Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-501/2022 25.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətində olan torpaq sahəsi ilə bağlı pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında Şəki şəhər 1 saylı Notariat Kontorunda bağlanmış 10 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 29 oktyabr 2011-ci il tarixdə verilmiş MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Şəki şəhər 1 sayl Notariat Kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 19 iyun 2013-cü il tarixli alqısatqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 16 iyul 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələbləri rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi qaytarılır. Həmçinin həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə də iddia ərizəsi qaytarılır.Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi iddiaçının tələbi qiymətləndirilməyən iddialar kateqoriyasına aiddir. Buna görə də iddiaçı qeyd edilən iddia ərizəsi üzrə 10 manat deyil, 100 manat dövlət rüsumu ödəməlidir. Bundan başqa məlumdur ki, məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə dəqiq və aydın göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Göründüyü kimi iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını da iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, iddiaçı;
1. Onunla Cavabdeh1 arasında Şəki şəhər 1 saylı Notariat Kontorunda bağlanmış 10 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsini;
2. həmin müqavilə əsasında Cavabdeh1 adına 29 oktyabr 2011-ci il tarixdə verilmiş MA seriyalı ******* nömrəli çıxarışı;
3. Şəki şəhər 1 sayl Notariat Kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 19 iyun 2013-cü il tarixli alqı-satqı müqaviləsini;
4. avabdeh Cavabdeh2 adına 16 iyul 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışı əlavə etməmişdir. Lakin mülki prosessual qanunvericilik iddiaçı tərəfindən onun öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını iddia ərizəsinə əlavə edilməsini imperativ şəkildə göstərmişdir. Həmçinin iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilməməsi ilə bağlı halları əks etdirən sübutunu iddia ərizəsində göstərməmişdir. Belə ki, MPM-nin 150.3-cü maddəsinə görə iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı iddianın forma və məzmununa riayət etməmiş və qanunvericiliyə müvafiq olaraq dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmişdir. Buna görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və İddiaçı göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 265-269cu maddələrini rəhbər tutaraq, Qərara aldım:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətində olan torpaq sahəsi ilə bağlı pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıa qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Cahid İmanov