Məhkəmə qərarları › İş №e-2(075)-316/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-316/2024

10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-316/2024 10.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cinayət əməli nəticəsində sağlamlığının bərpası üçün çəkdiyi 5.000 (beş min) manat xərcin, əldən çıxmış faydaya görə 15.000 (on beş min) manat, mənəvi zərərin kompensasiya edilməsi üçün 10.000 (on min) manat, istintaq və məhkəmədə vəkilə ödədiyi 1200 (bir min iki yüz) manatın, hazırkı iddianın verilməsi üçün ödənilmiş 183,6 (bir yüz səksən üç manat, altmış qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 31.383,6 (otuz bir min üç yüz səksən üç manat altmış qəpik) manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh ona ağır xəsarət yetirdiyinə görə Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, mülki Cavabdeh maddi və mənəvi ziyanın onun xeyrinə tutulmasına dair mülki iddiası isə baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 1(107)- 354/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-92/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli, 1(102)-597/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 1(107)-354/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MTE və PA ETT X3 Şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 604 nömrəli rəyi ilə onun almış olduğu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bir ədəd qarın boşluğuna nüfuz edən, böyük piyliyin zədələnməsi ilə daxili qanaxmaya səbəb olan deşilmiş-kəsilmiş yarası və bir ədəd döş qəfəsinin sol yarısından döş boşluğuna nüfuz edən hemopnevmotoraksa səbəb olan deşilmiş-kəsilmiş yarası xəsarətləri olmaqla, cəmi iki ədəd, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid olan bir ədəd sol sağrı nahiyyəsinin deşilmişkəsilmiş yarası xəsarəti olmaqla, cəmi bir ədəd, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol bazunun və sağ budun dəri tamlığını pozmayan səthi kəsilmiş yara xəsarətləri olmaqla, cəmi iki ədəd, ümumilikdə beş bıçaq xəsatəti yetirmiş, xəsarətlər xx.xx.2021-ci il tarixə uyğun gəlməklə, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olmuşdur. Xəstəxanaya qəbul edilərkən ona vurulmuş xəsarətlə əlaqədar “sol qoltuqaltı, sağ qarın nahiyəsinin bıçaqlanmış yarası” diaqnozu qoyulmuşdur. Cərrahiyə şöbəsinə yerləşdirildikdən sonra təkrar müayinə aparılaraq “qarının sağ tərəfində ön divarının açıq yarası, döş qəfəsin sol tərəfində sol sağrı nahiyyəsində deşilmiş yara, sol tərəfli hemopnevmotorks, travmatik hemopertoneum” diaqnozu qoyulmaqla əməliyyat olunmuşdur. Aldığı xəsarətlərə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 16 gün Şəki Rayon Mərkəzi Xəstəxanasında stasionar qaydada, xx.xx.2022-ci il tarixdən başlayaraq uzun müddət həmin xəstəxanada ambulator qaydada müalicə almışdır. Stasionar və ambulator müalicə üçün tibbi xidmət və dərman sərfinə görə 5.000 (beş min) manat, uzun müddət ağrılar səbəbindən avtomobil idarə edə bilməməyi səbəbindən 15.000 (on beş min) manat qazancından (əldən çıxmış fayda) qalmış, zərərçəkmiş kimi istintaqda və məhkəmədə müdafiə olunmaq üçün müdafiəçiyə 1200 (bir min iki yüz) manat pul ödəməklə maddi zərər çəkmişdir. Bundan başqa təqsirləndirilən şəxsin yetirdiyi xəsarətlər onun fiziki əzab çəkməyi ilə bərabər, həm də onun və ailə üzvlərinin ciddi mənəvi sarsıntı keçirməyinə səbəb olduğundan həmin mənəvi sarsıntının kompensasiya edilməsi üçün cavabdehdən 10.000 (on min) manat tutulub ona ödənilməlidir. Cinayət mühakimə icraatında mülki iddiaçı yalnız cinayət əməlinin törədilməsi ilə və ya həmin əməlin nəticəsində maddi ziyan çəkən və bunun əsasında ziyanın ödənilməsi tələbi ilə hüquq mühafizə orqanlarına yazılı iddia ilə müraciət edən fiziki və ya hüquqi şəxsdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı həmin iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində ona qarşı 10.000 manat, yenidən Şəki Apellyasiya Məhkəməsində 15.000 manat tələb etmişdir. Hər instansiya məhkəməsi hakimləri həmin tələbi əsassız olduğu üçün təmin etməmişdir. İddiaçı Ali Məhkəməyə Cinayət Məcəlləsinin 29, 120-ci maddəsinə tövsif edilməsinə dair kassasiya şikayəti vermiş, həmin şikayət təmin edilməmişdir. Bundan sonra yeni pul məbləği ilə 31.383,6 manat iddia qaldırmışdır. Hər üç məhkəmədə hakimlər tərəfindən pul iddiasının sübutsuz və əsassız olduğu nəzərə alınaraq təmin edilməmişdir. İddiaçının ərizəyə əlavə etdiyi qoşma sənədləri (xəstəlik arayışları( qanuna müvafiq qaydada yoxlanılmasını, həmin sənədləri verən qurumlara yenidən sorğu göndərilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onlar 17 nömrəli tam orta məktəbin bufetini götürüb işlətmək üçün razılıq əldə etmişdilər. Cavabdehin təqsirli hərəkətləri nəticəsində oğlu da işdən çıxarılmışdır. İki ildən çoxdur ki, həyat yoldaşı işləmir. Bildirmişdir ki, o, özünə məxsus ford avtomobili ilə il boyu bazara yük daşımışdır. Bufeti götürüb işlətməsi ilə bağlı rəsmi müqaviləsi yoxdur. Göstərmişdir ki, mənəvi zərər onların baş vermiş hadisəni yaşamalarıdır. Onların evləri eyni yoldadır. Cavabdeh tərəfindən onlara təzyiq olunur. Cavabdeh ona fiziki zərər yetirdiyinə görə 16 gün xəstəxanada qalmışdır. Ona hər gün 22 – 23 sayda sistem köçürülmüşdür. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır. O yalnız müəyyən vaxtlarda bazara meyvə daşımışdır. Qaldırılmış olan iddianın heç bir əsası yoxdur. İddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(102)- 597/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs Cavabdeh 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə dair verilmiş apellyasiya və kassasiya şikayətləri və protesti təmin edilməmişdir. - xx.xx.2022-ci il tarixli, 48 nömrəli arayışdan görünür ki, İddiaçı vəkil X2 ilə bağladığı xx.xx.2021-ci il tarixli, 525 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 900 manat ödəniş etmişdir. - xx.xx.2022-ci il tarixli, 49 nömrəli arayışdan görünür ki, İddiaçı vəkil X2 ilə bağladığı xx.xx.2022-ci il tarixli, 661 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 300 manat ödəniş etmişdir. - xx.xx.2023-cü il tarixli, PHŞ-6-71/2-465/2023 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində, saat 20:10 radələrində “Şəki Rayon Mərkəzi Xəstəxanası” X4 Təcili yardım bölməsinə daxil olmuş, növbətçi həkim tərəfindən müayinə olunmuş, “Sol qoltuqaltı, sağ qarın nahiyyəsinin bıçaqlanmış yarası” diaqnozu qoyulmuşdur. Xəstənin vəziyyətinin ağırlığı nəzərə alınaraq saat 21:00 radələrində cərrahiyyə şöbəsinə yerləşdirilmişdir. Şöbənin ümumi cərrah həkimi Rəfael Abdullayev tərəfindən təkrar müayinə olunaraq “Qarnın sağ tərəfində ön divarının açıq yarası, döş qəfəsinin sol tərəfində sol sağrı nahiyyəsində deşilmiş yara, sol tərəfli hemopnevmotoraks, travmatik hemopertoneum” diaqnozları ilə “Laparotomiya, hematomanın təmizlənməsi, piyliyin tikilməsi, qarın boşluğunun sanasiya və drenaj olunması, sol tərəfli pnevral boşluğun drenaj olunması” ilə əməliyyat olunmuşdur. Xəstəyə müalicə tədbirləri görülmüş, xx.xx.2021-ci il tarixində, saat 12:00 radələrində yaxşılaşma ilə evə buraxılmışdır. Xəstəyə göstərilmiş tibbi xidmətin tarifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il 5 №-li Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” Əlavənin 2.6.546-cı “Digər laparatomiya növləri yarımbəndinə uyğun olaraq 700 manat və 2.6.228ci “Drenaj üçün interkostal kateterin taxılması” yarımbəndinə uyğun olaraq 100 manat təşkil edir. Yatış zamanı, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf xidmətn tarifinə daxildir. - Şəki RMX X4 xx.xx.2024-cü il tarixli, 18-1-71/2-632/2024 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində, saat 20:10 radələrində “Şəki Rayon Mərkəzi Xəstəxanası” X4 Təcili yardım bölməsinə daxil olmuş, növbətçi həkim tərəfindən müayinə olunmuş, “Sol qoltuqaltı, sağ qarın nahiyyəsinin bıçaqlanmış yarası” diaqnozu qoyulmuşdur. Xəstənin vəziyyətinin ağırlığı nəzərə alınaraq saat 21:00 radələrində cərrahiyyə şöbəsinə yerləşdirilmişdir. Şöbənin ümumi cərrah həkimi Rəfael Abdullayev tərəfindən təkrar müayinə olunaraq “Qarnın sağ tərəfində ön divarının açıq yarası, döş qəfəsinin sol tərəfində sol sağrı nahiyyəsində deşilmiş yara, sol tərəfli hemopnevmotoraks, travmatik hemopertoneum” diaqnozları ilə “Laparotomiya, hematomanın təmizlənməsi, piyliyin tikilməsi, qarın boşluğunun sanasiya və drenaj olunması, sol tərəfli pnevral boşluğun drenaj olunması” ilə əməliyyat olunmuşdur. Xəstəyə müalicə tədbirləri görülmüş, xx.xx.2021-ci il tarixində, saat 12:00 radələrində yaxşılaşma ilə evə buraxılmışdır. Xəstəyə göstərilmiş tibbi xidmətin tarifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il 5№-li Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” Əlavənin 2.6.546-cı “Digər laparatomiya növləri yarımbəndinə uyğun olaraq 700 manat və 2.6.228ci “Drenaj üçün interkostal kateterin taxılması” yarımbəndinə uyğun olaraq 100 manat təşkil edir. Yatış zamanı, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf xidmətn tarifinə daxildir. Xəstəxanadan buraxıldıqdan sonrakı dövr üzrə müalicə və dərman preparatlarına sərf olunan məbləğin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərf”inə daxil olmadığı üçün məbləğ haqqında məlumatın verilməsi mümkün deyildir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, x/o68/2024 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixində klinikada laborator müayinələrdən keçmiş, göstərilən tibbi xidmətlər üzrə xəzinəyə 93 manat vəsait ödənilmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 12 saylı məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-yə məxsus hər-hansı ticarət obyekti İddiaçı və onun qardaşı tərəfindən icarəyə götürülməmiş və "xxxx" ASC-də İddiaçı qardaşına məxsus ticarət obyektinə meyvətərəvəz daşıması ilə bağlı məlumat mövcud deyil. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Şəki şəhər 17 nömrəli tam orta məktəb tərəfindən iddiaçıya ünvanlanmış 20 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, siz həqiqətən xx.xx.2021-ci il tarixdə bu sahədə təcrübənizi nəzərə alaraq məktəbin şagird yeməkxanasında münasib işlə təmin olunmağınız üçün məktəbə müraciət etmişiniz. Məktəb rəhbərliyi tərəfindən müraciətinizə baxılmış, bu sahədə təcrübəniz olduğu nəzərə alınaraq, qanunvericiliyin tələbləri sizə izah edilmiş, tələb olunan sənədlər haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, tələb olunan sənədləri hazırlayıb təqdim edəcəyiniz təqdirdə münasib işlə təmin olunmağınız məsələsinə baxılacaqdır. - xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 183,60 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Mülki Prosessual Məcəllənin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı yetirdiyi xəsarətlər nəticəsində o, Azərbaycan Respublikası Cinayət Məcələsinin 126.2.3 və 126.2.4-cü maaələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı bildirir ki, onun aldığı xəsarətlər nəticəsində o, öz işindən və qazancından məhrum olmuş, sağlamlığının bərpası üçün xərclər çəkmiş, yeni başlamaq istədiyi işə başlaya bilməmiş, həmçinin öz hüquqlarının müdafiəsi üçün vəkilə ödənişlər eləmiş və cavabdehin ona yetirdiyi xəsarətlər nəticəsində mənəvi zərər çəkmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmir və iddianın təmin edilməməsini xahiş edir. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə ilkin olaraq iddia tələbinin sağlamlığının bərpası üçün çəkdiyi xərcin əvəzi olaraq 5000 manat xərcin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən sağlamlığının bərpa edilməsi üçün göstərilən məbləğdə xərc çəkməsinə dair sübutlar təqdim edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, x/o68/2024 saylı məktubunda İddiaçı xx.xx.2021-ci il tarixdə klinikada laborator müayinələrdən keçdiyi, göstərilən tibbi xidmətlər üzrə xəzinəyə 93 manat vəsait ödənildiyi qeyd edilmişdir. Bundan əlavə məhkəmənin sorğusuna əsasən iddiaçının “Şəki Rayon Mərkəzi Xəstəxanası” X4də müalicə olunması ilə bağlı xərclərin dövlət hesabına həyata keçirilməsi qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən 93 manatın tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 15.000 (on beş min) manatın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin bu hissəsinə dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçının tələblərinin dəqiqləşdirilməsi üçün "xxxx" ASC-yə sorğu göndərilmiş, sorğuya cavab olaraq "xxxx" ASC-yə məxsus hər-hansı ticarət obyektinin İddiaçı və onun qardaşı tərəfindən icarəyə götürülmədiyi və "xxxx" ASC-də İddiaçı qardaşına məxsus ticarət obyektinə meyvə-tərəvəz daşıması ilə bağlı məlumat mövcud olmadığı qeyd edilmişdir. Bundan əlavə 17 nömrəli orta məktəbdə şagird bufetinin iddiaçı tərəfindən işlədilməsinə dair iddiaçının qeyd etdikləri də öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin həmin hissəsinə dair hər hansı sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin iddiaçının vəkilə ödədiyi 1200 (bir min iki yüz) manatın tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə müvafiq sübutlar, pulun ödənilməsini təsdiq edən sənədlər təqdim edildiyindən həmin hissədə iddia tələbi təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, mənəvi zərərin tutulması hissəsində iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, yuxarıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən iddiaçının sağlamlığına zərər zərər vurulması tam təsdiq olunur. Bundan başqa cavabdehin hərəkətlərinə görə iddiaçının sağlamlığında əlavə problemlər yaranmış, bununla bağlı müəyyən müddət fiziki ağrılara məruz qalmış, xəstəxanada stasionar müalicə olunmuş, əməliyyat keçirmiş və nəticədə iddiaçının həyatının adi axarının gedişi dəyişmişdir. Ümumi həyat təcrübəsinə görə isə qeyd olunan hallarda mənəvi sarsıntının keçirilməsi mübahisəsizdir. Lakin məhkəmə hesab edir ki, bu hissədə də iddia qismən təmin edilməlidir. Belə ki, qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi 3000 manat ağlabatan məbləğ kimi müəyyənləşdirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 62,93 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçının sağlamlığının bərpası üçün çəkdiyi 93 (doxsan üç) manat, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat, vəkilə ödədiyi 1200 (bir min iki yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 62.93 (altmış iki manat, doxsan üç qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar