Məhkəmə qərarları › İş №e-2(075)-294/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-294/2024

16.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-294/2024 16.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat alimentin tutularaq 15 sentyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi, alimentin tutulmasının əvvəlinin iddia ərizəsi ilə məhkəməyə müraciət edilmə tarixindən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi ailə qurmuşdur. Birgə nikahlarından onların 15 sentyabr 2021-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə əvvəllər səmimi ailə münasibətlərində olsalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. Lakin cavabdeh birgə nikahdan olan övladlarının saxlanılması üçün ona heç bir maddi yardım etmir. Buna görə də o, alimet tələbi ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmək məcburiyyətində qalmışdır. 16 noyabr 2023-cü il tarixdə keçirilən mediasiya prosesində aralarında heç bir razılaşma əldə edilmədi və ona görə də mediator tərəfindən X3 X6 etdirilə bilməməsi barədə arayış tərtib edildi. Ona görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişdir. Lakin İddiaçı 07 dekabr 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə qeyri rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə ailə münasibətlərindən 15 sentyabr 2021-ci il təvəllüdlü X4 anadan olmuşdur. İddiaçı ilə ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Onlar ayrıldıqdan sonra birgə münasibətlərindən olan uşaqlarının saxlanılması üçün hər ay iddiaçıya 100 manat məbləğdə pul vəsaiti vermişdir. Bildirmişdir ki, iddiaçı 4 aydır ki, uşağı ona göstərmir. Halhazırda o, iki ailəyə baxır. Qardaşı vəfat etmişdir. Mərhum qardaşının uşaqlarına da o baxır. Onun maddi imkanı hər ay 100 manat məbləğdə aliment ödəməyə çatır. Artıq məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 oktyabr 2021-ci il tarixli, AZ-İV 651558 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 15 sentyabr 2021-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 noyabr 2023-cü il tarixli, MŞŞ/MT018/2023-02722 nömrəli X3 X6 Etdirilə Bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh 16 noyabr 2023-cü il tarixində, 11:00-13:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər X3 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini İddiaçı ödəmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah qeyd etdirmədən ailə qurmuşlar. Onların birgə ailə münasibətlərindən 15 sentyabr 2021-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda iddiaçı uşaqların saxlanılmasında çətinlik çəlkdiyini bildirərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə maddi imkanının aşağı olduğunu bildirərək iddianı qismən qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılmaları üçün zəruri tələbatı, iddiaçının uşaqlarnın saxlanılmaları üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 15 sentyabr 2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 15 sentyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə iddia ərizəsi verdiyi vaxtdan, yəni 17 noyabr 2023-cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 15 sentyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 17 noyabr 2023-cü il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 41,60 (qırx bir manat, altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar