Məhkəmə qərarları › İş №e-2(075)-69/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-69/2025

16.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-69/2025 16.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Şəki rayonu İcra və Probasiya şöbəsinin e126579/2024-20-24 saylı Qərarının icrası ilə bağlı, iş üzrə cavabdeh Şəki RMX PHŞ-nin, məcburi işburaxma ilə bağlı ona ödəniləcək əmək haqqının, hazırkı ştat vahidlərinə ödənilən əmək haqqı məbləğində hesablanması ilə, qanunun tələblərinə uyğun, məcburi işburaxma müddətində, hər günə 1% ödəncin əlavə edilməsilə hesablanması və həmin hesablamaya məzuniyyət pulunun da əlavə edilməsi və iş üzrə onun, cavabdeh Şəki RMX PHŞ-nin xx.xx.2022-ci il tarixli, 1624 saylı əmrinin də rol aldığı, “şəkərli diabet” xəstəliyinə tutulmağına görə mənəvi təzminatın ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1035/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə onun iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nə qarşı “işdən azad olunma haqda verilmiş xx.xx.2022-ci il tarixli, 1624 saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsilə, işə bərpa olunma”ya dair qaldırdığı iddiasının qismən təmin edilməsi, cavabdeh Şəki RMX PHŞ-in xx.xx.2022-ci il tarixli, 1624 saylı əmrinin, ona aid işdən azad olunma hissəsində ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə, Şəki RMX PHŞ-nin Hemodializ şöbəsinə 0,5 ştatla Həkim-Nefroloq vəzifəsinə bərpa edilməyi, iddianın işdən azad olunma barədə verilmiş xx.xx.2022-ci il tarixli, 1624 saylı əmrin qalan hissəsinin ləğv və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin tutulması hissəsində təmin edilməməsi qət edilmiş və həmin Qətnamədən iş üzrə cavabdehin kassasiya şikayəti əsasında, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-686/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, kassasiya şikayəti rədd edilmiş və xx.xx.2023-cü il tarixli 2(107)-1035/2023 saylı Şəki Apellyasiya Məhkəməsi MK-nın qətnaməsi qüvvəsində saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi (hakim: E.Mehdiyev) xx.xx.2024-cü il tarixdə, iş üzrə 2(107)-1035/2023 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsi tərtib etmiş, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin e126579/2024-20-24 saylı iş üzrə qərar qəbul etmiş və Şəki RMX PHŞ-n iş üzrə, onun Şəki RMX PHŞ-nin Hemodializ şöbəsinə 0,5 ştatla Həkim-Nefroloq vəzifəsinə bərpa edilməyinə dair əmr vermiş, ancaq ona ödəməli olduğu məcburi işburaxma müddəti üçün əmək haqqını düzgün hesablamamışdır. Belə ki, məcburi işburaxma ilə bağlı, “orta aylıq əmək haqqı” hesablanaraq, ümumi işburaxma müddəti üçün 14094,08 manat (əmək haqqının ümumi məbləği) pul hesablanmışdır ki, qeyd edilən hesaba qarşı etirazına rəğmən, iş üzrə cavabdehin başqa hesabın olmayacağını bildirməsi ilə, həmin hesablamanı düzgün hesab etmir. Hazırda, Şəki RMX PHŞ-nin Hemodializ şöbəsində, 0,5 ştatla, 13-cü dərəcə Həkim-Nefroloq vəzifəsi üzrə əmək haqqı, 836 manat təşkil edir ki, iş üzrə cavabdeh, hesabı qeyd edilən məbləğ üzrə aparmamışdır. Belə ki, iş üzrə işburaxma müddəti 19 ay 8 gündür ki, bu müddət üçün, sırf ödənilməmiş əməkhaqqının ümumi məbləği, hazırkı əmək haqqına uyğun 16107 manat təşkil edir. Şəki rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixində verdiyi, “Xəstəlik Tarixi”ndən çıxarışa əsasən, o, 2023-cü ilin axırlarında, “şəkərli diabet” xəstəliyinə tutulmuşdur ki, bu xəstəliyin yaranmasında, iş üzrə cavabdeh Şəki RMX PHŞ-nin, onunla əlaqədar, işdən azad olunmağına dair qanuna zidd olaraq qəbul etdiyi, xx.xx.2022-ci il tarixli, 1624 saylı əmrinin böyük rolu var. Belə ki, həmin əmr onun əsəb stressi keçirməyinə, depressiyaya düşməyinə səbəb olmuşdur ki, nəticədə “şəkərli diabet” tapmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Şəki rayon İcra və Probasiya şöbəsinin e126579/2024-20-24 saylı qərarının icrası ilə bağlı, cavabdeh Şəki RMX PHŞ-nın məcburi işburaxma ilə bağlı ona ödəniləcək əmək haqqının və məzuniyyət pulunun, hazırki ştat vahidlərinə ödənilən əmək haqqı və məzuniyyət pulu məbləğində hesablanması ilə qanunun tələblərinə uyğun məcburi işburaxma müddətində hər günə 1% ödəncin əlavə edilməsilə hesablanması və iş üzrə onun cavabdeh Şəki RMX PHŞ-nın xx.xx.2022-ci il tarixli, 1624 saylı əmrinin də tol aldığı, “şəkərli diabet” xəstəliyinə tutulmağına görə, cavabdeh Şəki RMX PHŞ-nən ona 2000 (iki min) manat məbləğində mənəvi təzminatın ödəməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Şəki rayonu İcra və Probasiya şöbəsinin e126579/2024-20-24 saylı qərarının icrası ilə bağlı, iş üzrə cavabdeh Şəki RMX PHŞ-nın məcburi işburaxma ilə bağlı ona ödəniləcək əmək haqqının, hər gecikdirilən gün üçün 1%-nin, Azərbaycan Respublikasının ƏN-nin, MEM-nin, məhkəmə-mühasibatlıq ekspertizasının, iş üzrə xx.xx.2025-ci il tarixli, 9/2724 saylı rəyinə uyğun, yəni 39.883,29 (otuz doqquz min səkkiz yüz səksən üç manat iyirmi doqquz qəpik) manat məbləğində hesablanması və həmin məbləğə xx.xx.2024-cü il tarixdən indiyədək, yəni 1 il 6 ay müddətinə, Azərbaycan Milli Bankının 5%-lik uçot dərəcəsinə uyğun, yəni 2991,24 manatın əlavə edilməsi ilə ümumilikdə 42874,53 manatın, iş üzrə onun cavabdeh Şəki RMX PHŞ-nın xx.xx.2024-cü il tarixli, 1624 saylı əmrinin də rol aldığı, “şəkərli diabet” xəstəliyinə tutulmağına görə, cavabdehdən 10000 manat mənəvi təzminat alınaraq ona ödənilməsi və iş üzrə ödənilmiş dövlət rüsumu 249 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞŞ/MT018/2023-00385 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası ilə bağlı 50 manat İddiaçı tərəfindən Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına ödənilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1035/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, e-2(075)-843/2023 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı iddianın rədd edilmiş “işdən azad olunma barədə verilmiş 08 sentyabr 2022-ci il tarixli, 1724 saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutulması” hissəsində yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanasına pubik hüquqi şəxsə qarşı işdən çıxma barədə əmrin ləğvi və işə bərpaya dair iddiasının qismən təmin edilməsi, cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 08 sentyabr 2022-ci il tarixli, 1624 saylı əmrinin İddiaçı işdən azad olunması hissəsində ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Hemodializ şöbəsində 0,5 ştatla həkim nefroloq vəzifəsinə bərpa edilməsi, iddia tələbinin işdən azad olunma barədə verilmiş 08 sentyabr 2022-ci il tarixli, 1624 saylı əmrin qalan hissəsinin ləğv edilməsi və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin tutulması hissəsində təmin edilməməsi qət edilmişdir. - Şəki Rayon Mərkəzi Xəstəxanasının 08 may 2024-cü il tarixli, 18-1-71/3-1-891/2024 saylı əmrdən çıxarışından görünür ki, Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsn Cərrahiyyə şöbəsinin həkim-uroloqu İddiaçı 0,5 ştat vahidi əvəzçilikdən azad edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 1624 saylı əmri ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Hemodializ şöbəsinə əvəz etdiyi vakant həkim-nefroloq vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2724 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspertiza təyini haqqında qərarda ekspert qarşısında qoyulan suala cavab olaraq bildirilir ki, iş materiallarına əlavə edilmiş əmək haqqının hesablanması barədə cədvəl məlumatlarından göründüyü kimi, Şəki RMX PHŞ-i tərəfindən İddiaçı ödənilməli olan pul vəsaiti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş hər gün üçün 1% gecikmə məbləği hesablanmaqla ümumilikdə 39.883,29 manat məbləğində müəyyən edilir. - xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 150 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Əmək Məcəllənin: 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair 11 aprel 2023-cü il tarixli qərarının nəticə hissəsində qeyd edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Mülki Məcəllənin: 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Şəxsiyyət hüquqlarının müdafiəsihaqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli 20 nömrəli qərarının: 9.1.1.Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 9.1.2.Mənəvi zərərin kompensasiyası tələbləri üzrə şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə əksi sübuta yetirilməyincə mənəvi zərərin mövcudluğu prezumpsiyasını yaradır. Bu zaman sübutetmə yükünün həcmi baxımından şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə halı ilə müqavilə öhdəliklərinin və əmlak hüquqlarının pozulması halları arasında fərqin olması nəzərə alınmalıdır. 9.1.3. Belə ki, mənəvi zərərin kompensasiyası tələbləri üzrə şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə halında bu əməlin mövcudluğunun sübuta yetirilməsi həmin şəxsi mənəvi zərərə məruz qalması üzrə sübutetmə yükündən azad edir. Məsələn, iddiaçının barəsində təhqiredici ifadələrin yayılması faktının təsdiq olunması, iddiaçının mənəvi zərərə məruz qalması (cavabdeh tərəfindən əksi sübuta yetirilməyincə) qənaətinə gəlməyə əsas təşkil edəcəkdir. 9.1.4. Müqavilə öhdəliklərinin pozulması və əmlak hüquqlarına hüquqazidd müdaxilə halında isə şəxs hüquqazidd əməlin mövcudluğu ilə yanaşı, həmin əməlin onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyini də sübuta yetirməlidir. Məsələn, podrat müqaviləsi üzrə bərpaya verilmiş rəsm əsərinin məhv olması nəticəsində mənəvi zərərin kompensasiyasını tələb edən sifarişçi podratçının müqavilə öhdəliklərini pozması faktı ilə yanaşı, bu pozuntu nəticəsində onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləni də sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş haları ondan ibarətdir ki, İddiaçı “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində həkim vəzifəsində çalışır. Cavabdeh tərəfindən onun işdən azad olunması barədə 08 sentyabr 2022-ci il tarixli əmr verilmiş, iddiaçı tərəfindən həmin əmr mübahisələndirilmiş və ləğv edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı yenidən işə bərpa edilmişdir. İddia tələbinin bir hissəsi ondan ibarətdir ki, iddiaçı işdən azad olunduğu vaxtdan bərpa olunduğu vaxtadək əmək məcəlləsinə uyğun olaraq əmək haqqının bir faizi məbləğində ödənişin verilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli qərarından da görünür ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilmişdir. Belə olan halda iddiaçının göstərilən dövr üzrə əmək haqqının bir faizi məbləğində ödənişin verilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərəfindən qeyd edilən dövr üzrə məbləğin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş hər gün üçün 1% gecikmə məbləği hesablanmaqla ümumilikdə 39.883,29 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 39.883,29 (otuz doqquz min səkkiz yüz səksən üç manat iyirmi doqquz qəpik) manat məbləğin tutlması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixdən indiyədək, yəni 1 il 6 ay müddətinə, Azərbaycan Milli Bankının 5%-lik uçot dərəcəsinə uyğun, yəni 2991,24 manatın tutulması hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin məzmunundan da göründüyü kimi, Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. İşin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi, iddiaçı ona ödənilməli olan əmək haqqının gecikdirilməsi səbəbindən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən hər gün üçün 1 faiz ödəncin verilməsini xahiş etmişdir. Yəni iddia tələbinin təmin edilən 39.883,29 manat hissəsi pulun ödənilməsinin gecikdirilməsi səbəbindən təmin edilmişdir. 2991,24 manat məbləğin tələb edilməsini isə məhkəmə əsassız hesab edir və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin cavabdehdən 10000 manat mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd edir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli 20 nömrəli qərarına istinadən iddiaçının uzun müddət işə bərpa olunması məqsədilə məhkəmə proseslərinin keçirlməsi, həmin müddətdə işini itirməsi, uzun vaxtdan sonra yenidən işə bərpa edilməsi ona mənəvi zərərin vurulmasını istisna etmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 1000 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 212,65 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən 39.883,29 (otuz doqquz min səkkiz yüz səksən üç manat iyirmi doqquz qəpik) manat məbləğ, 1000 (min) manat mənəvi zərərin əvəzi və 212,65 (iki yüz on iki manat altmış beş qəpik) manat ödnilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar