Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-891/2022 19.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh: Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 noyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay 200 manat sabit pul məbləğində aliment tutulması, 2015-ci ildən 2022-ci il tarixədək hər ay üçün 150 manat olmaqla cəmi 12600 manat, 2022-ci ilin yanvar və fevral ayları üçün 200 manat olmaqla 400 manat aliment borcunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin dəqiqləşməsinə dair ərizə təqdim edərək, 22 noyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutulması, 2015-ci ildən 2022-ci il tarixədək hər ay üçün 150 manat olmaqla cəmi 12600 manat, 2022-ci ilin yanvar və fevral ayları üçün 200 manat olmaqla 400 manat aliment borcunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Cavabdeh ilə nikahlarını 19 noyabr 2008-ci il tarixdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şorsu kəndindəki nümayəndəliyində rəsmiləşdirməklə, ailə qurmuşlar. Birgə nikahdan 22 noyabr 2011-ci il tarixdə Səma adlı övladları olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonralar münasibətləri pisləşməyə balamışdır. Cavabdehlə faktiki olaraq 05 fevral 2015-ci il tarixdən ayrılmış və həmin tarixdən uşaqla birlikdə ata evində yaşamışdır. Cavabdehlə aralarında olan nikah Şəki Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(075)-198/2017 nömrəli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulanda o, cavabdehdən aliment tələb etməmişdir. Düşünmüşdür ki, Cavabdehla barışıb ailələrini bərpa edərlər. Bildirmişdir ki, 2021-ci ilin aprel ayında qaynanası onun və azyaşlı uşağını evlərinə çağırmış beş ay qaynanasıgildə birlikdə qalmışlar. Beş aydan sonra onları yenidən evdən çıxarmışlar. Ona görə də artıq 2021-ci ilin aprel ayından birgə nikahlarından olan uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etmək qərarına gəlmişdir. Ancaq bu zaman cavabdehə aliment tələbi ilə bağlı hər hansı məktub göndərməmişdir. Bildirmişdir ki, cavabdehlə faktiki olaraq ayrıldıqları 2015-ci il tarixdən bəri cavabdeh birgə nikahdan olan uşaqları ilə maraqlanmamış, onun saxlanılması üçün hər hansı maddi yardım etməmişdir. Uşaq onun himayəsində olmuş, onun bütün xərclərini özü tək başına çəkmişdir. Hazırda o, uşağı ilə birlikdə valideynlərinin himayəsinə sığınmışdır. O, heç bir yerdə işləmir heç yerdən gəliri yoxdur. Uşağın ehtiyaclarını qarşılamağa maddi vəziyyəti imkan vermir. Bildirmişdir ki, alimentin alınması tələbi ilə bağlı mediatora müraciət etmiş, lakin mübahisənin həlli mediasiya prosesində mümkün olmamışdır. Bununla bağlı 14.02.2022-ci il tarixli № 2021-MŞİH-13755 saylı arayış verilmişdir. Cavabdehdən 2015-ci ildən hesablanmaqla 2022-ci ilədək hər 150 manat olmaqla cəmi 12600 manat, 2022-ci ildən hər ay 200 manat olmaqla, 400 manat və hər ay uşağın saxlanılması üçün 200 manat alimentin tutularaq ona ödənilməsini istəyir. Əlavə olaraq göstərmişdir ki, Cavabdehla barışaraq bir ailə kimi yamasını düşündüyündən keçən müddət ərzində heç vaxt ondan aliment tələb etməmişdir. Ümumiyyətlə keçən bu müddət ərzində cavabdehlə heç vaxt əlaqə saxlamamış, telefonla da olsa danışmamış, ondan azyaşlı qızı üçün aliment tələb etməmişdir. Çünki barışacaqlarını zənn etmişdir. Cavabdeh RF-na gedib-gəlir, yaxşı qazancı olur. Şəki şəhərində bir neçə evi vardır. Cavabdeh özü öz təşəbbüsü ilə qızı ilə maraqlanmamış, ona hər hansı maddi dəstək göstərməmişdir. Cavabdeh onu aldadaraq onunla barışmadığından faktiki ayrıldıqları vaxtdan aliment tələb etmək qərarına gəlmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil izahat verərək göstərmişdir ki, iddiaçı X3 ilə Cavabdeh 19 noyabr 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan 22 noyabr 2011-ci il tarixdə Səma adlı övladları olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonralar münasibətləri pisləşməyə balamışdır. Bildirmişdir ki, iddiaçı cavabdehdən faktiki olaraq 2015-ci ildən ayrılmış, birgə nikahdan olan uşaqları ilə birlikdə atası evində yaşamışdır. Bu müddət ərzində iddiaçı cavabdehdən aliment tələb etməmişdir. Bildirmişdir ki, qanunvericiliyində tələblərindən göründüyü kimi iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edər sə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Lakin iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Buna görə də iddiaçının əvvəlki illərə münasibətdə aliment tələb etməsini əsassız hesab edir. Göstərmişdir ki, cavabdeh RF-na gedib-gəlir və fərdi əməklə məşğul olur. İddianı qismən qəbul edirlər. Düşünür ki, cavabdeh hər ay 130-140 manat sabit pul məbləğində aliment ödəyə bilər. Həmçinin hesab etmişdir ki, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Qanuna müvafiq qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(075)-198/2017 nömrəli qətnaməsindən çıxarışdan görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 19 noyabr 2008-ci il tarixli, 19 nömrəli nikah pozulmuş və azyaşlı Səma anasının himayəsində saxlanılmışdır. Həmin qətnamə üzrə uşaq üçün aliment müəyyən edilməmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 dekabr 2021-ci il tarixli, AZ-İİ 798313 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22 noyabr 2011-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(075)-198/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 19 noyabr 2008-ci il tarixli, 19 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan 22 noyabr 2011-ci il tarixdə anadan olmuş uşaqları X6 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 fevral 2022-ci il tarixli, 2021-MŞİH-13755 nömrəli X4 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 14 fevral 2022-ci il tarixdə, 09:00-11:00 saatlarında keçirilməsi nəzərdə tutulan X4 iştirak etdi ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh X4 iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının iddia ərizəsi, cavabdehin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Şəki Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(075)-198/2017 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 19 noyabr 2008-ci il tarixdə bağlanmış 19 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 22 noyabr 2011-ci il təvəllüdlü X6 anası İddiaçı himayəsində və yanında saxlanılması qət edilmişdir. Nikah pozularkən uşağın saxlanılması üçün aliment müəyyən edilməmişdir. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qismən qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşağın saxlanılmaları üçün zəruri tələbatı, iddiaçının uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 22 noyabr 2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçının tələbindən də göründüyü kimi iddianın bir hissəsi iddiaçını cavabdehdən faktiki olaraq ayrıldığı 2015-ci ildən 2022-ci il tarixədək hər ay üçün 150 manat olmaqla cəmi 12600 manat, 2022-ci ilin yanvar və fevral ayları üçün 200 manat olmaqla 400 manat alimentin alınaraq iddiaçıya verilməsindən ibarətdir. İddianın qeyd olunan hissəsinin hüquqi əsasını Ailə Məcəlləsinin 100-cü maddəsi təşkil edir. Belə ki, həmin Məcəllənin 100.3-cü maddəsinin tələblərinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə iclası zamanı iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməməsi nəticəsində alimentin alınmadığı müəyyən edilməmişdir. Buna görə də məhkəmə iddianı qeyd edilən hissədə əsaslı hesab etməmişdir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 22 noyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 28 mart 2022-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 22 noyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 28 mart 2022-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-891/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-891/2022
19.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver