AZ-İV 015611 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. - 09 aprel 2021-ci il tarixli, AZ-İV 572752 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 fevral 2021-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. - 17 avqust 2016-cı il tarixli, AZ-İİ № 133192 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 33 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. -“Bağbanlar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən Şəki şəhəri “Bağbanlar” məhəlləsi F.Abdurahmanov küçəsi, 23 saylı evdə yaşayır. - 14 oktyabr 2024-cü il tarixli, MŞŞ/MT018/2024-01822 nömrəli X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə, 10:00-11:00 saatlarında keçirilən X2 iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh X2 iştirak etməmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda - iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, iddiaçının uşaqların saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay hər bir uşaq üçün sabit pul məbləğində 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğinə aliment tutulmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Alimentin tutulmasının əvvəli iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə tərəfindən təyin edilən alimentin bir illik miqdarı 4200 manat olduğundan MPM-in 112.1.3 və 119.2-ci, “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən 62 manat dövlət rüsumu cavbdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikah dövründə anadan olmuş uşaqları xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cavabdeh 62 (altmış iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar