Məhkəmə qərarları › İş №e-2(076)-1952/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1952/2024

27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1952/2024 27.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hesabından onun nəfinə cavabdehlə birgə nikahlarında doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 üçün 235 (iki yüz otuz beş) manat məbləğində alimentin, eyni zamanda 55 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2020-ci ildə faktiki ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 adlı uşağı doğulmuşdur. Cavabdehlə öz istəyi ilə ailə qurmuşdur. Münasibətləri çox az müddət normal olmuş və sonradan pozulmuşdur. Hazırda cavabdehlə faktiki olaraq ayrı yaşayır. Birgə faktiki nikahlarından doğulmuş uşaq onun himayəsində yaşayır. Cavabdeh uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir. Halbuki, o, fərdi əməklə məşğul olur. Bu səbəbdən qazancı sabit deyil. İstəyir ki, cavabdeh hər ay bir uşağın saxlanması üçün 235 (iki yüz otuz beş) manat sabit pul formasında aliment ödəsin. O cavabdehə mediasiya təklifi göndərmiş, uşağa maddi yardım göstərməsini xahiş etmişdir. Lakin o, könüllü olaraq uşağa maddi yardım göstərməkdən imtina etdi. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə iddianı müdafiə etmişlər, əlavə olaraq bildirmişlər ki, hazırda bir neçə həftə olar ki, birgə nikahdan doğulmuş uşaq xx.xx.2021-ci il təvəəllüdlü Məhəmməd cavabdehin yanındadır və uşağı verməkdən imtina edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə 2020-ci ildə faktiki ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 adlı uşaq olmuşdur. İddiaçı ilə aralarında olan narazılığa görə ayrılmışlar və Məhəmməd adlı uşağı onun himayəsində qalmışdır. Həmçinin bildirir ki, iddiaçı ilə aralarında mübahisə var və uşağı anasına vermək istəmir. Məhkəmə izahatları dinləyərək, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 991 nömrəli X4 tərəfindən verilmiş arayışdan görünür ki, X3 xx.xx.2021-ci ildə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞG/MT007/2024-00571 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024cü il tarixə saat 14:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2020-ci ildə faktiki ailə qurmuşlar. Onlar birgə yaşadıqları dövrdə bir uşaqları xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflərin arasında narazılıq baş vermiş, İddiaçı və Cavabdeh ayrılmışdır. Hazırda xx.xx.2021-ci il təvəllüdlü X3 cavabdehin yanındadır, onun tərəfindən bütün ehtiyacları ödənilir, tərəflər arasında uşaqla bağlı mübahisə vardır. Həmin faktın təsdiqi tərəflərin izahatında öz əksini tapmışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərək, faktiki olaraq onun yanında olmayan uşaq üçün aliment tələb etmişdir. Lakin baxış iclasında məlum oldu ki, faktiki olaraq Məhəmməd adlı usaq fasiləsiz atasının evində daimi yaşayır və Cavabdeh uşağının bütün maddi ehtiyaclarını ödəmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tələbi təmin olunmamalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli 8–2/2016 nömrəli Qərarının 8.14–cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Hazırki mülk işdə mənafelərinin qorunması ehtiyacında olan Məhəmməd adlı uşaq cavabdehin himayəsində olmaqla, cavabdeh tərəfindən könüllü olaraq uşaq üçün zəruri hesab edilən bütün ehtiyaclar qarşılanır. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşadıqları dövrdə doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 atası Cavabdeh himayəsində olduğundan, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar