Məhkəmə qərarları › İş №e-2(075)-977/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-977/2025

13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-977/2025 13.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İlk iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların birgə nikahdan anadan olan uşaqları 04 sentyabr 2019-cu il təvəllüdlü X2 və 07 iyun 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh İddiaçı ilə 10 noyabr 2021-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində № 853 nömrə ilə qeydə alınmış nikahlarının barışıq üçün vaxt verilmədən pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 10 noyabr 2021-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahından 04 sentyabr 2019-cu il tarixdə Mədinə və 07 iyun 2023-cü il tarixdə İbrahim adlı uşaqları anadan olmuşdur. Onlar bir müddət birlikdə yaşasa da, artıq cavabdehlə birlikdə yaşamağı mümkün deyil. Buna görə mediasiyaya müraciət etmişdir. Mediasiya sessiyasında olmuş və alimentlə bağlı razılığa gələ bilməmişlər. Ancaq uşaqların onun yanında qalması ilə bağlı aralarında barışıq sazişi bağlanmışdır. Qeyd etdikləri səbəbli aliment tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eyni zamanda qanunda göstərildiyi kimi uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment almaq hüququ var. Buna görə də uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh tərəfindən ona alimentin ödənilməsini də tələb edir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə 10 noyabr 2021-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində nikahımızı rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 04 sentyabr 2019-cu il tarixdə X5 və 07 iyun 2023- cü il tarixdə X9 oğlu adlı iki övladı anadan olmuşdur. Artıq bir bir neçə aydır ki, münasibətləri pozulmuşdur. Dəfələrlə aralarında mübahisələr olmuş və artıq birgə yaşamağı mümkün deyil. Bir neçə aydır ki, faktiki ayrı yaşayırlar. Artıq nikahları formal xarakter daşıyır və münasibətlərinin bərpası mümkün deyil. Ona görə də birgə nikahda yaşamağı qeyri-mümkün hala gəlmişdir. Aralarında olan münasibətlər kəskinləşdiyindən ailəsinin bərpası mümkün deyil. Ona görə də nikahlarının saxlanılması qeyri-mümkündür. Ona görə də cavabdeh ona qarşı “aliment” tələbi ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, o da həmçinin “nikahın pozulması” tələbi ilə Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. 14 fevral 2025-ci il tarixdə mediasiya prosesində iştirak etmiş və aralarında olan nikahın yəni onun cavabdeh İddiaçı ilə 10 noyabr 2021 -ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında barışmaları üçün vaxt verilmədən pozulması, birgə nikahlarından olan övladları 04 sentyabr 2019-cu il təvəllüdlü X2 və 07 iyun 2023-cü il təvəllüdlü X3 anaları İddiaçı himayəsində və yanında saxlanılması barədə aralarında 14 fevral 2025-ci il tarixli № MŞŞ/MT-018/2025-00120 nömrəli Barışıq sazişi imzalanmışdır. Həmçinin nikahın pozulması məhkəmənin səlahiyyətinə aid olduğundan 14 fevral 2025-cı il tarixdə Mediasiya prosesinə xitam verilməsi haqqında protokol tərtib edilmişdir. Bundan sonra isə İddiaçı aliment” tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də o, hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İlk iddia tələbi üzrə Cavabdeh etiraz ərizəsi göndərmiş və onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək birgə nikahdan anadan olan uşaqları 04 sentyabr 2019-cu il təvəllüdlü X2 və 07 iyun 2023-cü ıl təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iki xəstəlikdən xəstəlikdən əziyyət çəkir. Belə ki, onda anadan gəlmə “astiqmatizm” xəstəliyi mövcuddur. Hazırda İİ qrup əlildir və ona əlillik dərəcəsi təyin edilərkən “Astiqmatizm, Arxa qütbün və ləkənin degenerasiyası. Anopsiya nəticəsində ambliopiya Ağırlaşma Binokulyar, ağır görmə pozğunluğu, Binokulyar, ağır görmə pozğunluğu. VisOD=0.04 korreksiya ilə 0.08 (yüzdə yeddi), VisOS=0.05 korreksiya ilə 0.08 (yüzdə səkkiz)” diaqnozu qoyulmuşdur. Bundan əlavə artıq uzun zamandır ki, ağır dərəcədə “şəkərli diabet” xəstəliyindən əziyyət çəkir. Hamıya məlumdur ki, indiki dövrdə “şəkərli diabet” xəstəliyi dünya səviyyəsində geniş miqyas almış və buna görə də X6 (DST) 1992-ci ildə şəkərli diabet xəstəliyini qeyrıinfeksion epidemiya kimi qiymətləndirmişdir. Buna görə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəkərli diabet xəstələrinə dövlət qayğısı gücləndirilmiş və bu qayğının hüquqi bazasının formalaşdırılmasının nəticəsi olaraq “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilmiş, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 iyun 2005-ci il tarixli, № 101 nömrəli Qərarı ilə “Şəkərli diabet üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Xəstəliklə bağlı hər ay mütəmadi olaraq müxtəlif dərmanlar qəbul edir ki, həmin dərmanlar da kifayət qədər bahalıdır. Buna görə də maddi vəziyyəti olduqca ağırdır. İddiaçı da yaxşı bilir ki, o, ağır xəstəliklərdən əziyyət çəkir və maddi imkanı da yaxşı deyil. Lakin buna baxmayaraq valideynlərinin təkidi ilə ondan kifayət qədər yüksək aliment tələb edir. Halbuki, iddiaçının atası məktəb direktoru olmaqla şagirdlərə “Heydər Əliyevin əlillərə qayğısını aşılamaq, Heydər Əliyevin əlillərə qayğı göstərilməsi barədə göstərişlərinə uyğun yaşamaq əvəzinə, Heydər Əliyevin əlillərə qayğısını bildiyi halda Heydər Əliyev əlillərlə bağlı siyasətinə qəsdən, bilərəkdən və məqsədli şəkildə qarşı çıxaraq qızından əlilə qarşı belə bir qanunsuz və əsassız iddia qaldırmağı tələb edir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 34cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 -ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 76 1 -ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1 -ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimum haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən olunmuşdur. Qanunvericilikdən də aydın göründüyü kimi uşaqlara baxmaq hər iki valideyinin borcudur və Azərbaycan Respublikası gender bərabərliyinə təminat verir. Deməli istər ata istərsə də ana uşaqlar qarşısında bərabər vəzifələr daşımaqla uşaqların saxlanılması onlar arasında tam bərabər bğlünməlidir. Halbuki, iddiaçı uşağın saxlanılması üçün dövlət tərəfindən müəyyən edilmiş xərclərin tamamını mənim üzərimə almaq istəyir. Halbuki, iddiaçının fiziki imkanları ondan daha yüksəkdir. Belə ki, o tam sağlamdır və heç bir xəstəlikdən əziyyət çəkmir, o isə anadangəlmə xəstədir və xəstəliyi həddən artıq ağır olduğundan ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan əlavə ağır formada “şəkərli diabet” xəstəliyindən də əziyyət çəkir. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası Qanunun 1 -ci maddəsinə əsasən bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrıseçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 6-cı maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür. Həmin Qanunun 18-ci maddəsinə əsasən bu Qanunun müddəalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı, onu qeyd etmək olar ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. İddiaçı ona qarşı “aliment” tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ilk iddia tələbi üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Elektron qaydada müraciət ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək ilk iddia tələbinin qismən təmin edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 10 noyabr 2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Cavabdeh arasında 10 noyabr 2021-ci il tarixdə Şəki regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 853 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Cəlilova soyadı verilmişdir. - Şəki regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 19 yanvar 2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04 sentyabr 2019-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. - Şəki regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 19 iyun 2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 07 iyun 2023-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. - Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 14 fevral 2025-ci il tarixli, MŞŞ/MT- 018/2024-00120 saylı barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh aralarında 11 noyabr 2021-ci il tarixdə Şəki regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına razıdırlar. İddiaçı və Cavabdeh birgə nikahdan anadan olmuş uşaqları – 04 sentyabr 2019-cu il təvəllüdlü X2 və 07 iyun 2023-cü il təvəllüdlü X3 anaları İddiaçı himayəsində və yanında saxlanılmasına hər iki valideyn İddiaçı və Cavabdeh razıdırlar. - Mediasiya Prosesinə xitam verilməsi haqqında 14 fevral 2025-ci il tarixli, MŞŞ/MT- 018/2024-00120 saylı protokoldan görünür ki, tərəflər arasında mediasiya prosesinin keçirilməsi ilə bağlı ilkin mediasiya sessiyası üçün 50 manat və tam mediasiya sessiyası üçün 130 manat olmaqla, ümumilikdə 180 manat mediasiya xərcinin 120 manatı İddiaçı, 60 manat isə Cavabdeh tərəfindən Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına ödəmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi xx.xx.2025-ci il tarixli elektron sistemdən çıxarışından görünür ki, Cavabdeh ikinci dərəcəli əlillik təyin edilmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 21.2-ci maddəsinə əsasən ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Konstitusiyasının; 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun; 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun; 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh ilə 10 noyabr 2021-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahından 04 sentyabr 2019-cu il tarixdə Mədinə və 07 iyun 2023-cü il tarixdə İbrahim adlı uşaqları anadan olmuşdur. İddiaçı bildirir ki, cavabdehlə əvvəllər səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulmuş və ayrılmaq qərarına gəlmişlər. Mediasiya mərhələsində bağladıqları barışıq sazişi ilə hər iki tərəf nikahın məhkəmə qaydasında pozulmasına, birgə nikahdan olan uşaqlarının anasının himayəsində saxlanılmasına razı olduqlarını bildirmişlər. Hər iki tərəf nikahın pozulmasına razı olduqlarından, məhkəmə hesab edir ki, nikahın pozulması barədə qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə İddiaçı və Cavabdeh aralarında 11 noyabr 2021-ci il tarixdə Şəki regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində bağlanmış nikahın məhkəmə qaydasında pozulması, İddiaçı və Cavabdeh birgə nikahdan anadan olmuş uşaqları – 04 sentyabr 2019-cu il təvəllüdlü X2 və 07 iyun 2023-cü il təvəllüdlü X3 anaları İddiaçı himayəsində və yanında saxlanılması barədə razılaşmalarının uşaqların hüququnu pozmadığını düşünərək hesab edir ki, həmin saziş nəzərə alınmalıdır. Məhkəmə aliment məbləğinin həcmini, ilk iddia tələbi üzrə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Belə olan halda, məhkəmə, qeyd edilənləri, 2025-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulmasının əvvəli ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, ilk iddia tələbi üzrə Cavabdeh 58,4 (əlli səkkiz manat qırx qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olması da izah edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Tərəflərin birgə nikahdan olan uşaqları 04 sentyabr 2019-cu il təvəllüdlü X5 və 07 iyun 2023-cü il təvəllüdlü X1 üçün ilk iddia tələbi üzrə Cavabdeh hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutularaq ilk iddia tələbi üzrə İddiaçı ödənilsin. Aliment tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İlk iddia tələbi üzrə Cavabdeh 58,4 (əlli səkkiz manat qırx qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında 10 noyabr 2021-ci il tarixdə Şəki regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində bağlanmış 853 nömrəli nikah pozulsun. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 14 fevral 2025-ci il tarixli, MŞŞ/MT- 018/2024-00120 saylı barışıq sazişinə əsasən İddiaçı və Cavabdeh aralarında 11 noyabr 2021-ci il tarixdə Şəki regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində bağlanmış nikahın məhkəmə qaydasında pozulması, İddiaçı və Cavabdeh birgə nikahdan anadan olmuş uşaqları – 04 sentyabr 2019-cu il təvəllüdlü X2 və 07 iyun 2023-cü il təvəllüdlü X3 anaları İddiaçı himayəsində və yanında saxlanılması barədə razılaşma nəzərə alınsın. Tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar