Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2121/2024 09.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddaçı: İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və cavabdehdən uşağın müalicəsi üçün əlavə xərcin alınması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və cavabdehdən uşağın müalicəsi üçün əlavə xərcin alınması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 04 sentyabr 2020–ci il tarixdə doğulmuş Gülyanaq adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin, həmin uşağın müalicəsi üçün əlavə xərc qismində 4.000 manat pulun, habelə ödənilmiş 50 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə xx.xx.2018–ci il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan 04 sentyabr 2020–ci il tarixdə Gülyanaq adlı uşaqları doğulmuş və cavabdeh uşağa münasibətdə atalığını müəyyən etdirmişdir. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar, ayrıldıqdan sonra uşağı onun yanında qalmışdır. Mövcud vəziyyətdə azyaşlı uşağının saxlanmasında tək başına çətinlik çəkir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşaq böyüdükcə onun tələbatları da artır və maddi imkanı olmadığından uşağın tələbatlarını qarşılaya bilmir. Uşağın geyimi və qidalanması ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Cavabdehin maddi imkanı yaxşı olsa da, ayrıldıqları vaxtdan etibarən uşaq üçün heç bir maddi yardım göstərmir. Həmçinin, azyaşlı uşağı bud–çanaq çıxığı xəstəliyindən əziyyət çəkir, əgər vaxtında əməliyyat olunmasa uşaqda şikəstlik yaranacaqdır. Uşağın bir ayağı əməliyyat olunsa da, hazırda digər ayağı da əməliyyat olunmalıdır. Həmin əməliyyata isə 4.000 manat pul lazımdır. Bu səbəbdən cavabdehin uşağın müalicəsi üçün əlavə xərclərə də cəlb olunmasını istəyir. Odur ki, iddianın təmin edilərək, 04 sentyabr 2020–ci il tarixdə doğulmuş Gülyanaq adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin, həmin uşağın müalicəsi üçün əlavə xərc qismində 4.000 manat pulun, habelə ödənilmiş 50 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verədək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə xx.xx.2018–ci il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan 04 sentyabr 2020–ci il tarixdə Gülyanaq adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən ayrılmışlar, ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşaq iddiaçının yanında qalmışdır. İddiaçının tələb etdiyi kimi onun hər ay 235 manat aliment, əlavə olaraq 4.000 manat müalicə xərci ödəmək üçün maddi imkanı yoxdur. Belə ki, özü İİİ qrup əlildir və heç yerdə işləmir. Bununla belə uşağının tələbatlarını qarşılamaqdan boyun qaçırmır. Uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80–100 manat aliment ödəyə bilər. Həmçinin, uşağın müalicəsi üçün 1.000 manat pul ödəyə bilər. Bundan başqa qeyd edir ki, uşağın ilk əməliyyat xərcinə də özü 2.300 manat xərc çəkmiş, heç kim ona maddi yardım göstərməmişdir. Odur ki, izahatında göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 04 sentyabr 2020–ci il tarixdə Gülyanaq adlı uşaqları doğulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2018–ci il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan 04 sentyabr 2020–ci il tarixdə Gülyanaq adlı uşaqları doğulmuş və cavabdeh uşağa münasibətdə atalığını müəyyən etdirmişdir. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaq ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmŞərmin maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Tələbin xəstə uşaq üçün əlavə vəsait tutulması hissəsinə gəldikdə isə məhkəmə tərəflərin yuxarıda təsvir olunan maddi və əmlak vəziyyəti və digər əhəmiyyətli hallar baxımından hesab edir ki, iddiaçı xəstə uşağı üçün əlavə vəsait tələb etməkdə qismən haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1–ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.3–cü maddəsində göstərilmişdir ki, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İşin hallarından görünür ki, iddiaçının yanında qalmış uşaq “bud–çanaq çıxığı” xəstəliyindən əziyyət çəkir. Həmin hal məhkəmə iclası zamanı cavabdeh tərəfindən də etiraf edilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, cavabdehdən tutulması olan əlavə xərcin məbləği 1.150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində, həmçinin məhkəmə iclası zamanı verdiyi izahatında uşağın bir ayağının əməliyyatına 2.300 manat xərc çəkməsini bildirmiş, iddiaçı isə həmin halı mübahisələndirməmiş və onunla razılaşmışdır. Nəzərə alınsa ki, mövcud qanunvericilik uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsini hər iki valideynin vəzifəsi hesab etmişdir, belə olan halda, uşağın birinci əməliyyatına çəkilmiş xərcin yarısının, yəni 1.150 manat məbləğində pulun cavabdehdən alınması işin hallarına, habelə tərəflərin mənafelərinə daha çox uyğundur. Odur ki, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, uşağın xəstəliyinin xarakterini və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının yanında qalmış Gülyanaq adlı uşağın müalicəsi üçün əlavə olaraq 1.150 manat məbləğində pulun alınması daha əsaslı və qanunidir Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə həmçinin, iddianın “ödənilmiş 50 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması” hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5–ci maddəsinə əsasən mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13 may 2024–cü il tarixdən başlayaraq, 04 sentyabr 2020–ci il tarixdə doğulmuş Gülyanaq adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və uşağın müalicəsi üçün birdəfəlik 1.150 (bir min yüz əlli) manat əlavə pul vəsaiti tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 40,4 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına, 50 (əlli) manat mediasiya xidmət haqqı tutulub İddiaçı ödənilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(076)-2121/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2121/2024
09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver