Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-341/2025 06.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı X2 Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun faktiki olaraq himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları 29 oktyabr 2012-ci il təvəllüdlü X3 və 30 dekabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq ödədiyim 60 (altmış) manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mən Cavabdeh ilə nikahlarını 15 yanvar 2013-cü il tarixdə Şəki şəhər İHB-nin Baş Göynük kənd İcra Nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların 29 oktyabr 2012-ci il təvəllüdlü X8 və 30 dekabr 2016-cı il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə onun münasibətləri uyğun gəlmədiyinə görə onlar ayrılmış və uzun müddətdir ki, uşaqları ilə birlikdə Cavabdeh ayrı yaşayır. Həmçinin, uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün alimentin ödənilməsi ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət edilmiş və Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən 03 dekabr 2024-cü il tarixli arayış verilmişdir. Lakin, aralarında olan mübahisənin mediasiya prosessində həll edilməsi mümkün olmamışdır. Cavabdeh uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ona hər hansı bir şəkildə köməklik göstərmir. Buna görə də Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı X7 və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Şəki şəhər İHB-nin Baş Göynük kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 15 yanvar 2015-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 15 yanvar 2015-ci il tarixdə nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Saatov”, arvada “Saatova” soyadı verilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-02097 nömrəli arayışdan görünür ki, X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə qızı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 mart 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 oktyabr 2016-cı il təvəllüdlü X1 atası Cavabdeh, anası isə X4r. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 yanvar 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 29 oktyabr 2012-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə X4r. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Konstitusiyasının; 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun; 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmənin mövqeyi; İşdə mövcud olan sənədləri araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı X7 ilə Cavabdeh 15 yanvar 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 29 oktyabr 2012-ci il təvəllüdlü X8 və 30 oktyabr 2016-cı il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. İddiaçı cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi yaşamışlar. Lakin sonradan aralarında səmimi münasibətlər pozulmuşdur. Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hər ay hər bir uşaq üçün 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, həm 2025-ci il üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, hər ay hər bir uşaq üçün 300 (üç yüz) manat olmaqla, 600 (altı yüz) manat alimentin tutulması ilə bağlı iddia tələbi cavabdehin zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyindən qismən təmin edilməli və uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq, 29 oktyabr 2012-ci il təvəllüdlü X8 və 30 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq X5 verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. İş materiallarından görünür ki, X7 aliment tələbi barədə ərizəsi ilə 04 dekabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti ərizənin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan 60 (altmış) manat mediasiya xərci hər iki tərəfdən müştərək qaydada tutulmalıdır. Bunun üçün mediasiya xərci olan 60 (altmış) manat pulun 30 (otuz) manatı Cavabdeh tutularaq iddiaçı X5 ödənilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 68 (altmış səkkiz manat) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 29 oktyabr 2012-ci il təvəllüdlü X8 və 30 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq X5 verilsin. Aliment tutulmasının əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Məhkəmə xərcinə daxil olan 60 (altmış) manat mediasiya xərcinin 30 (otuz) manatı Cavabdeh tutularaq iddiaçı X5 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 68 (altmış səkkiz manat) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-341/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-341/2025
06.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver