Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3556/2024 07.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adlı uşağın xəstəliyi ilə bağlı çəkmiş olduğu 2500 (iki min beş yüz) manat müalicə və nəqliyyat xərclərinin ödənilməsinə görə pulun, 55 manat mediasiya xərcinin, 45 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2006-cı ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü Aybəniz adlı uşaqları olmuşdur. Aralarında olan narazılığa görə, cavabdehlə rəsmi qaydada boşanmışlar. Uşaq iddiaçının himayəsində yaşayır. Şəmkir rayon Məhkəməsinin qətnaməsi ilə 03 iyul 2007-ci ildə doğulmuş Aybəniz adlı uşağın saxlanması üçün hər ay bir uşaq üçün cavabdehin hesabından onun nəfinə 190 manat sabit pul məbləğində aliment müəyyən olunmuşdur. Lakin, iddiaçı hesab edir ki, həmin məbləğ bugün üçün yetərli deyil. Belə ki, uşaq böyüyüb xərcləri çoxalıb. Eyni zamanda da uşaq xəstədir və onun müalicəyə ehtiyacı vardır. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği uşağın müalicə xərclərini ödəmir. Belə ki, uşağın çəpgözlük əməliyyatı üçün 1105 manat, oftalmoloji əməliyyat üçün isə 95 manat, 60 manat diaqnoz üçün, analizlər və sair üçün ümumilikdə 2500(iki min beş yüz) manat ödəniş etmişdir. Cavabdeh isə uşağın müalicə xərclərini ödəməkdə köməklik göstərmir. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İstəyir ki, məhkəmə uşağın müalicə xərclərinin ödənilməsi üçün cavabdeh tərəfindən əlavə vəsait tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 963118 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Valideynləri qrafasında atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş qəbzləri və çek fakturadan görünür ki, X1 müayinəsi üçün 60 manat və 95 manat, çəpgözlük əməliyyatı üçün 1105 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞG/MT007/2023-00043 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə, uşağın xəstəliyi ilə bağlı cavabdehin əlavə xərclərə cəlb olunması hissəsini araşdıraraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. İş materiallarına əlavə edilmiş müayinələrin, reseptlərin və qəbzlərin surətindən görünür ki, tərəflərin birgə nikahından olan uşaqları Aybəniz adlı uşaq çəpgözlük əməliyyatı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Tərəflərin birgə nikahından doğulmuş uşağın müayinə və əməliyyatı üçün məhkəmədə iddia qaldırılana qədər 1260 manat vəsait xərclənməsi məhkəməyə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Buna görə də cavabdeh müalicə xərcinin ödənilməsinə cəlb olunmalıdır. Məhkəmə, əlavə xərc qismində birdəfəlik 1260 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan, iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. X6 Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. X6 Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “X6” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iddianın qiyməti 1260 manat olduğundan (dövlət rüsumu 32,6 manat), mediasiya sessiyasında 50 manat xərc iddiaçı tərəfindən ödənildiyindən məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1260 manat pul və 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-3556/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3556/2024
07.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver