Məhkəmə qərarları › İş №e-2(075)-2791/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2791/2025

23.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2791/2025 23.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X2 ölümünə görə ödənilmiş, ümumilikdə 5000 AZN (beş min manat) pulun, bu iddianın verilməsi üçün ödənilmiş 70 AZN (yetmiş manat) dövlət rüsumunun və 0.56 AZN (əlli altı qəpik) xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən sürücülük hüququ və etibarnamə olmadan idarə olunan “Daewoo BS 090” markalı ** XV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X8 vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 065764, 063276 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı “Daewoo BS 090” markalı ** XV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər müddətdə avto-nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən Əhməd Quliyev) xx.xx.2018-ci il tarixli 1(101)-382/2018 saylı hökmündən aydın olur ki, yol nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan, yəni həmin tipli nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan avtomobili idarə edərək yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Həmçinin cavabdeh hadisə baş verdikdən sonra müvafiq orqanlara xəbər vermədən, zərərçəkənə ilkin tibbi yardım göstərilməsini təmin etmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. “İcbari sığortalar haqqında” qanunun 14.2.2-ci maddəsinə əsasən, zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi halında sığorta ödənişi məbləği (5000 AZN) 100 faiz həcmində ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 5000 AZN sığorta ödənişinin 1666.66 AZN hissəsi zərərçəkənin yaxın qohumları olan anası X1 xx.xx.2019-cu il tarixli qəbzə əsasən ödənilmişdir. Sığorta ödənişinin qalan 3333.34 AZN hissəsi isə iş materiallarında olan nikah müqaviləsinə əsasən, zərərçəkənin həyat yoldaşı X4 xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən, ödənilmişdir. Hadisə zamanı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə edildiyinə və sonuncu hadisə yerini tərk etdiyinə görə ona qarşı Subroqasiya hüquqları yaranmışdır. Buna görə də, ödənilmiş 5000 AZN (beş min manat) sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehə pretenziya məktubu göndərilsə də, ödəniş edilməmişdir. Aldıqları məlumata əsasən, hal-hazırda cavabdeh cəzaçəkmə müəssisəsindədir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında barəsində qəbul ediləcək qərarın onun hər ay ödəyə biləcəyi məbləğdə olmasını xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - 063276 nömrəli sığorta aktından görünür ki, Sığorta məbləği 5000 manat olduğundan X3 xx.xx.2017-ci il tarixdə ölümünə görə sığorta ödənişi məbləği 2/3 yəni 3333.34 (üç min üç yüz otuz üç manat otuz dörd qəpik) manat X4 ödənilmişdir. - 065764 nömrəli sığorta aktından görünür ki, Sığorta məbləği 5000 manat olduğundan X3 xx.xx.2017-ci il tarixdə ölümünə görə sığorta ödənişi məbləği 1/3 yəni 1666.66 (bir min altı yüz altmış altı qəpik) manat X1 ödənilmişdir. - 12 yanvar 1989-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X6 05 oktyabr 1988-ci il tarixdə doğulmuşdur. - xx.xx.2019-cu il tarixli kredit köçürülməsi barədə ödəniş sənədindən görünür ki, X1 1666.66 manat ödəniş həyata keçirilmişdir. - xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, X5 3333 manat ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, O-AS- 20242061 saylı bildirişdən görünür ki, Cavabdeh 5000 manat sığorta ödənişini 10 iş günü ərzində könüllü ödəməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-382/2018 saylı, xx.xx.2018-ci il tarixli Hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 6.4 maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılmış və Cavabdeh qəti olaraq 05 müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 14 sentyabr 2017-ci il tarixdə, saat 17:11 radələrində Cavabdeh piyadanı vurmaq yol-nəqliyyat hadisəsini törətmişdir. - 3 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin 22 sentyabr 2017-ci il tarixli, AZ-İ 900761 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. - Quba rayon Qeydiyyat şöbəsinin 26 avqust 2015-ci il tarixli, AZ-İİ 220571 saylı nikah haqqında şəhadətnaməsindən görünür ki, X10 ilə X6 arasında bağlanmış nikah 217 nömrə ilə akt qeydləri kitabına qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əskərov”, arvada “Əskərova” soyadı verilmişdir. - İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılmasından görünür ki, hazırda icbari avtoməsuliyyət sığortası müqaviləsi qüvvədədir. - Şəki Rayon Məhkəməsinin 7(075)-236/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Cavabdeh cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilmişdir. - xx.xx.2025-ci il tarixi ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün 70 manat dövlət rüsumu, 0.56 manat bank xidməti xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Daewoo BS 090” markalı ** XV *** dövlət qeydiyyat nişanlı "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək sığortalanmış nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X8 vəfat etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-382/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC ödədiyi məbləğin geri qaytarılmasını xahiş edir. Cavabdeh, iddiaya etiraz etmir, lakin məbləği aylar üzrə ödəyə biləcəyini bildirir. Subroqasiya hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində leqal anlayış verilmişdir. Belə ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində X2 ölümünə görə ödənilmiş 5000 (beş min) manat həcmində pul vəsaiti "xxxx" ASC tərəfindən X2 ölümünə görə ödənildiyindən, cavabdeh sürücülük hüququ olmadan nəqliyyat vasitəsindən idarə etdiyindən, iddiaçı təşkilatın Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 5000 manat məbləğində vurulmuş zərər tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi və 0.56 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində vurulmuş zərər, 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.56 (əlli altı qəpik) manat xidmət haqqı olmaqla, cəmi 5070.56 (beş min yetmiş manat əlli altı qəpik) manat pul vəsaiti alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar